Aydınlar gedirsə…

Qriqori Petrov “Bəyaz zambaqlar ölkəsində” əsərində təhsilsiz cəmiyyətləri xəstə cəmiyyətlər, o xəstə cəmiyyətin aydınlanması üçün mübarizə aparan ziyalıları isə “xalq həkimi” adlandırırdı. Xüsusi olaraq qeyd edirdi ki, xalq həkimlərinin varlığından nə qədər zaman keçsə də fərq etməz, sağlığına qovuşan millətin qəlbində onların xatirəsi daima nəvaziş və parlaqlıqla yad ediləcəkdir.

İlk dəfə bu əsəri bir dostumun tövsiyəsi ilə oxumuşdum, əsər mənə Seyid Əzim Şirvanini, Zərdabini, Məmmədquluzadəni, Haqverdiyevi, Hacıbəyovu və neçə-neçə qürurla yad etdiyimiz aydınlarımızı xatırlatmışdı.

Əslində onlar bu dünyadan köçənə qədər bizim cəmiyyət sağalmamışdı. Heç indi də sağlam cəmiyyətə sahib deyilik. Amma həyatını maarifləndirməyə həsr etmiş şəxslər tarixin hansı dönəmində olursa olsun sağlamlığa qovuşa bilmiş nəsillər tərəfindən hörmətlə yad edilir. Və onların fəaliyyətləri bu gün də müxtəlif şəkildə cəmiyyət üçün mühüm rol oynayır. Petrov bunu demək istəmişdi.

Keçən əsrin ziyalıları barmaqla sayılacaq qədər müəllim olan bir dönəmdə təhsil üçün mübarizə aparır, azsayda oxuma-yazma bilən əhalini qurtarmağa çalışırdılar. Günümüzdə isə ölkədə yüzlərlə müəllim var, təhsilli şəxslərin sayı yetəri qədərdir. Amma onların çoxu nə aydın ola bilir, nə də “xalq həkimi”. Tam əksinə, müəllim deyəndə saxta bülletenlər, seçki qutusu, tədbirlərdə mədhiyyə dolu çıxışlar yada düşür. Digər tərəfdən də, hər il orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarının açıqlanan acı nəticləri. Ölkə günbəgün deyil, saatbasaat qaranlığa sürüklənir.

Yenə də bir təhsil ilinin sonuna yaxınlaşırıq. İlin bu dönəmi inkişaf etmiş ölkələrdə yeni potensiallar qazanmaq, yeni nəslin formalaşması, ali təhsil ilinin başlanğıcı kimi səciyyələnir. Bizdə isə tam əksinə, hər təhsil ilinin sonu ölkədən yüzlərlə gəncin tərk etməsi ilə müşahidə olunur. Daha yaxşı təhsil, daha mükəmməl yetişmək arzusu gənclərimizi yaxın-uzaq ölkələrə aparır.
Gənclərin çoxu Türkiyənin ən zəif universtetini belə bizim dövlət universtetərindən üstün tuturlar. Çünki Həsən bəy Zərdabilər, Seyid Əzim Şirvanilər məmləkətində, ən nüfuzlu sayıla biləcək dövlət unuverstetləri belə, gündəmi olsa-olsa rüşvət qalmaqalları ilə doldura bilir.  Gənclər də bu biabırçılığın aləti olmaq istəmirlər və gedirlər. Yerdə qalan boşluq isə dolmur, bu təhsil səviyyəsi ilə dolması mümkün də deyil.

Dünyada düşünən beyinlər uğrunda mübarizə getdiyi bir vaxtda, Avropa, Amerika istedadlı gənclərə müxtəlif şərait yaradıb, onları öz ölkəsinə cəlb etdiyi dövrdə, Amaniyada alman dilini bilən bütün gənclərə ali təhsilin pulsuz olduğu bir zəmanədə Azərbaycanda qəbul imtahanlarının pullu keçirilməsi müzakirə olunur.

Yuxarıların aşağılardan xəbəri yoxdur, hökümət strateji düşünə bilmir, ölkənin post-neft dövründə düşə biləcəyi olası böhrandan təhsillə çıxa biləcəyini dəyərləndirmək iqtidarında deyil.

Təhsil nazirliyi məktəblərdə effektivliyi artırmağa çalışır, amma alınmır. Ölkədə təhsil işçiləri biliyə, savada görə qiymətləndirilmir. Şagirdlər müəllimlərdə xarakter, motivasiyaedici davranışlar görmürlər. Müəllimlərin nəzəri bilikəri ümumi standartlara cavab vermir.

Bizim, “xalq həkimi” yox, “xalq soyğunçusu” olmağa qərar vermiş bəzi müəllimlər yuxarı siniflərdə ümumiyyətlə dərs vermirlər. Uşaqların repetitorlara müraciət etməsi üçün passiv təzyiq metodu seçiblər.

Cəmiyyət ikiyə bölünüb, təhsildən əlini üzüb özünə gün ağlamağa çalışanlar və təhsil uğrunda öz metoduyla mübarizə aparanlar. Valideyinlər repetitorlara külli miqdarda pul tökürlər, məktəbdə verilməyən təhsili kənardan uşaqlarına təmin etməyə çalışırlar.

Düşünə bilərsiz ki, təhsilin düşməsində bəlkə sadə vətəndaşların da günahı var, bəlkə insanlarımız istedadsızdır? Belədirsə niyə ölkədən gedən gənclər xarici universtetlərdə uğur qazanırlar, ölkədə tibb sahəsi xeyli tənqidə məruz qalır, vətəndaşlar müalicə üçün İrana, Türkiyəyə üz tutur, amma təkcə Almaniyada 2016-cı il ərzində 108 Azərbaycanlı həkim işə alınıb.

Təhsilin səviyyəsi aşağı gedir, amma Türkiyənin bir çox universtetində həmyerlilərimiz olan professorlar çalışır. Özünə hörmət edən şəxs rüşvəti, yaltaqlığı halal əmək qarşılğı olan maaşdan üstün tutmaz, bu səbəbdən də az sayda qalan aydınlarımız gedir. Onlar getdikcə qaranlıq çoxalır, işıq azalır. Bir gün o qaranlıq vətəndaşlarla birlikdə sistemi də boğacaq, heç olmasa bunun qarşısını almaq üçün təhsil sistemi çox tez bir vaxtda reabilitasiya olmalıdır.

BMW avtomobil konserninin keçmiş prezidenti  Hendrik fon Kyunxaym deyirdi ki, yalnız və yalnız tərbiyəli, yüksək təhsilli və çoxtərəfli inkişaf etmiş şəxsiyyət cəmiyyətin həqiqi kapitalı hesab edilməlidir. Bu cür həqiq kapitalı Azərbaycan üçün sıfırdan qazanmağa başlamağın əsl zamanıdır.

Birinci, rüşvətin və repetitorluğun kökünü kəsmək lazımdır. Müəllim verdiyi təhsilin qarşılığında tələbədən və ya şagirddən heç nə gözləməməlidir.

İkinci, təkcə prezident təqaüdü ilə iş bitməz, yüksəl bal toplamış gənclərin təminatı haqqında qərarlar qəbul edilməlidir. Yataqxanalar, kitab təminatı, iş təminatı haqqında düşünülməlidir. Amma havayı heç nə verilməməlidir, qarşılığı üçün tələbələr hansı töhfələri verməlidir, bunlar düşünülməlidir. Qarşılıqsız verilən dəstək gəncləri başqa tərəfdən şikəst edir.

Üçüncü ali və orta təhsil məktəblərində müəllimlər arasında imtahanlar keçirilməli, yetərsiz səviyyədə olanlar bir an öncə uzaqlaşdırılmalıdırlar. Belələrinin uşaqların gələcəyini məhv etməsinə yol vermək olmaz. Bunun əvəzinə istedadlı müəllimlərin maaşlarını istehlak zənbilinə uyğunlaşdırmaq, onların motivasiyasını qaldırmaq üçün mükafatlar təsis etmək, sosial statuslarının yüksəlməsi üçün zəruri addımları atmaq şərtdir.

Təhsilimizi xilas etməliyik, gələcəyimiz naminə, ölkəmiz naminə. Təbii ki, kompleks tədbirlər bununla bitməz,  xüsusi heyət yaradılıb ətraflı plan hazırlanmalıdır.

Gecikirik, çox gecikirik…

Aynur İmran

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR