“Moskva” kreyserini kim vurub?

Xəbər verildiyi kimi, Qara dənizdə lövbər salan Rusiyaya məxsus “Moskva” raket kreyseri vurulub. Ukrayna tərəfi gəminin “Neptun” raketilə özləri tərəfindən vurulduğunu bəyan edir. Rusiya isə gəmidə yanğın olduğunu təsdiqləsə də, kim tərəfindən vurulması məsələsində susmağa üstünlük verir. Məlumata görə, baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.
Aydın məsələdir ki, “Moskva” kreyserinin vurması Kreml üçün ciddi bir itkidir. Çünki həmin gəmi Rusiyanın qara dənizdə lövbər salan donanmasının ikinci böyük gəmisidir. 1983-cü ildə istismara verilən gəmi 2008-ci ildə Gürcüstanın atəşə tutulmasında iştirak edib. 2014-cü ildə Krımın ilhaqında aktivlik göstərib, 2016-da Suriyaya qarşı döyüşlərə qatılıb. Gəmi raket əleyhinə güclü müdafiə sistemi RLS ilə təchiz edilmələ yanaşı, “Fort” HHM sistemi və 6 AK-630 artilleriya qurğuları ilə müdafiə olunurdu. Bundan başqa gəminin bortu 64 ədəd S-300F Fort zenit raketi, 4 “Osa” ZRK, 36 zenit artilleriyası, 16 gəmi əleyhinə raket, 2 sualtı qayıq əleyhinə raket sistemi və bir döyüş helikopteri ilə təchiz edilmişdi. Kreyser eyni anda 16 müxtəlif hədəfi vurmaq gücündə idi. Qiyməti təxminən  750-800 milyon dollar civarında idi.
“Moskva” adını daşıyan və Rusiyanın ən iri gəmilərindən hesab olunan bu gəminin batırılması simvolik olmaqla yanaşı, başlıcası şimal ölkəsinin donanması adına böyük ləkədir. Belə bir gəminin məhvi simvolik olaraq istər-istəməz Moskvanın da məhvi kimi yozulur.  Hadisə bir daha göstərdi ki, Rusiya ordusu, hətta güvəndiyi hərbi donanması belə müharibəyə ciddi hazırlaşmayıb. Kreyserin sıradan çıxarılması rəqibin gücünü nəzərə almamağın nəticəsi də sayıla bilər. Çox güman, hadisə Rusiya ordusunda bu dəfə admiralların timsalında növbəti yüksək çinli zabitlərin istefası, hətta ola bilsin gəmi rəhbərliyinin həbsilə də nətəcələnəcək.
Gəminin məhv edilməsi həm də Ukrayna ordusuna, xalqına əlavə motivasiya verəcək. Çünki belə bir gəminin sıradan çıxarılması istər-istəməz qarşı tərəfdə əhval-ruhiyyənin artmasına stimul yaradacaq. Bütün bunların nəticəsidir ki, gəmini vuran tərəf həmin olayın üzərinə bu qədər geniş müstəvidə gedir.  Çünki bu olay və onun geniş şəkildə qabardılması “Rusiyanın nə gündə olduğunun” əyani şəkildə göstərilməsi baxımından da vacibdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR