Bir uşağı məktəbə yollamaq neçəyə başa gəlir? – QİYMƏTLƏR

Orta məktəblərdə tədrisin hansı formada davam etdiriləcəyi barədə rəsmi qərar olmasa da, sentyabrın 15-i yaxınlaşdıqca, valideynləri məktəb ləvazimatları bazarının durumu daha çox maraqlandırır.

Bizim.Media bir uşağın məktəbə göndərilməsinin neçəyə başa gəldiyini araşdırıb.

İlk öncə məktəbli formalarından başlayaq. Ölkəmizdə məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evinin Satış Şöbəsinin direktoru Etibar Əzimovun açıqlamasına görə, aşağı siniflər üçün forma 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Bu formalara pencək – şalvar və ya ətək daxildir. Məktəbli köynəkləri isə ayrıca satılır. Onlar ölçüsündən asılı olmayaraq 8 manatadır.

Qeyd edək ki, heç də bütün valideynlər Bakı Tikiş Evinin təqdim etdiyi formalara üstünlük vermirlər.

Məktəb formaları bazarında müxtəlif keyfiyyətdə olan müxtəlif çeşidlər var. Məsələn, BTE-nin təqdim etdiyi köynəklərdən imtina edərək, daha keyfiyyətli köynəklərə üz tutanlar bunun üçün ən azı 20-25 manat xərcləməlidirlər.

Məktəbli forması dəstinə daxil olan jiletlərin qiyməti də keyfiyyətindən asılı olaraq fərqlidir – orta qiymətlə 9-10 manatdan əldə etmək olar. Beləliklə, bir uşaq üçün təkcə məktəbli formasını orta qiymətlərlə 70-80 manatdan hesablamaq olar.

Çantların qiymətləri də çeşidləri kimi müxtəlifdir. Böyük siniflər üçün nəzərdə tutulan ortopedik məktəb çantalarının qiyməti 50-60 manatdan başlanır. Lakin daha aşağı qiymətlrlə də istər böyük, istərsə də kiçik siniflər üçün çanta tapmaq olar. Çanta üçün 30-40 manat ayırmaq olar.

Məktəbli ləvazimatları bazarına gəldikdə, qələmlərin qiyməti 30 qəpikdən, markerlərin 70 qəpikdən başlanır, rəngli karandaş dəstini orta qiymətlərlə 2-8 manata, sadə qələmləri 1-3 manata, qələmyonanları keyfiyyətindən asılı olaraq 70 qəpik – 3 manata, pozanı 30-qəpik – 1 manata, rəngli kağızı 70 qəpik- 2 manata, rəsm albomlarını 1.50 – 4 manata almaq olar.

Dəftərlərin qiyməti 12 qəpikdən başlanır. Vərəq sayı, üz qabığına görə fərqlənən dəftərləri 24, 35, 40, 70, 80 qəpikdən almaq olar.

Qələmqabları 25 manatadək yüksəlsə də, şagirdin əlində onun bir neçə aya “yazıq-yazıq” olacağını düşünərək onun 3 – 4 manata olanına üstünlük vermək tövsiyyə olunur.

Uşaq ayaqqabılarını ən aşağı qiymətlərlə 25-30 manatdan almaq olar. Təbii ki, bazarlarda müxtəlif qiymətlərə olan ayaqqabılar var.

Beləliklə, araşdırma apararkən məlum olur ki, orta qiymətlərə üstünlük verərək məktəbli bazarlığı etsək, bir uşağı məktəbə göndərmək üçün 180-200 manat xərcləmək lazım gələcək.

Əlavə edək ki, tədris ili başlanandan sonra məktəbdən gələn sifarişlərə də hazır olmalıyıq – iş dəftərləri, test kitabları, məktəb tərəfindən verilməyən kitablar və s..

Bununla belə, artıq məktəbli bazarlığı edən valideynlər bu il qiymətlərin ötən illərlə müqayisədə daha aşağı olduğunu bildirirlər.

Görünür, hələ ki, tədrisin hansı formada keçirilməsi ilə bağlı qərarın olmaması səbəbindən bazar aktivləşməyib.

Amma onu da qeyd edək ki, ötən il orta məktəblərdə tədrisin alayarımçıq keçirilməsi bu il valideynlərin “təki məktəb açılsın” deyərək, xərclərə loyal yanaşmasına gətirib çıxarıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR