Qoy məni dərdimlə, dərman eyləmə, ey həkim…

hekim_5412Ölkədə reseptlərdə dərmanın həm ticarət adının, həm də təsiredici maddəsinin yazılması təklif edilir. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev mətbuata açıqlamasında qeyd edib ki, Səhiyyə Nazirliyinin reseptlərdə dərmanın ticarət adının deyil, təsiredici maddəsinin adının yazılması ilə bağlı qərarı çox yaxşı haldır və bütün həkimlər tərəfindən icra olunmalıdır. Amma yeni qaydanın icra olunmasında bəzən praktiki çətinliklər meydana çıxır: “Aptek işçilərinə təsiredici maddənin olduğu dərmanı axtarmaq üçün vaxt lazımdır. Çünki indiyə qədər dərmanın ticarət adı yazılıb və apteklər də bu sistemlə işləyib, ancaq indi tərkib hissəsi yazılanda müəyyən çətinlik yaranır. Bir kompromis variant kimi təklif edə bilərəm ki, dərmanların həm adı, həm də təsiredici maddəsi yazılsın”.

Millət vəkili qeyd edib ki, yeni sistemdən çəkinmək lazım deyil: “Azərbaycan yaxın vaxtlarda icbari tibbi sığorta sistemini tətbiq etməyi planlaşdırır. İcbari tibbi sığortada da bu, vacib şərtlərdən biridir, çünki eyni kimyəvi tərkibə malik müxtəlif adlı dərmanların qiymətləri bir-birindən fərqli olur”.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Kollegiyasının 21.10.2015-ci il tarixli qərarına əsasən, resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır.

Qafqaznews.az  kaspi.az-a istinadən bildirir ki, hazırda ölkədə dərman satışı sahəsində yaşanan problemlər, həkimlərin xəstələrə yazdığı dərmanların bəzən apteklərdə tapılmaması, əvəzedicilərin təklif olunması bu sahədə müəyyən problemlərin mövcudluğundan xəbər verir. Təbii ki, ilk ziyan çəkənlər də pasiyentlər olur.
Maraqlıdır, reseptlərdə dərmanın həm ticarət adının, həm də təsiredici maddəsinin yazılması təklifi bu sahədəki problemlərin həllinə hansı köməyi göstərəcək?

Həkim-cərrah, professor Adil Qeybulla bu qərarı düzgün hesab eləmir: “Fikrimcə, bu, müvəqqəti qərardır. Yəni yaranmış durumda yeganə çıxış yolu hesab oluna bilər. Dünyanın hər yerində dərman preparatı öz adı ilə yazılır. Dərman preparatının təsiredici adının öz adı ilə yazılması o deməkdir ki, seçim imkanı gözdən keçirilir. Yəni tərkibi belə olan dərman hansısa bir alıcıya təklif oluna bilər. Bu isə əslində düzgün deyil. Çünki həkimlərin özlərinin güvəndiyi dərmanlar var. Heç kimə sirr deyil ki, Azərbaycan dərman bazarında parametrləri aşağı olan dərmanlar da mövcuddur. Görürsən ki, eyni tərkibdə olan bir dərman kiməsə yaxşı təsir edir, digərində isə həmin təsir hiss olunmur. Ona görə də bəzən müalicənin effekti olmur. Bu vəziyyəti nəzərə alaraq hesab edirəm ki, həkimlərə bu imkanı vermək lazımdır”.

Cərrahın sözlərinə görə, bu qərar ölkənin dərman bazarında olan xaotik durum, bəzi dərmanların yoxa çıxmasının qarşısını almaq üçün müvəqqəti tədbir sayıla bilər: “Amma bunun heç bir effekti yoxdur”. Professorun fikrincə Tarif Şurasının qərarı, ümumiyyətlə bazar iqtisadiyyatı prinsiplərinə ziddir: “Bu proses ona görə müvəqqəti bir tədbir kimi ortaya çıxdı ki, dərman maddələrinin süni qiymət artımı meydana çıxdı, yəni tənzimləmələr azad bazar şəraitində getmədi. Dərmanların kimyəvi formulunun yazılması yalnız müvəqqəti tədbir ola bilər. Orada “müəyyən bir dövr üçün – dərman bazarında sabitlik yaratmaqdan ötrü bu, məqsədəuyğun hesab olunur” yazmaq daha yaxşı olardı”.

Professorun sözlərinə görə, dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur. Yəni dərman konkret olaraq öz adı və dozası ilə yazılmalıdır. Həmçinin onu yazmaq səlahiyyəti istisna olaraq həkimə məxsusdur: “Dərman maddələrinin kimyəvi tərkibi eyni olsa da, bəzən qatqıları, dərman əlavələri fərqli ola bilər. Yəni burada çox nüanslar var. Bu baxımdan, biz dərman maddələrini müxtəlif ölkələrdən, bəzən də üçüncü ölkələrdən idxal etdiyimiz üçün onların təsirinə güvən şübhəlidir. Biz həmişə xeyli tanıdığımız, təsirinə əmin olduğumuz dərmanları seçirik”.

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə dünya praktikasında belə bir təcrübənin olduğunu qeyd edir: “Bir neçə adda dərman preparatları buraxılır. Amma müxtəlif adlı dərman preparatları eyni tərkibdə ola bilir. Yəni kimyəvi molekullar eyni tərkibdə olduğuna görə, ayrı-ayrı ölkələr onu müxtəlif adda buraxırlar. Əgər dərmanın kimyəvi tərkibi eynidirsə, hansı ölkənin istehsalı olmasının zərəri yoxdur. Bununla bir növ, xəstəyə variantlar təklif olunur”. Mərkəz rəhbərinin sözlərinə görə, Səhiyyə Nazirliyinin daxili təlimatına əsasən, bütün müəssisələrə və həkim kontingentinə reseptlərin kimyəvi molekullar şəklində yazılması üçün göstəriş verilib: “Bir ölkənin istehsalı olan dərman kimyəvi molekul şəklində yazılsın ki, eyni tərkibdə başqa bir ölkənin istehsalı olan dərmanı insanlara vermək mümkün olsun. Başqa sözlə, bunlar istehsal markasının adı müxtəlif olsa da, tamamilə eyni kimyəvi tərkibdə və eyni dozada buraxılan dərman preparatlarıdır”.

İ.Hüseynli bildirir ki, dünya praktikasında da əvəzedicini təklif etməkdən imtina edilmir. Belə ki, bu yolla müraciət edən xəstənin bəlli tələblərini ödəmək imkanı olur: “Qarışıq tərkibli dərman preparatları var. Bu preparatlar yalnız bir adda olduğuna görə, biz onların tam kimyəvi tərkibini verə bilmərik. Mürəkkəb tərkibli dərman preparatlarının kimyəvi molekullarının yazılması istisna olmaqla, bir kimyəvi molekuldan ibarət olan, ancaq müxtəlif adda istehsal edilən dərman preparatlarının kimyəvi tərkibdə yazılması doğru yanaşmadır”. Mərkəz rəhbəri hesab edir ki, ölkənin aptek şəbəkəsində xidmət edən əczaçılar da yeni daxil olan dərman preparatlarının hansı kimyəvi tərkibdə olduğunu yaxşı bilməlidirlər: “Əgər bu problemi həll etmiş olsaq, əczaçılarımız da vaxtaşırı ölkəyə daxil olan dərman preparatlarının tərkibi haqqında yetərli məlumat əldə etsələr, onda biz bu çətinlikdən yaxa qurtarmış olarıq”.

İ.Hüseynlinin sözlərinə görə, SSRİ dövründə dövlət farmokopeyasından ölkəmizə daxil olan dərman preparatlarının tam kimyəvi tərkibi, təsir imkanları, dozalanma qaydaları ilə bağlı yetərincə məlumatlar verilirdi. Həkim-informatorlar da ölkəyə daxil olan dərmanlarla bağlı əczaçıya məlumat verməli idilər. Mərkəz rəhbərinin fikrincə, dərman reseptlərində təsiredici maddənin yazılması ilə bağlı informasiyanı hər kəs eyni dərəcədə anlamaya bilər: “Hər bir reseptdə dərmanı həkim təyin edərkən istifadə qaydasını göstərməlidir. Əczaçı da, həmçinin xəstəyə həkimin təyin etdiyi dərmanın istifadə qaydasını izah etməlidir. Çünki xüsusən kəndlərdə, rayonlarda insanların hamısı eyni savada malik deyillər. Bəzən xəstələr dərmanı aldıqdan sonra təkrar həkimə müraciət edərək “onu necə qəbul edək” – deyə soruşurlar. İstər reseptdə dərmanın kimyəvi tərkibi, istərsə də istehlak adı yazılsın – bu və ya digər formada yazılmasından asılı olmayaraq, dərmanla bağlı informasiyası olan pasiyent onu başa düşəcək. Ancaq informasiyası olmayan yenə də çətinlik çəkəcək. Belədə xəstə yalnız həkimə inanır. Həkim də diaqnoza uyğun dozalanma qaydasını göstərir”.

İ.Hüseynli hesab etmir ki, reseptlərlə bağlı təklif olunan qərar həkimlərlə dərman firmaları arasındakı sövdələşmənin əleyhinə yönəlib: “Mənə elə gəlir ki, həkimlərlə firmalar arasındakı münasibəti qədərindən artıq şişirtmişik. Əslində ölkəyə dərman preparatı gəlirsə, həmin dərman preparatını gətirən firma onunla bağlı həkimlə görüşüb məlumat verməlidir. Əgər o dərman preparatı həkimin praktikasına uyğun gələcəksə, onsuz da həkim o dərmanı reseplərdə yazacaq. Həkimin də vicdanı olmalıdır ki, xəstəni “artıq faiz qazanacağam” deyə həmin dərman preparatları ilə yükləməsin. Həkimlər getdikcə xəstəyə daha çox fayda verəcək dərmanlarla işləməyə üstünlük verirlər. Çünki xəstə sağalmayanda, həkim öz reytinqini itirmiş olur. Həkimlərin yarısı “həkim-firma” sövdələşməsindən imtina edib, amma yenə də xəstələrin arasında bu söhbətlər davam edir”.

Göründüyü kimi, eksperimentlər davam edir. Hələlik isə nə dərman bazarında, nə də həkimlə xəstənin resept sövdələşməsində tənzimlənmə hiss olunmur…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR