Avropa karantinlə birdəfəlik vidalaşır – Azərbaycan nəyi gözləyir?..

Deyəsən, əvvəlki həyata qayıtmağımıza çox qalmayıb. Hər halda, Avropa ölkələri bir-birinin ardınca karantin rejimi ilə vidalaşır. Köhnə qitədə daha bu xəstəliyi təhlükəli saymır.

Bizimyol.info xəbər verir ki, İsveçrə fevralın 17-dən məhdudiyyətlərin əksərini aradan qaldırır. Daha qapalı məkanlarda da maska taxmağa ehtiyac olmayacaq. Peyvənd pasportu tələbi də ləğv edilir. İsveçrənin Baş Naziri Alen Berset xəstəliyin əvvəlki qədər təhlükəli olmadığını deyib.

“Xəstəlik yumşaq keçir. Xəstəxanalar daha yüklənmir. Şübhəsiz ki, xəstəlik yenə problemlər yaradır. Biz bunu yaxşı anlayırıq. Sadəcə,daha ilk dövrlərdə olduğu qədər dəhşət saçmır”.

Almaniya hökuməti martın 20-də bütün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanat yayıb. Kansler Olaf Şolts və 16 ərazi rəhbəri üçmərhələli planı təsdiqləyib. Bəyanatda onsuz da yoluxanların sayının getdikcə azaldığı qeyd edilib.

“Optimist proqnozlar vermək üçün əsas yaranıb. Məhdudiyyətləri ləğv etmək olar”, – Şolts belə deyib.

Avstriya hökuməti karantin rejimi ilə martın 5-dən sağollaşmağa başlayacağını açıqlayıb. Hələlik maska tələbi tam yığışdırılmayıb. Buna baxmayaraq, restoranlara, gecə klublarına iş saatlarının limiti tətbiq edilməyəcək. “Yaşıl pasport” tələbi də olmayacaq.

Avstriyanın kansleri Karl Nexammer ehtiyatlı davranacaqlarını, amma qətiyyətli addımlar atacaqlarını deyib: “Addım-addım azadlığı qaytaracağıq”.

Danimarkada, İsveçdə, Norveçdə karantin rejimlərinin tam bitdiyini demək olar. Böyük Britaniya da Skandinaviya dövlətlərinin yolunu gedir. Birləşmiş Krallıq martda məhdudiyyətlərlə birdəfəlik vidalaşmağı planlaşdırır. Fransa da təşəbbüs nümayiş etdirir. Amma Paris qətiyyətli davranmır. Bu isə böyük narazılıqlara səbəb olub. Yük avtomobillərinin sürücüləri paytaxta böyük yürüş edib.

Ən böyük etiraz nümunəsi isə Kanadada qeydə alınıb. Məhz Şimali Amerika dövlətində yük avtomobillərinin sürücülərinin ilk aksiyası baş tutmuşdu. Ottavanın mərkəzi ələ keçirilmişdi. Sürücülər Baş Nazir Castin Trüdonun istefasını indi də tələb edir.

P.S. Qeyd edək ki, Azərbaycanda da bir sıra karantin qaydaları qalmaqdadır. Bunların arasında ən çox narazılıq doğuran qaydalar yas mərasimlərinə qoyulan qadağa və maska geyinməyən müştəriyə görə sahibkarların cərimələnməsidir. Toylarda daha çox sıxlıq olsa da, buna icazə verilir, amma hələ də 15-20 adamın yas mərasiminə toplaşmasına icazə verilmir. Həmçinin bir müştəri mağazaya maska geyinmədən girdiyi halda mağaza sahibi 400 manat cərimələnir. Xüsusən sonuncu “absurd” yalnız Azərbaycandadır, dünyanın heç bir yerində belə bir qayda yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR