Samuxda oktyabrın 21-də bədbəxt hadisə baş verən mənzildə yenə partlayış olub
ARB TV xəbər verir ki, Samuxun Aşağı Ağasıbəyli kəndində Naçar İsmayılova məxsus yaşayış evində qaz sızması partlayışa səbəb olub. Bədbəxt hadisə saat 21.00 radələrində qeydə alınıb.
Hadisə zamanı evin gəlini 27 yaşlı İlahə İsmayılova və onun 3 övladı, anası 55 yaşlı Zülxumar Məmmədova mənzildə olublar. Xoşbəxtlikdən 5 nəfər xəsarət almadan canlarını qurtara biliblər. Ancaq iki otaq və bir şüşəbənd partlayışın gücündən dağılaraq yararsız hala düşüb.
İlahə İsmayılova zərərçəkən: “Uşaqlara dərs oxudurdum, baxdım ki, qaz iyisi gəlir. Həmin vaxt partlayış oldu. Anam uşaqlardan ikisini çıxardı. Balaca oğlumu tapa bilmirdim. Gördüm uşaq xalçanın arasındadır. Ev də yanır, qaz hər şeyi uçurub”.
Zülxumar Məmmədova zərərçəkən: “Elə bil yerin altına bomba qoyub partlatmısan. Hər şey üstümüzə gəldi. Sobanı üstümüzə aşırdı, dünyanı başımıza tökdü. İki həftə əvvəl eyni səbəbdən evdə daha bir partlayış qeydə alınmışdı”.
Oktyabrın 21-də qaz sızması eyni otaqda, məhz həmin yerdə baş vermişdi.
Hadisə zamanı Naçar İsmayılov və həyat yoldaşı yanıq xəsarətləri ilə Bakıya aparılmışdı. Ancaq Zemfira İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. Bədəninin 65 faizi yanan Naçar İsmayılovun müalicəsi isə davam edir. Hazırda vəziyyəti ağır olaraq qalır.
Hadisə yerinə Samux rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, FHN-nin əməkdaşları cəlb olunub.
Partlayışın dəqiq səbəbləri araşdırılır.