Yenilənmiş siyasi məhbuslar siyahısı -146 nəfərin adı var

“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib.

Təşkilatın məlumatına görə, siyahıya 146 nəfərin adı daxil edilib.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib.

Belə ki, ötən il avqustun əvvəllərində elan edilmiş əvvəlki siyahıda 192 nəfərin adı var idi. Siyahıdan cəza müddəti başa çatan Azərbaycan İslam Partiyasının üç üzvü – Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov (AİP sədri Mövsüm Səmədovun əmisi oğlu) və partiya sədrinin müavini İnqilab Əhədlinin adı çıxarılıb.

Apellyasiya məhkəməsinin qərarı ilə cəza müddətinin qısaldılması ilə əlaqədar “Gəncə işi”nin iki fiqurantı – Elvin Nəzərov və Renat Məmmədov da azadlığa çıxıb. “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.

Həmçinin, realliq.info saytının redaktoru İkram Rəhimov vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Bundan başqa, keçmiş müdafiə naziri Rəhim Qaziyev barəsində qətimkan tədbiri dəyişdirilib və o, həbsdən azad edilib.

Siyahıdan adı çıxarılan digər şəxslər 14-15 iyul nümayişi zamanı ictimai asayişi pozmaq ittihamı ilə məsuliyyətə cəlb edilənlərdir.

Eyni zamanda, bu hadisələrlə bağlı 5 nəfər hələ də həbsdədir – onlar koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunurlar.

Siyahıya bloger Aslan Qurbanovun və jurnalist Mahmud Tağıyevin adları əlavə edilib. Qurbanov Facebook-da AXCP fəalı Paşa Ümidovun və keçmiş müdafiə naziri Rəhim Qaziyevin həbsi haqqında məlumat dərc edib onların azad edilməsini tələb etdikdən sonra həbs edilib.

O, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.1-ci (milli, dini, sosial ayrıseçkiliyin salınması) maddələri ilə ittiham olunur.

Qurbanov nevroloji xəstəlikdən əziyyət çəkir və müdafiə tərəfin vəsatəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Qafqaznews.az saytının təsisçisi Mahmud Tağıyev polis əməkdaşlarını tənqid etdikdən sonra 183-cü (hədələmə yolu ilə pul tələb etmə) maddə ilə həbs edilib.

Yenilənmiş siyahıya adı daxil edilən 145 nəfər 8 qrupa bölünüb:

“Jurnalistlər və blogerlər” – 7 nəfər; “Müxalif partiya və hərəkatların üzvləri” – 7 nəfər; “14-15 iyul 2020-ci il mitinqindən sonra həbs edilənlər” – 5 nəfər; “Dindarlar” – 46 nəfər; “Tərtər işi üzrə həbs edilənlər” – 25 nəfər; “Gəncə işi üzrə həbs edilənlər” – 41 nəfər; “Ömürlük məhbuslar” – 14 nəfər; “Siyasi girovlar” (qohumlarının siyasi və ya jurnalist fəaliyyətinə görə həbs edilənlər) – 1 nəfər.

Siyasi Məhbus problemi niyə həll olunmur?

Hüquq müdafiəçisi Rəsul Cəfərov bir müddət əvvəl Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda hələ də siyasi məhbus problemi qalır, baxmayaraq ki, 2019-cu ildə o problemin həlli istiqamətində pozitiv bir addım atılmışdı.

“Yadınızdadırsa, 2019-cu ilin böyük bir əfv sərəncamı imzalanmışdı və 50 nəfərdən artıq siyasi məhbus azadlığa buraxıldı. Bu sərəncamdan sonra belə bir müsbət gözləntilər yaranmışdır ki, nəhayət Azərbaycanda siyasi məhbus problemi birdəfəlik öz həllini tapacaq. Təəssüf ki, 2020-ci ilin əvvəllərində mart aylarında, sonra iyun iyul aylarında yenə siyasi motivli hesab edilə biləcək həbslər həyata keçirilib. Bu məsələnin həlli üçün iki addım atılmalıdıdır. Birincisi böyük əfv, amnistiya və yaxud başqa formada bunların hamısı eyni anda da verilə bilər. Bu hüquqi mexanizmləri işə salıb adları müxtəlif siyahılarda olan şəxsləri azadlığa buraxmaq mümkündür. İkinci addım isə artıq başlanılmış məhkəmə hüquq islahatları kimi təqdim edilən islahatları həqiqi islahatlara çevirmək lazımdır. Onları dərinləşdirmək lazımdır. Məhkəmələrin, məhkəməyə qədər istintaqın müstəqilləşməsi orada sübuta yetirilməyən ittihamların qarşısını almaq üçün müəyyən addımlar var. Vahid istintaq komitəsinin yaradılması, bir sıra hüquq mühafizə orqanlarının istintaq səlahiyyətinin alınaraq həmin qruma verilməsi , həmin qrumda şəffaflığın təmin edilməsi və s istiqamətində atıla bilər. İlin sonunda bir qayda olaraq Əfv sərəncamı imzalanır.Parlamentin özü də dekabrın 30- kimi iclaslardadır. Onlar tərəfindən də müəyyən addımlar atıla bilər. Məhkəmələr məhdud da olsa fəaliyyətlərini davam etdirirlər. Orada da online formatda proseslərin keçirilməsi praktikası tətbiq olunur. Mən hesab edirəm ki, bu hüquqi mexanizmlər ilin sonuna kimi tətbiq oluna bilər. Tətbiq olunmalıdır və siyasi məhbus problemi öz həllini tapmalıdır?

AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə qəbul edib

Ötən il yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.

Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib.

Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib. Təxminən bu nisbətlə tövsiyələr qəbul edilib.

Qətnamədə Azərbaycanda “sistemli xarakter” daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA Bakını “siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa” çağırmışdı. Amma AŞPA-nın bu məsələ ilə bağlı bir neçə qətnaməsinə baxmayaraq, problem indiyədək qalmaqdadır.

Bəs, Azərbaycan rəsmiləri nə deyir?

Hakimiyyət təmsilçiləri istər tənqidçilərin susdurulması, istərsə seçkilərdə saxtakarlığa dair indiyədək səslənən fikirləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR