Sevinə bilməyənlər fəsiləsi…

Dünən iki erməninin rus dilində deyinməsinə baxırdım. Öz telekanallarından birində, rus dilində danışırdılar. Şuşada keçirilən festivaldan necə qeyzlənmişdilərsə, studiyanı qulaqlarından, burunlarından, ağızlarından çıxan tüstü bürümüşdü. Tam onluğa düşmüşdük. “Azərbaycanlılar qəsdən etdilər o atəşfəşanlığı, bilirdilər ki, Xankəndində necə görünəcək, biz görüb hansı hissləri keçirəcəyik”. Bir-birinin sözünü kəsə-kəsə, həsəddən çatlayaraq festivalda muğam dinləyən dövlət rəhbərliyindən danışırdılar. Dadından doyulmaz film kimi idi. Bir neçə dəfə baxdım, açığı. Ədalətin gec-tez bərqərar olması da deyə bilərsiz buna… “Acıtdığın yerdən canın acıyacaq” tezisi də adlandırmaq olar. Amma əsas odur ki, ermənilər gec də olsa anlamışdılar. Bilirdilər ki, bu ordu istədiyi vaxt irəliləyəcək yenə, tarixi torpaqlarının yerdə qalanını da geri alacaq.

Ötən il bu zamanlar idi. Ermənilər Şuşada yallı gedirdilər. Bizim studiyalara gələnlər də bar-bar bağırırdı. “Şuşanı vur” deyirdilər, “biz heç zaman ora dönməyəcəyik, belə həsəddən partlamaq qalacaq bizə” deyənlər də vardı. Gün gəlib, dövran keçib, Şuşadakı o möhtəşəm tədbiri gözümüz yaşarmadan izləyə bilmirik. “Qarabağ şikəstəsi”nin sədaları Şuşa göylərinə yayılanda bədənimizdən elektrik cərəyanı keçir az qalsın… Ayağımız yerdən üzülür, çöhrəmizdə dəqiqələrlə çəkilməyən bir məmnunluqla otururuq. Amma eyni adamlar, eyni ritorika və havada silkələdikləri barmaqları ilə indi də deyirlər ki, nolsun eee? Qızarmadan ittiham edirlər ki, bəs Şuşada, Şuşa yollarında heç bir problem yoxdursa, camaatı ora niyə köçürmürlər? Adamlara elə gəlir ki, bu, kompüterdəki HayDay oyunudur, onu ora, bunu bura… yerləşdirməklə bir saatın içində nəyisə qurub düzəltmək olar. Şuşadan hazırlanan videoreportajlara, çəkilişlərə baxıram. Fasiləsiz tikinti, quruculuq… Zarafat deyil, bu gün paytaxtda evimizdə nəsə təmir edəndə usta tapmağa da çətinlik çəkirik, tikinti materialları da azalıb. O gün bir maşın daş tapmaq üçün Fatmayidən üzü Pirşağıya, ordan Novxanıya qədər neçə yer gəzib dolaşdım. Qarabağ abadlaşır, gözəlləşir… İsveçə, Norveçə, hətta qonşu Gürcüstana həsədlə baxan azərbaycanlının indi Şuşa, Kəlbəcər…. kimi cənnəti var. Bir neçə ilə axın-axın gedəcəyimiz məkanlar. Bəs niyə xoşbəxt ola bilmir bəziləri? Bu, bir psixoloji xəstəlikdir, yoxsa…? Cavabı özləri tapsınlar, bu qədər işin-gücün arasında bir də bununla özümüzü məşğul etməyək…

Şuşada “Xarıbülbül” musiqi festivalı başa çatıb - YENİLƏNİB - 2 | Report.az

Psixoloji nüans demişkən, o gün təsadüfən qarşıma çıxdı. İllər öncə jurnalistlər Tağı Əhmədovdan müsahibə alır. Metrodakı ticarət obyektləri ilə bağlı danışır adam. (O vaxt bəzi obyektlərin metroda fəaliyyətinə qadağa var idi). Tağı müəllim açıq şəkildə deyir ki, sən öz dükanında istəmədiyin malı satarsan? Yox. Mən də onun kimi. Sonra da əlavə edir ki, “bunun nəsə burcutmağı var ki?”

Lətifə kimi ölkədə yaşamışıq, amma unutmuşuq. Bakı meri Hacıbala Abutalıbova sual verirdin ki, bu şəhərdəki arxitektur binaları niyə bu hala qoyursan? Deyirdi, sənin içindəki o iblisi mələyə çevirəcəm. Sonra qayıdıb şeir oxuyurdu, ardınca ağlayırdı, az keçmədən gülürdü… Bir-birindən qəribə, karikatur məmurlar idarə edib uzun müddət ölkəni, bizi. Cıqqırımızı da çıxara bilməmişik. Arsızlığımıza vurub, gülmüşük. Guya ki, bu məmurların ağılsızlığına lağ etmişik. Halbuki gülünəcək durumda özümüz olmuşuq illərlə. Adamlar bir-birindən gülməli açıqlamalar, həyasız jestlərlə əslində bizi dolayıblar. Yığıblar, talayıblar…

Tağı Əhmədov necə demişdi? 3 milyonu Akif Çovdarova halal edirəm. Aylıq maaşı 1000 manat belə olmayan adam halal edəcək qədər 3 milyonu necə qazanmışdı, birimiz də bilmədik. Heç bizə bunun hesabatını da təqdim edən olmadı. Ya da Hacıbala Abutalıbov və yaxud kreslosunu təhvil verən digər məmurlar. Adamlar yığdıqlarını yemək üçün çəkildilər guşələrinə, cah-cəlallı villalarına, ordan yenə də bizə baxıb gülürlər. Dəyirman öz işindədi, çax-çax baş ağrıdır…

Bilmirəm, bizi bəlkə də bu cür məmurlar dəli etdi. Nə inamımız qalıb ətrafa, nə olanları lazımınca dəyərləndirə bilirik… Əslində cəmiyyət olaraq çox ağır günlər görmüşük, müharibə kimi məmurlar idarə edib bizi illərlə. Haqqımız tapdanıb və tapdanmaqda da davam edir. Və biz normal cəmiyyətlərə, orda olanlara hər dəfə qibtə hissi ilə baxanda anlayırıq nələr itirdiyimizi, ömrümüzdən nələrin boşuna getdiyini. Qələbəni, gözəlliyi, düşmənin ürəyini partladan mənzərələri lazımınca qiymətləndirə bilməməyimizin kökü bundadır. Ağzımız süddən yanıb, qatığı üfləyərək içirik….

Sevinc TELMANQIZI

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR