Ölüdən qənimət umanlar: İcazəsiz orqan götürmək olarmı?

132589_res_01Rusiyanın Konstitusiya məhkəməsi qəhumların icazəsi olmadan ölmüş şəxsin daxili orqanlarının həkimlər tərəfindən götürülərək başqa şəxslərə köçürülməsinin qanuna uqğun olması barədə qərar qəbul edib. Bu qərar qonşu ölkədə birmənalı qarşılanmayıb və cəmiyyətdə xeyli sual foğurub. Azərbaycanda da orqan köçürmə və donorluqla bağlı ciddi problemlərin olduğunu, o cümlədən, adi vətəndaşlar və tanınmış şəxslər arasında dünyasını dəyişdikdən sonra orqanlarını vəsiyyət edənlərin olduğunu nəzərə alıb vəziyyəti araşdırmağa çalışdıq.

Tibb sahəsində ekspert Adil Qeybullanın virtualaz.org-a bildirdiyinə görə, donorluqla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu qanun qəbul edilsə belə, işlək mexanizmə çevrilməsi üçün xeyli məsələlər sistemli şəkildə öz həllini tapmalıdır.

Moskvada 19 yaşlı Alina Sablinanın daxili orqanları valideynlərinin xəbəri olmadan götürülüb. Məsələ ilə bağlı Rusiyada hüquqi dəstək tapmayan ailə Avropa məhkəməsinə müraciət edib.

Mütəxəssis hesab edir ki, beyin ölümü keçirmiş şəxsin orqanı götürülürsə, valideynlərin icazəsi və məlumatı olmalıdır: “Əslində, valideynlərə məlumat verilməlidir. Problemin həlli  üçün qanun qəbul olunmalı, məsələ sistemə salınmalı, icbari tibbi sığorta olmalıdır. Azərbaycanın səhiyyə ocaqları arasında assosiativ əlaqə yaradılmalıdır. Məsələn, Şəki rayonunda kiminsə böyrəyə ehtiyacı varsa, Lənkəranda böyrək varsa, avtomatik olaraq sistemdə görünməlidir. Bütün dünyada bunun qaydası belədir”.

Ekspert hesab edir ki, bu problemlər həll olunmasa, Azərbaycanda donor məsələsi ciddi bir problem olaraq qalacaq: “Təsəvvür edin ki, Azərbaycanda hansısa beyin ölümü keçirmiş bir gəncin valideynlərinin razılığı olmadan onun orqanlarını götürmək nə ilə nəticələnən bilər. İnsanlar bu məsələni həzm eləməlidirlər, psixoloji cəhətdən hazır olmalıdırlar, zaman keçməlidir, təbliğat aparılmalıdır. Bəzi insanlar kriminal yolla donor axtarırlar. Hazırda bu məsələyə cəmiyyətdə çox ciddi müqavimət var”.

Azərbaycanda hələ ki, donor mənbəyinin qohumlardan ibarət olduğunu deyən A.Qeybullanın sözlərinə görə, donor olan şəxs qohumluğu notariusda təsdiq olunmuş sənədi gətirməklə orqanlarını yaxın qohumuna və ya ailə üzvünə hədiyyə edə bilər. Burada pul qarşılığında orqanın satılması, yad adamdan orqan alınması yolverilməzdir.

Millət vəkili, hüquqşünas Fazil Mustafanın virtualaz.org-a açıqlamasında Azərbaycanda da bu problemi xüsusi tənzimləyən qanunun olmadığını və istənilən halda valideynlərin icazəsi olmadan ölən şəxsin orqanlarının götürülməsinin düzgün olmadığını deyir: “Azərbaycanda bunu xüsusi tənzimləyən qanun yoxdur. Bütövlükdə insan hüquqları ilə bağlı müddəalar var ki, bu, o müddəalara zidd addımdır. Vətəndaşın özünün razılığı olmadan və ya onun qəyyumlarının, himayəçilərinin  razılığı olmadan orqanın götürülməsi heç bir əsasa bağlanmır. Çünki onu götürən orqan mafiyası ola bilər, hər hansı qeyri-qanuni şəkildə onun satışını təşkil edə bilərlər. Əgər hər hansı formada bunu həyata keçirirlərsə, mütləq razılaşma əldə olmalıdır. Məncə, bu, hüquqa zidd addımdır və heç bir halda yol verilən olduğunu düşünmürəm”.

Millət vəkilinin sözlərinə görə, yaxın gələcəkdə Rusiyadakı problemlə oxşar problemlərin ortaya çıxmaması üçün indidən qanunvericilikdə düzəliş aparmaq lazımdır: “Bizdə də yəqin ki, gələcəkdə belə problemlər ortaya çıxa bilər. Ona görə də, indidən qanunvericilikdə bunu təsdiq etmək lazımdır ki, bu məsələdə insanlar əziyyət çəkməsinlər. Adi vətəndaşlar, tanınmış şəxslər, hətta vəzifədə olan insanlar var ki, öz orqanlarının bağışlayıblar. Yəni, insan öz iradəsi ilə bunu etmədən kimsə onu götürə bilməz. Bu məsələ yolverilməzdir və hüquqa ziddir. Qanunda təkmilləşmə və ya dəyişikliyə gəlincə, transplantasiya hələ bizdə geniş yayılmadığına görə tənzimlənməsi, hələ ki, aktual deyil. Amma əvvəl-axır bizdə də buna ehtiyac var və qanunvericilk müdaxilə etməlidir ki, sonra belə problemlər ortaya çıxmasın”.

Məlumat üçün bildirək ki, Azərbaycanda M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası böyrək, Mərkəzi Gömrük Hospitalı qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası, akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Oftalmologiya Mərkəzi gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanası qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12-barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR