Peyvənd bizi 100 faiz qorumayacaq – TƏBİB-in departament rəhbəri

“İlkin mərhələdə seçim imkanları məhdud olsa da, gələcəkdə vaksin namizədlərin sayı artacaq. Vətəndaşın yaşadığı ölkədə aparılan vaksinasiyada hər hansı digər vaksindən istifadəsi gələcəkdə mümkün olacaq. Əsas vətəndaşlarımızın sağlamlığının qorunması üçün düzgün vaksinasiyanın aparılmasıdır. CoronaVac-dan sonra digər vaksinlərin də fayda-risk nisbətləri (keyfiyyəti, effektivliyi və təhlükəsizliyi nəzərə alınmaqla) qiymətləndirilərək ölkəyə gətirilə bilər”.

Bu barədə TƏBİB-in Dərman və Tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycanda ilkin mərhələdə vaksin olunanların qeydiyyatı elektron şəkildə aparılacaq. Lakin sonradan ehtiyac yaranacağı təqdirdə vaksin vurulması haqqında təsdiqedici sənəd vətəndaşlara təqdim olunacaq. Departament rəhbəri söyləyib ki, hər bir ölkə vaksin seçimində sərbəstdir:

“Avropa Dərman Agentliyinin bu barədə rəsmi qərarı yoxdur. Bu cür məsələlərə hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən baxılır və ÜST bu cür vaksinasiya pasportunun tələb olunmasının hazırda düzgün olmaması qənayətindədir. Belə ki, ölkələr fərqli vaksinlər tətbiq etdiklərindən və onların yeni olmaları nəzərə alındıqda bu məsələ aktual hesab edilmir. Hazırkı vəziyyətdə xarici ölkələrə səfərlər zamanı əsas analiz nəticələrinin neqativ olması tələb olunmağa davam ediləcəyi ehtimal olunur”.

Vaksin olunmuş şəxsin bir daha koronavirusa yoluxma ehtimalına aydınlıq gətirən departament rəhbəri bildirib ki, vaksinin 100 faiz bizi qoruyacağını demək düzgün deyil:

“Vaksinasiya bizi ağırlaşmalardan, ciddi fəsadlardan qoruyacaq. Bunun ən azı 6 aydan 1 ilə kimi olacağı elmi tədqiqatlara əsasən bilinir. Ümumiyyətlə, bizi orqanizmimizin immun cavab reaksiyası qoruduğundan fərdi olaraq şəxslərdə qoruma müddəti daha uzun ola bilər”. (APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR