Təmas xəttinə hərbi texnika toplanır – BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ

Ukrayna ordusu mümkün hücum əməliyyatı üçün separatçılarla təmas xəttinə tanklar və ağır artilleriya toplayır.

Bu haqda SİTA agentliyinə “Luqansk Xalq Respublikası” separatçı qurumun “xalq milisi”nin nümayəndəsi Andrey Marçenko deyib. Onun sözlərinə görə, Ukrayna tərəfinin aktivliyi Debaltsevo və Avdeyevkada xüsusi müşahidə edilir.

“Ukrayna ordusunun hərbi qulluqçuları mümkün hücum əməliyyatı üçün Avdeyevka və Debaltsevo ərazisində güc toplayırlar. Bizim informasiyamıza görə, dünən Xarkov vilayətindən təmas xəttinə Ukrayna Silahlı qüvvələri hərbi texnikasının böyük kolonu – tanklar, “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri, BMP-lər, BTR-lər, şəxsi heyət və döyüş sursatları ilə avtomobillər hərəkət edib”, – deyə Marçenko bildirib.

Onun sözlərinə görə, Slavyansk ərazisində kolon bölünüb, hərbi texnikanın bir hissəsi Avdeyevkaya, digər hissəsi isə Mironovskiyə göndərilib.

Fevralın 7-də isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, Rusiya Donbasın işğal edilmiş ərazisinə hərbi texnika, silah, döyüş sursatları, həmçinin hərbi qulluqçuların çatdırılmasını aktivləşdirib.

Turçinov qeyd edib ki, yalnız son üç gün ərzində Rusiyadan Donbasa xeyli sayda tanklar, BMP (piyada döyüş maşını), “Qrad” yaylım atəş sistemləri, həmçinin “Pion” və “Giasint” özüyeriyən artilleriya sistemləri gətirilib. O, həmçinin bildirib ki, Rusiyanın hərbi komissarlıqlarında Ukraynanın şərqində döyüş əməliyyatları üçün müqaviləli əsaslarla döyüşçülərin açıq şəkildə toplanması gedir.

Turçinov əlavə edib ki, Rusiya Ukraynada təcavüzkar hərəkətlərini beynəlxalq cəmiyyətdən gizlədə bilməyəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR