Nazir dəyişib, amma monopoliya qalıb?

Bezy-myanny-j-copy-25 (1)Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Nazirlikdən Qafqaznews.org-a verilən məlumata görə, 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək. Nəşrə verilməzdən əvvəl ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur.

Bu məsələ ilə bağlı fikirlərini Qafqaznews.org saytı ilə bölüşən təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirib: “Bu yaxınlarda mənim də üzvü olduğum Təhsil Nazirliyi nin komissiyası 8-ci siniflər üçün Azərbaycan dili dərsliyini ictimai müzakirəyə çıxardı. Bu dərsliyin müəllifləri qocaman alimlərdir. Kitabda jarqon ifadələr də yer alırdı”. “Bəs bu müzakirələr nə ilə bitdi?” – deyə jurnalistimiz soruşub. “Müzakirələrdə iştirak edən məktəb müəllimlərinin əksəriyyəti bu dərsliyin yenidən nəşrinin əleyhinə çıxış etdilər – o əsasla ki, bu işə yeni vəsait tələb olunacaq”, – deyə Etibar Əliyev vurğulayıb.

Ekspertin sözlərinə görə, ölkəmizdə çap olunan dərsliklərin keyfiyyəti çox aşağıdır.“Səbəbi əvvəl bu sahədə mövcud olmuş xaosla bağlıdır. Belə ki, 14 məktəb dərsliyinin müəllifi sabiq nazir Misir Mərdanovdur. Fizika üzrə dərsliklərin müəllifi isə sabiq nazirin qohumu olub. Dərsliklərin Qiymətləndirilməsi Şurası bu çatışmazlıqları “görməyib”. Yeri gəlmişkən, bu dərsliklər bu gün də istifadə olunur”, – deyə Etibar Əliyev qeyd edib.

Təhsil Nazirliyi sabiq rəhbərliyin vaxtında dərc olunan dərslikləri də ictimai müzakirəyə çıxara bilərmi? Bu suala cavab almaq üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova müraciət etdik. “Biz ancaq yeni dərslikləri ictimaiyyətin müzakirəsinə çıxarırıq”, – deyə Valehov qafqaznews.org saytına bildirib.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR