Millət vəkili etiraz etdi: “Operativ Qərargah deyilən o mifik yerdə…”

“Əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, insanların pandemiya rejiminin tələblərini pozmayacağına əmin olduğunu bildirib:
“Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq. Əslində, bunlar çox sadə məsələdir. Ancaq mürəkkəbləşdirmənin səbəbi var”. 

Deputat bunu səbəbini belə izah edib:
“Operativ Qərargah deyilən o mifik yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var. Demək, heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatının genişləndirilməsi və heyvandarlığın inkişaf etdirilməsi üçün landşaft dizayneri ixtisasında xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün ixtisaslaşmış fəaliyyəti gerçəkləşdirsin. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxtında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi: “Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!” Cavabın unukallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR