“Carabao” qanundan üstündür..?

8 iyun 2017-ci il tarixdə Kavkaznews.az saytında ““Carabao” içkisi Azərbaycanda satıla bilməz” başlıqlı məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə sözçüsü Yadulla Balışov Qafqaz Xəbər Agentliyinə bildirib ki, “Carabao” içkisini Azərbaycana “Nep future” şirkəti idxal edir.

Balışov onu da bildirib ki, bu şirkət gigiyena qeydiyyatından keçmək üçün öz məhsulunu bizə təqdim edib: ““Nep future” şirkəti məhsulun üzərinə öz ünvanlarını və yararlıq müddətini qeyd edib. Şirkətin bizə təqdim etdiyi içkinin üzərindəki yazılar Azərbaycan dilindədir.

2 iyun 2017-ci ildə “Nep future” şirkəti öz məhsulunun gigiyenik qeydiyyatdan keçməsi üçün bizə rəsmi müracaiət edib. Biz “Carabao” içkisinin gigiyenik normalara cavab verib-vermədiyini araşdıracağıq. Əgər cavab müsbət olarsa, məhsul gigiyenik qeydiyyatdan keçəcək”.

Müxbirimizin “ Siz demək istəyirsiniz ki, “Carabao” içkisi hələ gigiyenik qeydiyyatdan keçməyib. Bəs onda bu içki necə satışa çıxarılıb?” sualına Yadulla Balışov belə cavab verdi: “ Gigiyenik qeydiyyatdan keçməyən məhsul satışa çıxarıla bilməz”. (Kavkaznews.az).

9 iyun 2017-ci il tarixdə Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə sözçüsü Yadulla Balışov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Carabao” içkisi iki dövlətin ərazisində istehsal olunur: “Bu Böyük Britaniya və Tailanddır.

Tailandda istehsal olunan məhsul 8 iyun 2017-ci il tarixdə Azərbaycanda gigiyenik qeydiyyatdan keçdi. Böyük Britaniyadan gətirilən məhsul isə hələ ki gigiyenik qeydiyyatdan keçməyib”.

Yeri gəlmişkən, bildirək ki, ATV kanalında 29 may 2017-ci il tarixdən fəaliyyətə başlayan “Maşın Şou” verilişində “Сarabao” içkisi reklam edilir.

Bu içki eyni zamanda 1news.az və Milli.az saytlarında da reklam edilir.

Hələ gigiyenik qeydiyyatdan keçməyən məhsulun reklam edilməsi qanunvericiliyə uyğundurmu..?

Sualla bağlı Reklamçılar İttifaqının vitse-prezidenti Tamilla Nağıyeva Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Reklam haqqında” qanuna görə gigiyenik qeydiyyatdan keçməyən məhsulların reklam məsələsi İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti tərəfindən həyata keçirilir.

Təəssüf ki, Antiinhisar Xidməti “Reklam haqqında” qanunun tələblərinə əməl etmir. Sanitar normalara uyğun gəlməyən məhsul Azərbaycan ərazisində reklam oluna bilməz. Çünki bu məhsul Azərbaycan bazarına qanunsuz girib”.

İçkinin telekanalda reklamı getdiyi üçün məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının da fikirlərini öyrəndik.

Qurumun hüquqşünası Heymət Cavadov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, ölkəyə daxil olan istənilən məhsulun gigiyenik sertifikatı olmalıdır: “Əgər bu və ya digər məhsul ölkəyə daxil olubsa, deməli həmin məhsulun artıq gigiyenik sertifikatı var”.

Müxbirimizin “Sanitar-karantin müfəttişliyindən Qafqaz Xəbər Agentliyinə bildirilib ki, ATV-də reklam olunan “Carabao” içkisi dünən Azərbaycanda gigiyenik qeydiyyatdan keçib” fikrinə Neymət Cavadovun cavabı belə oldu: “Mən bunu aydınlaşdıraram. İşin sonunda mənə zəng edin”.

Təəssüf ki, sonradan Neymət Cavadovla əlaqə saxlamaq mümkün olmadı.

Yeri gəlmişkən, bu içki elektron portallarda da reklam edilir.

Bu “KİV haqqında” qanuna zidd deyilmi?

Bu suala “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev belə cavab verdi: “Bu sualın “KİV haqqında” qanunda dəqiq cavabı yoxdur. KİV reklam mətnlərinə görə birbaşa məsuliyyət daşımır, əgər mətndə zorakılığa, dövlət çevrilişinə çağırış yoxdursa. Amma KİV mütləq reklam məlumatlarının həqiqətə uyğun olduğunu yoxlamalıdır. Yeri gəlmişkən, bu məsələ dəfələrlə Avropa şuarası mətbuatında da müzakirə edilib. Və bu nəticəyə gəlinib ki, KİV reklam etdiyi məhsulun satışının qanuni olub-olmadığını yoxlamalıdır”.

Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Reklam haqqında” qanuna görə KİV-dəki reklama görə məsuliyyəti reklamı təqdim edən şəxs, yaxud qurum daşıyır: “Reklam qanunun tələblərinə uyğun olmalıdır. KİV mütləq dəqiq göstərməlidir ki, material ona məxsus deyil və məzmununa görə o məsuliyyət daşımır. Bütün bunlara əməl edərsə KİV reklamın məzmununa görə heç bir məsuliyyət daşımır. Əgər KİV-in əməkdaşı özünü peşəkar hesab edirsə, o, mütləq reklam olunan məhsulun satış üçün zəruri sənədlərinin olduğunu aydınlaşdırmalıdır. Bu yolla KİV özünü gələcək məhkəmə məsuliyyətindən kənarda saxlaya bilər”.

Məsələ ilə bağlı Turan agentliyinin direktoru Mehman Əliyev isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, mən heç vaxt KİV-in reklam verəndən sertifikat, yaxud satışa icazə sənədi tələb etməsi ilə rastlaşmamışam, adətən belə şeylər olmur.

Biz aydınlaşdırdıq ki, gigiyenik qeydiyyatın olmaması Azərbaycanda məhsulun satışına mane olmur.

“Grandmart” supermarketinin əməkdaşı bizə bildirdi ki, , “Nep future” şirkətinin göndərdiyi “Сarabao” içkisinin satışı ilə məşğuluq.

“Grandmart”-ın ofisinin əməkdaşı Zöhrab ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Сarabao” içkisini 1 aydan çoxdur ki, satırıq.

Bizim “Nep future” şirkəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.

R.Həsənoğlu

Kavkaznews.az

Mövzuya aid linklər:

“Carabao” içkisi Azərbaycanda satıla bilməz

“Carabao” Azərbaycan qanunlarını tanımır..?

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR