Sərnişinlərin həyatı ilə oynayan 93 nömrəli marşrut – VİDEO

032885“Avtobus çatışmazlığı var”

Ötən il bağlanan və ardınca bərpa olunan Sabunçu qəsəbəsindən şəhər istiqamətində hərəkət edən 93 saylı avtobusda problemlər bitmir. Bununla bağlı sərnişinlər tərəfindən redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Şikayətlərdə iddia olunur ki, avtobus sürücülərinin əksəriyyəti qeyri-peşəkardırlar. O da bildirilir ki, marşrutun sürücüləri necə gəldi, sürmələri ilə yanaşı, avtobusa lazım olduğundan dəfələrlə artıq sərnişin götürürlər. Nəticədə isə pik saatlarda sərnişinlər avtobusun qapısından sallaşaraq gedirlər.

Bunu sərnişinlərin musavat.com-a göndərdikləri videodan da açıq şəkildə görə bilərsiniz. Bildirilir ki, 93 nömrəli avtobusun hərəkət istiqaməti boyunca marşrut azlığı yaşanır. Buna görə də pik saatlarda demək olar ki, hər gün eyni vəziyyət müşahidə olunur.

Onu da qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu marşrutun yenidən xəttə qaytarılmasının səbəbi kimi ötən il aşağıdakı məlumatı yaymışdı: “93 saylı marşrutla hərəkət dayandırılmışdı. Bu, Ziya Bünyadov prospektindəki təmir işləri, həm də iqtisadi-səmərəlilik baxımından müəyyən problemlərlə bağlı idi. Yenidən bərpa olunmasına səbəb isə Sabunçu istiqamətindən “20 yanvar” metrostansiyasına doğru başqa marşrutun olmaması, sərnişinlərin əziyyət çəkməsidir”. Lakin marşrut bərpa olunduqdan sonra da göründüyü kimi, sərnişinlərin əziyyəti bitməyib.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, mövcud mənzərənin yaranması ilə bağlı müxtəlif səbəblər var: “Marşrut və ya marşrut xətti ilə hərəkət edən avtobusların sayının az olması buna gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında daha sıx şəkildə sərnişinlərlə yüklənən avtobusla getməyə məcbur olurlar. Bu hal üçün obyektiv səbəb odur ki, avtobus çatışmazlığı var. Həmin xəttə avtobusların verilməsi ilə məşğul olan şirkət, marşrut üzrə daha çox avtobusun xəttə buraxılmasına çalışmalıdır. Bu isə əlavə vəsait tələb edir. Ola bilər ki, məhz bu vəsait ucbatından da müvafiq şirkətlər xidmət göstərdikləri xətt üzrə lazımı sayda avtobusları buraxa bilmirlər. Subyektiv səbəblərə gəlincə, burada  heç şübhəsiz ki, sürücülərin də üzərində böyük məsuliyyət var. Onlar da bu hala şərait yaratmamalıdırlar. “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində də birmənalı şəkildə sərnişin daşınması qaydaları göstərilir. Bunu pozmaq isə inzibati məsuliyyət daşımaq deməkdir”.

Ekspert bildirib ki, sərnişin üzləşdiyi bu kimi hallarla bağlı Bakı Nəqliyyat Agentliyinin “qaynar xəttinə” müraciət etməlidir: “Belə halda sərnişinlər daim təhlükə altında olurlar. Qapıdan sallaq vəziyyətdə olan sərnişinlər həm də sürücünün yolu görməsini məhdudlaşdırır. Bu isə təkcə qapıdakı deyil, avtobusdakı bütün sərnişinlər, həmin yolda hərəkət edən digər avtomobillər üçün də təhlükə yaradır. Belə vəziyyətdə ən optimal yol odur ki,  Bakı Nəqliyyat Agentliyinin 141 nömrəli “qaynar xəttinə” şikayət olunsun. Agentlikdə dərhal bu şikayətlərə baxılır və müvafiq tədbirlər görülür. Buna misal olaraq, bu günlərdə çoxsaylı şikayətlər əsasında 21 nömrəli marşrut xəttinin istifadə hüququnun bir şirkətdən alınaraq, digərinə verilməsini göstərə bilərik. Konkret tədbirlər mövcuddur. Ona görə də, ictimaiyyət bu məsələdə kifayət qədər fəal olub, problemin həllinə nail olmalıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR