Validə Abbasova: Bəli, o, mənim sevgilimdir – FOTO

Qafqaznews.az “Miss Millenium” gözəli Validə Abbasovanın axşam.az saytına müsahibəsini ixtisarla təqdim edir:”

showpic_el100-350x233– Validə xanım, bir müddətdir İsveçrədə yaşayırsınız. Bu, nə ilə bağlıdır?

– Qızım orada oxuyur. Bu il universiteti bitirəcək. Belə önəmli zamanda onun yanında olmaq istəyirəm. Bu, hər bir insan üçün çox vacib ərəfədir.

– Səyahəti çox sevirsiniz. Səfərləriniz zamanı ən çox nəyə diqqət edirsiniz?

– Ən vacib amil getdiyim yerdə özəl nəsə tapmaqdır. Həmişə gözəllik axtarıram. Gözəl məkanlar, təbiət… Eyni zamanda da tarixi yerlərin olmasını istəyirəm. Səyahət etdiyim ölkələrin mətbəxi ilə tanış oluram. Onlara haradan gəldiyimi deyirəm. Azərbaycanın necə gözəl ölkə olduğu haqda danışıram.

– Bakıdan uzaq qalanda ən çox nədən ötrü darıxırsınız?

– Yəqin ki, elə Bakının özü üçün. Amma daha çox valideynlərimdən ötrü darıxıram. Mənim atam buradadır. Onu çox istəyirəm.

– Səyahət zamanı vaxtınızı daha çox istirahətə, yoxsa alış-verişə sərf edirsiniz?

– Hər yerə uyğun davranıram. Alış-veriş mütləq deyil. Əsasən dincəlməyə üstünlük verirəm. Xaricə adətən həftə sonları istirahət etmək üçün gedirəm. Orada isə şənbə-bazar mağazalar işləmir. Heç vaxt alış-verişi öncədən planlaşdırmıram.

– İnstaqramda paylaşdığınız şəkillərdən belə başa düşülür ki, bahalı brendlərə üstünlük verirsiniz…

– Elə deməzdim. Bəzən brend mallar alıram. Əksər hallarda isə çox da məşhur olmayan brendləri seçirəm. Əsasən keyfiyyətə və mənə yaraşıb-yaraşmadığına fikir verirəm. Sonuncu dəfə İtaliya səfərində başa düşdüm ki, özümlə heç nə aparmalı deyiləm. Orada çoxlu brend dükan var. Amma insanlar o qədər də dəbdəbəli geyinmirlər. Sadəlik və keyfiyyət daha çox ön plana çıxır.

– Hər kəs sizin bu yaşda necə belə gözəl, cazibədar qalmağınızla maraqlanır. Bunun üçün nələr edirsiniz?

– Hər zaman pozitiv oluram, stressdən uzağam. Bu, həm daxili, həm də xarici gözəlliyə təsir edir. Həyatımın ən önəmli məqamı masajla bağlıdır. Çox sevirəm… Bakıda olanda formamı saxlamaq üçün özəl masajlara gedirəm. Üzümə heç bir prosedur etdirmirəm. Bədən quruluşuma gəldikdə isə formada qalmağa çalışıram. Eyni zamanda mən qurmanam, dadlı yeməklər xoşlayıram. Ev şəraitində heç nə etmirəm. Boş vaxt tapan kimi yatıram. Bu, sirr deyil. Dünya məşhurları da hər zaman yuxunu məsləhət görürlər.

– Sizin milliyətiniz haqda bilmək istərdik. Atanız, ananız azərbaycanlıdır?

– Atam azərbaycanlıdır, valideynlərim Tiflis və İçərişəhərdəndir. Anam isə milliyətcə rusdur. Nəsilləri ukraynalı ruslardandır.

– Bir zamanlar millət vəkilliyinə namizədliyinizi verəcəyinizlə bağlı açıqlama vermişdiniz. Gələn il Azərbaycanda parlament seçkiləridir. Yenidən belə bir fikriniz yarana bilərmi?

– Bu, çoxdan olub. Bir dərginin üz qabığına çəkilmişdim. Bəzi sözlər demək istəyirdim. İnsanlar da bunu ciddi qəbul etmişdi. Mən seçkilərdə iştirak edən namizədlərlə yarışa bilmərəm. Orada çox dəyərli simalar – professorlar, akademiklər yer alırdı. Mən isə sadə bir qız idim. Fəxr edirəm ki, bizi layiqli deputatlar təmsil edir. Mənim o təklifimi maraqla qarşılamışdılar. Gənc bir qız üçün sözünün elə dəyərli hesab olunması böyük şərəf idi. Mən eksperimentləri sevirəm. Amma bu, mənim işim deyil. Böyük məsuliyyət tələb edir.

– Siz daha çox dəbdəbəli, qlamur həyat tərzi yaşamağınızla göz önündəsiniz…

– Əslində, bu sadəcə fotolarda belə görünür. “Qlamur” kəlməsini heç özümə uyğun bilmirəm. Sadə həyat tərzi keçirirəm. Bəlkə də kimsə özünü qlamur həyatda görür, amma şəxsən mən bu cür yaşayışdan uzağam. Sadəcə, gözəllik vurğunuyam.

– Təbii ki, bütün bunlar maddiyat tələb edən amillərdir. Sirr deyilsə, bilmək istərdim, Validə Abbasova bu pulları necə qazanır?

– Xaricdə dostlarıma hansısa bir brendin tanıdılmasında kömək edirəm. Gələcəkdə ölkədən kənarda özümə məxsus bir brend açmaq istəyirəm. Qazancıma gəldikdə isə… Bəzi mülklər var ki, onları qardaşım Moskvada icarəyə verir. Mən də oradan öz payımı götürürəm. Mən heç bir biznesi idarə etmirəm. Özümü biznes-ledi kimi görmürəm.

– Bəs, model biznesiniz?

– Modellik mənim üçün biznes deyil. Heç vaxt bu sahədən pul qazanmamışam. Modelliyi sevmişəm, buna görə də məşğul olmuşam. Bütün işləri də pulsuz görmüşəm. Mənimlə işləmək bəzilərinə maraqlı idi. Yekunda isə gözəllik müsabiqəsinin qalibi oldum. Modellərə bəzən əmr verirlər. O sözləri götürmək məcburiyyətindəsən. Mən isə kiməsə əmr verməyi xoşlayıram. Kastinqlərdən keçmək mənlik deyil. Ola bilsin ki, bu, özündənrazılıqdır. Amma xasiyyətim belədir.

– Qızınız da model kimi fəaliyyət göstərir? Onun bu sənəti seçməsinə reaksiyanız necə olar?

– Heç vaxt… Kamilla model deyil. Onun belə arzusu yoxdur. Qızım beynəlxaq münasibətlər fakültəsində təhsil alır. Onun üçün modellik əhəmiyyətli deyil.

– Xasiyyətcə qızınızla bənzərliyiniz var?

– Bir az… O, bəzi məqamlarda məndən daha yaxşıdır. Sakitdir, emosiyalarını idarə edir. Bu, gözəl xasiyyətdir. Mən isə bəzən bunu bacarmıram.

– Qızınıza elçi düşən varmı? Onun tezliklə ailə həyatı qurmasını istəyirsinizmi? Yoxsa, bu barədə qərarları özü verəcək?

– Əlbəttə, insanın öz seçimi, düşüncəsi önəmlidir. Amma bilirəm ki, qızımın seçimində mənim fikirlərim mühüm olacaq.

– Sevgi cəbhəsində vəziyyət necədir? Bir müddətdir gənc oğlanla birlikdə olduğunuzu bilirik…

– Bəli, o mənim sevgilimdir. Əcnəbidir. İsveçrədə yaşayır. Ora vətəndaşıdır. Şəxsi biznesi var. Eyni zamanda dövlət işində çalışır. Ətraflı danışmaq istəmirəm. O, valideynlərini uşaq yaşlarında itirib.

– Onunla hansı dildə ünsiyyət qurursunuz?

– Rus, ingilis, italyan, fransız dillərini bilir. Biz rus dilində danışırıq. İki dəfə Bakıya gəlib. Ona şəhəri gəzdirmişəm. Buraları çox bəyənib. Mətbəximizdən xoşu gəlir.

– Deyəsən, sizə tez-tez sürprizlər edir…

– Bəli, bunu çox xoşlayır. Hərdən həftə sonu gəzintiyə gedirik. Bir də görürəm, məni maşın və bir dəstə çiçək gözləyir. Sürpriz yalnız bahalı hədiyyələrdən ibarət olmur. Onun etdikləri çox fərqli və maraqlıdır.

– Bəs siz ona sürpriz edirsiniz?

– Heç vaxt. Sürpriz etməyi xoşlamıram. Öz həyatımı isə sürprizsiz təsəvvür etmirəm. Elə mən özüm onun üçün sürprizəm. Mənimlə həyat maraqlıdır (gülür).

– Çox qısqancdır?

– Qısqanması üçün şərait yaratmıram. Amma sevən kişi istər-istəməz qısqanır.

– Bəs ailə qurmaq haqqında düşünmürsünüz?

– Mən ərə getmək arzusunda deyiləm. Mənim üçün duyğular önəmlidir. Hissləri sübut etmək üçün atılan imzaya ehtiyacım yoxdur. Əlbəttə, bütün qızlar gözəl ailə sahibi olmalıdırlar. Mən ailəli olmuşam. Nəticədə gözəl qızım dünyaya gəlib. Bununla fəxr edirəm. Mənim həyatım ona bağlıdır. Onu özümdən çox istəyirəm. Əgər nə vaxtsa təklif gələrsə, buna, həqiqətən, hazır olub-olmadığımı ciddi düşünərəm. Onun mənə münasibəti bəlkə də ailəli olan kişinin davranışından daha ciddi, səmimi və gözəldir. Onun layiqli kişi olması mənə kifayət edir.

– İkinci dəfə övlad sahibi olmaq istərdiniz?

– Yox. Uşağı dünyaya gətirmək uzun prosesdir. Önəmli olan onu doğmaq deyil. Sonrakı həyatı daha vacibdir: böyüyür, məktəbə gedir, universitetə daxil olur… Bütün bunlara nəzarət edilməlidir. Mən yenicə bu cavabdehlikdən qurtulmuşam. Hələ indi rahat nəfəs almağa başlayıram.

– Tez-tez sosial şəbəkədə açıq-saçıq şəkillərinizi paylaşırsınız. Bəzən bunu narazılıqla qarşılayanlar da olur. Onlara sözünüz nədir?

– Mənim üçün çimərlik geyimində şəkil qoymaq açıq-saçıqlıq demək deyil. Universitetdə oxuduğum vaxtlarda heç vaxt belə halla qarşılaşmırdım. İndi hamı pis baxır. Biz Avropalaşırıq, burada “Eurovision” keçirilib. Bu cür hallarla yalnız virtual dünyada rastlaşıram. Kişilərimiz çox qəribədir. Həm mühafizəkardırlar, həm müasir və alicənab. Küçədə gedirsən, sənə yol verir, “çox sağ ol” deyir, təriflər yağdırırlar. Mənim bədən quruluşum qısa şortik geyinməyə imkan verir. Hərəkətlərimə özüm cavabdehəm. Heç kim mənim şəkillərimə baxmaq məcburiyyətində deyil. Niyə Monika Belluççinin açıq-saçıq şəkillərinə ağzıaçıq baxırlar? Çünki italyan aktrisasıdır? Özümü onlarla bir tutmuram. Amma geyindiklərimi də özüm tikmirəm axı… Hamısını dükanlardan alıram… Çimərlik geyimində dənizdə olmaq daha gigiyenik, gözəl və rahatdır, nəinki paltarda suya girmək.

– Validə Abbasova özünü Azərbaycanın seks simvolu hesab edirmi?

– Ətrafdakı insanlar məni belə adlandırır. Bu sözdən gözlərim parıldamır. Düşünürəm ki, bu, komplimentdir. Seksuallıq lüt soyunmaq deyil. Kimsə qarşında soyunub dayansa, bu sənə xoş olmaz. Amma elə baxışlar edib, şəkil çəkdirə bilərsən ki, baxan deyər, bu necə seksual baxışlardır. Seksuallıq dünyada kompliment kimi qəbul edilir. Mən isə bu haqda düşünmürəm.

– Bəs sizcə, Azərbaycanın ən seksual kişisi kimdir?

– Aktyor Cud Lou və bir neçə futbol klubunun məşqçilərini seksual hesab edirəm. Azərbaycanda isə heç kimin adını çəkə bilmərəm.

Zəhra ƏHMƏDOVA

Foto: Ruslan ƏSƏDOV

showpic_el100-2-226x3391

showpic_el100 (3)

showpic_el100 (5)showpic_el100 (6)showpic_el100 (11)showpic_el100 (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR