Həbsdə olan keçmiş xidmət rəisinin xanımı Samir Şərifova müraciət etdi

Keçən il həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun xanımı maliyyə naziri cənab Samir Şərifova açıq məktubla müraciət edib. Həmin müraciəti olduu kimi təqdim edirik.

Bakı şəhərində yaşayan Türkiyə Respublikasının vətəndaşı Karaman-Sultanova Binnaz İsmail kızı tərəfindən:

“Sizə KİV vasitəsilə müraciət etmək məcburiyyətindəyəm, belə ki, iki yüzdən artıq ərizə və şikayətlərimə bir dənə də olsun cavab gəlməmişdir.

Mən başa düşürəm ki, Maliyyə Nazirliyi dövlət maliyyə aktivlərinin idarə edilməsi və bölüşdürülməsi kimi vacib problemlərlə məşğuldur, lakin bütün bunlar Azərbaycan Respublikasının qanunlarına və ölkə rəhbərliyinin göstərişlərinə məhəl qoymamaq, insanlara yuxarıdan aşağı baxmaq üçün əsas deyil. 

İstənilən halda, sonuncu müraciəti ünvanlayanadək mən məhz belə düşünürdüm, lakin Sizin mənim müraciətlərimə qarşı açıq və davamlı şəkildə etinasızlığınız məni adıçəkilən həqiqətlərin doğruluğuna şübhə ilə yanaşmağa vadar etdi. 

Xeyr, sizin mənə olan müraciətinizin mənim Türkiyə Respublikasının vətəndaşı olmağımla bağlı olduğunu əsla düşünmürəm. Əksinə, əmin idim ki, bu amil mənim məsələmin operativ və qanuni şəkildə həll olunmasında müsbət rol oynayacaq. Ələlxüsus, müasir Azərbaycan  dövlətçiliyinin banisi Heydər Əlirza oğlu Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarının qardaş türk xalqına olan münasibəti hamıya bəllidir. 

Həmçinin, müraciətimin predmeti olan məsələ o qədər də mürəkkəb deyil və dövlət sirrini təşkil etmir, hərçənd ola bilsin ki, müəyyən şəxslərin maraqlarına toxunur. 

Vətəndaşların müraciətlərinə vaxtı-vaxtında cavab verilməsi öhdəliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuşdur. Müraciət etmək hüququ və onlara baxılma öhdəliyi Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində təsbit edilib. İlk baxışdan elə görünür ki, bu cür hüquq tənzimlənməsi özbaşınalığı və səhlənkarlığı istisna etməlidir, lakin görünən budur ki, Maliyyə Nazirliyi həm Konstitusiyaya, həm də Azərbaycan Respublikasının digər qanunlarına etinasız yanaşır, laklanmış qapılardan o tərəfə heç nəyi görmür və sadə vətəndaşların səsini eşitmir.

Türklərin belə bir atalar sözü var: qazı daha yaxşı eşitmək və görmək üçün dağa çıxır, balabanda çalmaq üçün yox. 

Mənim düşdüyüm vəziyyətdə isə, heç balabanın da səsi gəlmir, sadə təkəbbür dolu sükut, susmaq qızıldı, lakin söz bitəndə həmin qızılın üzərinə əyar qoymaq üçün yer belə olmur.

Özünüz düşünün. 8 may 2020-ci il tarixində həyat yoldaşım Zakir Sultanov Mədəniyyət Nazirliyinin yoxlaması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının DTX tərəfindən saxlanılmışdır. Onun məsuliyyət dərəcəsi məhkəmə tərəfindən müəyyən ediləcək ki, onun obyektivliyinə heç kim şübhə etmir.

20 may 2020-ci il tarixindən Maliyyə Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinin  fəaliyyətinin yoxlanılması aparılır, lakin bu yoxlama bitmək bilmir. Bununla yanaşı, Maliyyə Nazirliyinin Kollegiyası ilə təsdiq edilmiş 15.02.2013-cü il tarixli Q-07 nömrəli “Yoxlamaların planlaşdırılması, aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydalarının” 5.2 bəndinə müvafiq olaraq, bu qəbildən olan yoxlamaların maksimal müddəti bütün qeyri-adi halların nəzərə alınması ilə 180 gün müəyyən edilmişdir və bu müddət bir gün belə uzadıla bilməz.

İstintaq və həbsdə saxlama müddətləri, dövlətə dəymiş maddi zərərin ödənilməsi məsələlərinin həlli artıq 270 gündür ki, davam edən yoxlamanın nəticələrindən asılıdır.

Sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevdən alınan məlumata əsasən, yoxlamanın icraatı bilavasitə onun nəzarəti altındadır və onun tərəfindən yoxlama nəticələrinin təsdiqlənməsindən sonra başa çatacaq.

Təbii ki, cinayət işinin əsas fiqurantının bu sözləri məndə şübhələr doğurdu ki, mən də bu şübhələrin aradan qaldırılması üçün Maliyyə Nazirliyinə müraciət etdim. Mən sadəcə yoxlamanın yubadılmasının səbəbləri və zərərin ödənilməsinin mümkünlüyü barədə məlumat verilməsini xahiş etdim, vəssalam, lakin, yuxarıda deyildiyi kimi, Maliyyə Nazirliyinə ünvanladığım bütün çoxsaylı müraciətlər cavabsız qaldı.

Nümayəndəmin vəsatətləri də eyni aqibətlə üzləşdi, baxmayaraq ki, “Vəkillər və vəkil fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 7, 15 maddələrinə və Azərbaycan Respublikasının CPM-nin 143 maddəsinə müvafiq olaraq, vəkillərin prosessual sorğularına və şikayətlərinə rəhbərlərinin statusundan asılı olmayaraq Azərbaycan Respublikasının bütün müəssisə və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən dərhal baxılmalıdır.  

Vəsatətlərə cavab olaraq Azərbaycan Respublikasının DTX istintaq şöbəsindən mənə bildirildi ki, onlar Maliyyə Nazirliyi qarşısında gücsüzdülər, istintaqın yubanmasının səbəbi isə sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevin qeyri-konstruktiv (???) mövqeyi və davranışı ilə bağlıdır.

Beləliklə, mənim həyat yoldaşım Əbülfəz Qarayevin ambisiyalarının və maraqlarının girovuna çevrildi, mən isə elementar suallarıma cavab ala bilmirəm.

Bütün ölkələrdə uzunmüddətli əsassız həbsdə saxlama işgəncə kimi qiymətləndirilir.

Məntiqə əsasən Maliyyə Nazirliyi və DTX dövlətə dəymiş zərərin tez bir zamanda tam həcmdə ödənilməsində, istintaqın vaxtında aparılmasında maraqlı olmalıdırlar, lakin görünən budur ki, ayrıca şəxslərin maraqları dövlət maraqlarını üstələyir.

Cənab Nazir!

Mən sizdən mərhəmət və ya xüsusi münasibət ummuram. Xahişim budur ki, Azərbaycan Respublikasının qanunları heç bir imtiyaz və ayrı-seçkilik olmadan icra olunsun, lakin təəssüflər olsun ki, imtiyaz və ayrı-seçkilik kimi neqativ hallar mənim situasiyamda mövcuddur və buna görə də, mən KİV vasitəsilə açıq məktubla müraciət etmək məcburiyyətində qaldım. 

Nümayəndənin P.S. Türkiyə vətəndaşı Binnaz Karaman-Sultanovanın öz ölkəsinə xas olan kinayə-alleqoriya tərzində ifadə etdiyi bütün məsələlər Azərbaycanda özbaşınalıq adlanır.

Binnaz Karaman-Sultanova

Nümayəndə, professor Cavanşir Süleymanov”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR