Yenilənmiş siyasi məhbuslar siyahısında 146 nəfərin adı var

“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq bu gün yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. Siyahıya 146 nəfərin adı daxil edilib.

Xatırladaq ki, avqustun əvvəllərində elan edilmiş əvvəlki siyahıda 192 nəfərin adı var idi. Siyahıdan cəza müddəti başa çatan Azərbaycan İslam Partiyasının üç üzvü – Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov (AİP sədri Mövsüm Səmədovun əmisi oğlu) və partiya sədrinin müavini İnqilab Əhədlinin adı çıxarılıb.

Apellyasiya məhkəməsinin qərarı ilə cəza müddətinin qısaldılması ilə əlaqədar “Gəncə işi”nin iki fiqurantı – Elvin Nəzərov və Renat Məmmədov da azadlığa çıxıb. “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.

Həmçinin, realliq.info saytının redaktoru İkram Rəhimov vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Bundan başqa, keçmiş müdafiə naziri Rəhim Qaziyev barəsində qətimkan tədbiri dəyişdirilib və o həbsdən azad edilib.

Siyahıdan adı çıxarılan digər şəxslər 14-15 iyul nümayişi zamanı ictimai asayişi pozmaq ittihamı ilə məsuliyyətə cəlb edilənlərdir.

Eyni zamanda, bu hadisələrlə bağlı 5 nəfər hələ də həbsdədir – onlar koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunurlar.

Siyahıya bloger Aslan Qurbanovun və jurnalist Mahmud Tağıyevin adları əlavə edilib. Qurbanov facebook-da AXCP fəalı Paşa Ümidovun və keçmiş müdafiə naziri Rəhim Qaziyevin həbsi haqqında məlumat dərc edib onların azad edilməsini tələb etdikdən sonra həbs edilib.

O, AR CM-in 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.1-ci (milli, dini, sosial ayrı-seçkiliyin salınması) maddələri ilə ittiham olunurlar.

Qurbanov nevroloji xəstəlikdən əziyyət çəkir və müdafiə tərəfin vəsatəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Qafqaznews.az saytının təsisçisi Mahmud Tağıyev polis əməkdaşlarını tənqid etdikdən sonra 183-cü (hədələmə yolu ilə pul tələb etmə) maddə ilə həbs edilib.

Yenilənmiş siyahıya adı daxil edilən 145 nəfər 8 qrupa bölünüb:

“Jurnalistlər və blogerlər” – 7 nəfər;

“Müxalif partiya və hərəkatların üzvləri” – 7 nəfər;

“14-15 iyul 2020-ci il mitinqindən sonra həbs edilənlər” – 5 nəfər;

“Dindarlar” – 46 nəfər;

“Tərtər işi üzrə həbs edilənlər” – 25 nəfər;

“Gəncə işi üzrə həbs edilənlər” – 41 nəfər;

“Ömürlük məhbuslar” – 14 nəfər;

“Siyasi girovlar” (qohumlarının siyasi və ya jurnalist fəaliyyətinə görə həbs edilənlər) – 1.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib.

turan.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR