Qüdrət Həsənquliyevin təklifi deputatlar üçün maraqlı deyil

qudret“Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu, nəyə lazımdır ?!”

Bunu bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q. Həsənquliyev deyib ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil:

“Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanun layihəsi parlamentə göndərilmişdən əvvəl komitələrdə müzakirələr zamanı təkliflər irəli sürülməlidir (APA).

Dünyada narkotik maddənin satışı və istifadəsinin qanuni olduğu ölkələr də var. Bu siyahıya son olaraq Rumıniya daxil olub. O, Avropa Birliyi (AB) ölkələri arasında narkotiki qanuniləşdirən onuncu ölkə sayılır. Tibb məqsədilə narkotikdən istifadənin qanuni olduğu ölkələrin siyahısı aşağıdakı kimidir: ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kambociya, Kosta Rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Cənubi Koreya, Uruqvay, İspaniya, Hollandiya.

Məsələn, siyahıdakı ölkələrdən biri olan Uruqvay dünya üzrə dövlət nəzarəti ilə marixuana sənayesi quran tək ölkə olmağa hazırlaşır. Plan çərçivəsində marixuana qiymətləri bir xeyli aşağı salınacaq və qara bazar üzərinə təzyiq ediləcək. Nəticədə marixuananın yetişdirilməsi və paylaşdırılması hökumətin nəzarəti altında olacaq.

Ölkənin keçmiş  prezidenti  Xose Muxika da bu layihəyə tam dəstək verirdi.

Bir çox ekspertlər isə hesab edir ki, bu qadağanın aradan götürülməsi insanları daha ağır narkotik vasitələrdən istifadəyə yönəldəcək. Xose Muxika isə bu iddianı qəbul eləmir: “Mən bunun əksini düşünürəm. Marixuana əldə edə bilməyənlər daha çox təhlükəli narkotik və zəhərlərə yönəlirlər” (Musavat.com)

Biz də Qafqaznews.az saytı olaraq, bu məsələ ilə bağlı bir neçə deputatla əlaqə saxlayaraq fikirlərini öyrəndik.

“Mən iştirak etməmişəm, iştirak etmədiyim halda fikir söyləyə bilmərəm”, – deyə deputat Fəzail Ağamalı bildirdi.

“Mən bu sahədə mütəxəssis deyiləm, siz mütəxəssislərdən soruşun” –  deyə Nizami Cəfərov qeyd etdi.

“Mən bu barədə bir söz deyə bilmərəm” – millət vəkili Gövhər Baxşəliyeva da fikir bildirməkdən boyun qaçırdı.

“Mən bu cür məsələlərə şərh vermirəm, mən hələ belə bir qanun layihəsi görməmişəm, əgər qanun layihəsi ortalığa gələrsə, münasibət bildirərəm” – deyə  deputat Rasim Musabəyov vurğuladı.

Q.Həsənquliyevin özü ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

Sənan Məmmədli

Qafqaznews.az

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR