“Sabiq məhkumların məşğulluğuyla bağlı dövlət proqramı yoxdur”

DİN-in rəsmi saytında verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb (APA).

Azərbaycanda bir çox keçmiş məhbuslar iş tapa bilmirlər. Buna görə də, sadəcə aclıqdan ölməmək naminə, onlar cinayət işləməyə məcbur olurlar. Martın 12-də LEGİON-da “Əfv olunmuş məhkumlar məzarlıqda yaşayır” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda İsmayıllı RİH başçısının birini müavini Rövşən Ağayevdən sitat gətirilirdi ki, keçmiş məhkumlar dövlət proqramına uyğun olaraq, rayonun məşğulluq idarəsində qeydiyyatdan keçir və öz peşələrinə uyğun işlə təmin olunurlar. “Əgər iş yoxdursa”, – deyə soruşduq. “İş yerləri həmişə var. Onlar ictimai işlərdə də işləyə bilər. Bizim rayonda əsasən ictimai işlərdir, kommunal təsərrüfat və bələdiyyələr tərəfindən həyata keçirilir. Bu işlərdə sabiq məhkumlar minimal maaşla işlə təmin olunurlar”, – deyə R.Ağayev bildirdi.

Lakin Kürdəxanı icra nümayəndəliyinin rəhbəri Rafiq Rzayev İsmayıllı RİH başçısının müavini Rövşən Ağayevin sözlərini təkzib etdi. Onun sözlərinə görə, icra hakimiyyətlərində keçmiş məhkumların adaptasiyası ilə bağlı heç bir proqram yoxdur. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı LEGİON-a bildirdi: “Həqiqətən də, Azərbaycanda sabiq məhkumların adaptasiyası ilə bağlı heç bir proqram yoxdur. Belə proqramlar Sovet İttifaqı vaxtında mövcud idi. SSRİ-də hətta keçmiş məhkumların məşğulluğuna cavabdeh olan xüsusi məmurlar da var idi”.

Qəhrəmanlı qeyd etdi ki, keçmiş məhbuslar arasında öz keçmişiylə vidalaşmaq istəyən şəxslər də var. “Yaxın vaxtlara qədər, sabiq məhkumların adaptasiya ilə, eləcə də məşğulluğuyla bağlı QHT-lər məşğul olurdu. Bu gün QHT-lər belə bir imkandan məhrum olublar. Buna görə də, problemlə dövlət məşğul olmalıdır”, – deyə M.Qəhrəmanlı vurğuladı.

Onun sözlərinə görə, dövlət sabiq məhkumlar üçün reabilitasiya mərkəzləri yaratmalıdır. “Sabiq məhkumlar üçün peşəkar texniki məktəblər də təşkil olunmalıdır. Həmçinin, keçmiş məhkumları sahibkarlıq fəaliyyətinə də cəlb etmək lazımdır”, – deyə hüquq müdafiəçisi LEGİON-a bildirdi. Yeni Azərbaycan Partiyasından olan deputat Gövhər Baxşəliyeva LEGİON-a bildirdi: “Keçmiş məhkumların işlə təmin olunması üçün yeni dövlət qurumuna ehtiyac var. Keçmiş məhkumların məşğulluq məsələsi həllini tapmalıdır. Çünki bu olmadan, onların sosial adaptasiyası mümkün deyil”.

Deputat qeyd etdi ki, bu gün çox az müəssisə rəhbəri sabiq məhkumu işə götürməyə maraq göstərir. “Hətta öz keçmişiylə vidalaşmaq istəyən məhkumlar belə, yeni iş tapa bilmədikdə cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər və yenidən cinayət işlədirlər”, – deyə G.Baxşəliyeva LEGİON-a açıqlamasında əlavə etdi.

Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR