Əcnəbi tələbələr Azərbaycanda təhsilə buraxılacaqmı? – RƏSMİ AÇIQLAMA

Yeni tədris ilinə sayılı günlər qalıb. Artıq 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqlənib. Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən pandemiya şəraitinə baxmayaraq, tədris ənənəvi vaxtda, yəni 15 sentyabrda açılacaq. Təhsilin hansı formada həyata keçiriləcəyi ilə bağlı yekdil qərar verilməsə də, çoxsaylı təhlil və fikirlər əyani formanın tətbiqi üzərində dayanır.

Artıq ikinci ildir ki, pandemiya səbəbindən Azərbaycan universitetlərinə qəbul olunmuş əcnəbi tələbələrin əyani tədrisə cəlb olunmaları mümkün olmur.

Hər il ödəniş edən əcnəbi tələbələrin Azərbaycanda əyani təhsilinə əngəllər var və tədris distant qaydada həyata keçirilir. Bundan isə çoxsaylı əcnəbi tələbə sosial şəbəkələrdə narazılıq edir.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Tibb Universiteti tələbələrinə çağırış edərək peyvənd pasportu olmayanların dərslərə buraxılmayacağını elan edib.

Əcnəbi tələbələrə çağırışda isə yalnız Azərbaycanda olanların peyvənd olunmaları şərtilə əyani dərslərə qatıla biləcəkləri qeyd olunub. Ölkəmizdə olmayanların təhsilinin isə bir qayda olaraq distant formada həyata keçiriləcəyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Bizim.Media-nın müvafiq sorğusunu belə cavablandırıb:

“Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin tədrisinin təşkili məsələsinə yeni tədris ilində tədrisin təşkili forması və ölkənin sərhədlərinin həmin ölkələrin vətəndaşlarına münasibətdə açılıb-açılmamasından asılı olaraq baxılacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər hansı qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Yalnız iki il ərzində ölkədə olan əcnəbilərin əyani tədrisə cəlbi ilə bağlı qeyd olunan məsələyə gəlincə, Təhsil Nazirliyindən bununla bağlı hər hansı göstəriş verilmədiyi açıqlanıb.

Xarici ölkələrdə tətbiq olunan vaksinlərin Azərbaycan ərazisində keçərliliyinə dair məlumatın isə TƏBİB və ya Səhiyyə Nazirliyindən əldə olunması tövsiyə edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR