Müəllimlər artıq yeni qayda ilə maaş alacaq…

img2059281Etibar Əliyev: “Diaqnostik qiymətləndirmə orta məktəb müəllimlərimizi arxayın salmamalıdır”
Firudin Cəlilov: “Bunu 20 il öncə etmək lazım idi”
“Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı islahatının ikinci mərhələsinə – differensial, yəni, peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi planlaşdırırıq”- deyə təhsil naziri Mikayıl Cabbarov bildirib.
M. Cabbarov eyni zamanda, müəllim şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: “Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib.
Nazirin müəllimlərin əmək haqlarının verilməsində ediləcək bu yeniliyə təhsil ekspertlərinin fikri  birmənalı olmadı.
“XXI əsr” təhsil mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bunu müəllimləri arxayın etməməlidir: “Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi bizim təhsil sistemi üçün yenilik idi. Bu qiymətləndirilmədən sonra müəllimlərin əmək haqları 2 dəfə artırıldı. Lakin peşəkarlıq səviyyəsinə görə bütün müəllimlər eyni əmək haqqı ilə təmin oluna bilməzlər. Differensial əmək haqqının tətbiqi bu gün gündəlikdə duran əsas məsələlərdən biridir. Yəqin ki, təhsil nazirliyi differensiasiya üçün kriteriyalar üzərində işləyir. Fikrimcə, bunun üçün xüsusi diaqnostik qiymətləndirmə aparmaq doğru deyil. Ölkədə “ilin ən yaxşı müəllimi”nin seçilməsi üçün  müsabiqə təşkil olunur. Əmək haqqının differensiasiyası prosesində müəllimlərin təhsil nəticələri nəzərə alına bilər. Yaxın gələcəkdə bu prosesin baş tutması orta təhsilin keyfiyyətinə də təsir göstərəcək. Bu prosesdə artıq müəllim anlayacaq ki, əmək haqqının yüksəlməsi yalnız keyfiyyətə görə mümkün olacaq.  Yaxşı nəticəli müəllimlər repetitorluqdan çox məktəbə bağlı olmalıdırlar”.
Ekspert bildirdi ki, diaqnostik qiymətləndirmə orta məktəb müəllimlərimizi arxayın salmamalıdır: “Biliyin bundan sonrakı qiymətləndirilməsində əmək haqqı və dərs yükünün artımı 1-ci diqanostik qiymətləndirmə kimi olmayacaq. Daha mürəkkəb proses olan attestasiya isə qaçılmazdır. Məktəblərdə bilikli müəllimlər qalıb çalışmalıdır. Kənarda qalanlar isə səbəbi başqa yerdə axtarmamalıdırlar. Hazırkı orta məktəb müəllimləri onu da nəzərə almalıdırlar ki, son bir neçə ildə müəllimlik peşəsini seçənlər daha yüksək balla ali məktəblərə daxil olurlar. Bu səbəbdən rəqabət mühiti də artıq formalaşmaq üzrədir.
Gələcəkdə müəllim biliklərinin qiymətləndirilməsinin əməyin differensasiyasına yönəli olmasını hər bir müəllim anlamalıdır”.
Sabiq təhsil naziri Firudin Cəlilov isə bunun düzgün, lakin gecikmiş qərar olduğunu dedi: “Bunu 20 il bundan öncə etmək lazım idi. Məsələ ondadır ki, bu attestasiyanı aparanları kimlər müəyyənləşdirəcək və kimlər aparacaq, bu bir az şübhə doğurur. Müəllimlər müxtəlif olur. Şagirddən, tələbədən soruşmaq lazımdır ki, bu müəllim necə dərs deyir. Yəni müəllimin qiymətləndirmə mərhələsi əvvəlcə tələbədən, şagirddən başlanılmalıdır. Müəllim sonradan komissiyadan keçməli, test imtahanı verməlidir. Yəni müəllimlər mütləq dərəcələrə ayrılmalıdır. 1-ci, 2-ci , 3-cü dərəcəli müəllimlər olmalıdır və onların maaşı arasındakı fərq çox böyük olmalıdır. Bu şərait yarananda təbii ki, o zəif müəllimlər öz üzərilərində işləyəcək və çalışacaq ki, maaşa görə yuxarı kateqoriya alsın. Kimdə özünü yüksək dərəcəyə çatdıra bilmirsə, onlarda çıxıb gedəcəklər. Çünki əgər 1-ci dərəcəli müəllim 500 manat maaş alırsa, buna isə 200 manat maaş verirlərsə və bu özünü o həddə çatdıra bilmirsə, 1-2 ildən artıq qala bilməyəcək. Yəni məktəblərdə ələnmə başlayacaq. Bu sistemə çoxdan keçmək lazım idi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR