“Şahdəniz” konsorsiumu 1,5 mlrd. dollarlıq müqavilə imzalayıb

3025ac071d36629ddc8e9dbf5e818a69“Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üçün yeni müqavilə imzalanıb.

“Şahdəniz” konsorsiumundan “APA-Economics”ə verilən məlumata görə, 1,5 mlrd. dollar dəyərində olan bu müqavilə “BOS Şelf LLC”, “Saipem Contracting Netherlands B.V”. və “Star Gulf FZCO” konsorsiumuna verilib.

Bu müqavilə çərçivəsində görüləcək işlərin həcminə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların  daşınması və quraşdırılması məqsədilə “Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

BP-nin “Şahdəniz Mərhələ 2” layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frenk Uilson deyib: “Biz dənizdə quraşdırma işləri üzrə strateji podratçımızla və onun  konsorsiumdakı iri yerli tərəfdaşları ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu əməkdaşlıqda biz nəhəng “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi “Şahdəniz Mərhələ 2”nin  sualtı qurğularının  daşınması və quraşdırılmasında əsas işləri görəcək.  Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq. “Xankəndi”nin tikintisi çox yaxşı irəliləyir, gəminin burun hissəsi ilə gövdə seksiyaları artıq birləşdirilib. Sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması  üçün verilmiş bu iri müqavilə bizim Xəzərə ilk dəfə olaraq “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində yeni və ən müasir sualtı hasilat texnologiyası gətirmək öhdəliyimizi dəstəkləyir”.

Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022 ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında şərq-cənub, şərq-şimal və qərb-cənub sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə “İsrafil Hüseynov” borudüzən barjının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.

“Şahdəniz Mərhələ 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR