Şirkətdə yeni yoxlamalar gözlənilirmi?
İyunun 8-də qafqaznews.az-da “Best Beef” firmasının əhaliyə “saqqallı” kolbasalar satması ilə bağlı yazı dərc olunmuşdu.
Həmin yazıda müstəqil jurnalist Rüfət Əhmədzadənin istehlakçı olaraq şikayətindən söz açılırdı.
R.Əhmədzadə öz sözlərinin doğruluğunu təsdiq edən videonu da qafqaznews.az-a təqdim edib.
Məqalədə deyilirdi: “…Kolbasanın içindən çıxan tüklər o qədər qalındır ki, simə də bənzəyir: “Sadəcə əməkdaşlıq etdikləri şirkətin nəzərinə çatdırsınlar deyə marketə apardım, qalan çəkinin məbləğini hesablayıb 1 manat 60 qəpiyi özümə qaytardılar”. Bildirildi ki, “Araz Market” yalnız məhsulun tarixinə görə məsuliyyət daşıyır, lakin müvafiq tədbirlər görüləcək. Prinsipcə, market işçilərindən hər hansı narazılığım yoxdur. Bu məhsulu istehsal edən şirkətin rəhbərliyi isə utanmalıdır. Yerli sahibkarlıq inkişaf edir deyə ümidlənirik, onlar isə bizə saqqallı kolbasa satırlar”.
365info.az saytı olaraq,bundan əvvəl də, Azərbaycanda istehlakçı hüquqlarının müxtəlif qida məhsulları istehsal edən şirkətlər tərəfindən pozulmasına rast gəlmişik.
Həmçinin, “Best Beef” barəsində mətbuatda mənfi xarakterli məlumatlar az deyil.
Şirkətin ünvanından və əlaqə nömrələrindən başqa, internetdə “Best Beef” haqqında nəyə desən rast gəlmək olar.
Maraqlıdır ki, jurnalist Rüfət Əhmədzadənin başına gələn “saqqallı kolbasa” olayı mətbuatın diqqətindən qaçmadı və bir çox saytlar bu şikayəti qafqaznews.az-a istinadla dərc etdi (istinad mədəniyyətini unudanlar da oldu).
Əlbəttə, şirkət rəhbərliyi hardan bilə bilərdi ki, onların “saqqallı” məhsullarından biri araşdırmaçı jurnalistin əlinə keçəcək. Axı jurnalist də bu ölkənin vətəndaşıdır, istehlakçıdır… O da aldana bilər, o da bəhəbəhlə reklam olunan məhsullardan birini alıb, sonra pərt ola bilər.
Görəsən, hər dəfə müstəqil mətbuatı qərəzdə ittiham edən bu və digər şirkətlər belə hallar barədə qabaqcadan düşünürmü?
Hər halda, “Best Beef”in mövqeyi də bizim oxucular üçün maraqlı olar və bu şirkətin mövqeyini dərc etməyə hazırıq.
İndi isə mətbuatda “Best Beef” haqqında dərc olunan bəzi məlumatlara nəzər yetirək.
365info.az oxuculara 2013-cü il noyabrında yayılan bir məlumatı təqdim edir: “İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xətai rayonu ərazisindəki istehsalat müəssisələrində yoxlama aparılıb.
Nazirlikdən verilən məlumatda deyilir ki, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən və Malik Tahirova məxsus olan müəssisədə kolbasa və sosiskaların istehsalında nöqsanlar aşkarlanıb. “Müəssisədə həm halal, həm də tərkibinə donuz əti qatılaraq kolbasa və sosiska istehsal edilir. Texniki qaydalara əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı “Ocaq” və “İveriya” adlı halal sosiskaların tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilib” – deyə nazirlikdən söyləyiblər. Yoxlama zamanı istehsal olunan kolbasa məhsullarının markalanmasında digər təsərrüfat subyektinə məxsus “Best Beef” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub: “Həmçinin məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar yerləşdirildiyi, eləcə də kolbasa və sosiskaların texnoloji təlimat olmadan istehsal olunduğu müəyyənləşdirilib” (pia.az).
Musavat.com saytında isə bildirilir (yazı 28 iyun 2014-cü ildə dərc olunub): “Firmanın adının çəkilməsini istəməyən sabiq işçisinin məlumatına görə, Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işində “halal” qadağasından sonra ciddi problemlər yaranmağa başlayıb.
Azinform.az saytının araşdırmalarına görə, hazırda AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində “halal” sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ciddi sanksiyalara başlayıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “halal” standartı ilə spekulyasiya edən fimaları cəzalandırmaq niyyətindədir. Bu səbəbdən də “Best Beef” vəziyyətdən çıxış yolu axtarmağa başlayıb. Hazırda “Halal qida, ümumi tələblər” dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində “halal” sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə nişanı təsdiq edilib. Üzərində “AZS Milli Sertifikatlaşdırma Sistemi Halal” yazılmış nişanından yalnız sertifikat almış təsərrüfat subyektləri istifadə edə bilirlər. Hazırda “halal” sertifikatı “Hakan Foods” müəssisəsinin “Kral” və “Yeni dad” nişanlı məhsullarına, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsuluna, “MT” MMC-nin “Hacı Turqay” nişanlı məhsuluna və “Zəhmət Ruzi” MMC-nin “SAB” nişanlı məhsuluna verilib. Bu sıraya “Best Beef” də qoşulmaqda iddialıdır. Ancaq bu iddia müəssisənin texniki imkanları ilə uzlaşmır”.
“Yeni Müsavat” qəzetində “Best Beef”in uzun müddət QMİ-nin himayəsində olduğu barədə yazılıb. Qəzetdə vurğulanır ki, “halal”sertifikatı ruhani idarədən alınandan sonra, “Best Beef”in vəziyyəti xeyli ağırlaşıb.
Amma…. Hörmətli oxucular,üç-dörd il ərzində nəyin dəyişib nəyin dəyişmədiyini demək, “Best Beef”in məhsulları barədə fikir bildirmək Sizin ixtiyarınızdadır.
Anar Asimoğlu
365info.az
“Best Beef” əhaliyə saqqallı kolbasa satır? – FOTO + VİDEO