“Best Beef”də istehsal problemi var ?

8 iyun 2017-ci il tarixdə Qafqaznews.az saytı “Best Beef” əhaliyə “saqqallı” kolbasa satır ?” başlıqlı məqalə dərc edib.
Bu məlumatı saytla jurnalist Rüfət Əhmədzadə bölüşüb.

Jurnalist ötən gün “Araz Market”in “Masazır 2” filialından alınan “Best Beef”in servelat kolbasasından qalın tüklərin çıxdığını bildirib.

O, qafqaznews.az-a deyib ki, kolbasanın içindən çıxan tüklər o qədər qalındır ki, simə də bənzəyir: “Sadəcə əməkdaşlıq etdikləri şirkətin nəzərinə çatdırsınlar deyə marketə apardım, qalan çəkinin məbləğini hesablayıb 1 manat 60 qəpiyi özümə qaytardılar”. Bildirildi ki, “Araz Market” yalnız məhsulun tarixinə görə məsuliyyət daşıyır, lakin müvafiq tədbirlər görüləcək. (Qafqaznews.az).

Məsələ ilə bağlı “Araz Market”in “Masazır 2” filialının müdiri Əflatun ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirib ki, Rüfət Əhmədzadənin kolbasada tapdığı tük olmayıb: “Bu piy olub, sadəcə kolbasa ilə qarışmayıb. Biz bu barədə “Best Beef”ə məlumat verdik. Və onlara dedik ki, alıcıların qarşısında biabır olmaq istəmirik. “Best Beef”in nümayəndəsi bildirdi ki, bu istehsal problemidir”.

“Best Beef”in satış üzrə mütəxəssisi Fariz (soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, kolbasadan tük tapılması ilə bağlı məlumatı yoxdur: “Bizdə həmişə səliqəlilik hökm sürür. Biz ən müasir aparatlardan istifadə edirik”.

Müxbirimizin “Satış filialının direktorunun sözlərinə görə, sizin şirkətdən ona deyiblər ki, bu məsələ istehsalla bağlıdır” xatırlatmasına Farizin münasibəti belə oldu: “Bizə heç kim zəng etməyib.Bizdə istehsal yüksək səviyyədədir və qapalı şəraitdədir. Hamı ağ xalatda işləyir. Bəlkə jurnalist bizə qarşı antireklam edir. Çünki bizim xeyli rəqiblərimiz var”.

Problemlə bağlı Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, istehlakçının nəyinə lazımdır ki, “Best Beef”in hansı istehsal problemi var: “2017-ci ilin fevralında dövlət başçısı Təmiz Qida agentliyinin yaradılması ilə bağlı sərəncam verdi. Bu sərəncama əsasən məhsulun yığılmasında istehlakçıya çatdırılmasına qədərki proses nəzarət altında olmalıdır. Çünki istifadə etdiyimiz qida məhsulları ən çox daşınma və saxlanma prosesində çirklənir. Bu isə insanların sağlamlığına mənfi təsir edir. Hazırkı halda hansısa gigiyenadan danışmağa dəyməz. Əgər həqiqətən də “Best Beef”in istehsalla bağlı problemi varsa, şirkətə verilən gigiyena və uyğunluq sertifikatı ləğv olunmalı, şirkət özü isə bağlanmalıdır”.

Sənan Məmmədli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR