Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü olacaq

img1570135Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası yanvarın 27-28-də Aşqabadda olacaq. İclas iştirakçıları  razılaşdırılmamış digər məsələlər üzrə sahilyanı dövlətlərin mövqeyinin yaxınlaşmasını müzakirə edəcəklər.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.
Astana sammiti ərəfəsində birinci yarımildə XİN rəhbərləri səviyyəsində görüş olacaq.
X.Xələfov xatırladıb ki, əvvəlki sammitdə dövlət başçıları 15 millik suveren zonalar və balıqçılıq üçün 10 millik zonalara dair məsələləri razılaşdırıblar. Suyun qalan səthi ümumi istifadə üçün nəzərdə tutulub.
Sonrakı razılaşdırma üçün aşağıdakı məsələlər qalır: elmi-araşdırma işlərinin aparılması üçün reqlamentasiya, gəmiçilik, hərbi gəmiçilik, hərbi-fəaliyyət, hərbi-siyasi təhlükəsizlik, ticarət və s.
Həmin məsələlərdən bir hissəsi üzrə prinsipial razılaşma var, lakin bəzi aspektlər hələ də müzakirə mövzusu olaraq qalır.
Xəzərin statusu üzrə xüsusi işçi qrupu formatında danışıqlar 15 ildən çoxdur gedir. Azərbaycan, Qazaxıstan və RF Xəzərin dibinin bölünməsinə dair razılığa gəliblər. İran və Türkmənistan dibin delimitasiyası metodologiyası ilə razı deyil. Tehran dənizin dibinin beş bərabər bissəyə bölünməsinə təkid edir (Turan).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR