Uşaq pulunun məbləği nə qədər olmalıdır? – Deputatdan açıqlama

“Uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün uşaq pulunun bərpasına ehtiyac var”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, varlısından, kasıbından asılı olmayaraq, doğulandan 18 yaşa kimi hər bir uşağın sağlam, sərbəst böyüməsi üçün lazım olan vəsaiti dövlət verməlidir. Çünki uşaq qazana bilmir və öz maddi ehtiyaclarını ödəmək iqtidarında deyil. Bir çox ailələrin maddi vəziyyəti yaxşı olmadığı üçün uşağın tələbatlarını ödəyə bilmir:

“Uşağın sağlam, rahat böyüməsi üçün pul lazımdır. Nəzərə almalıyıq ki, cəmiyyət üçün sağlam uşaqlar lazımdır. Bəzi ailələrin dolanışıq səviyyəsi, qazancı az olduğu üçün uşağı lazımi səviyyədə böyüdə bilmir. Bu səbəbdən də çox ailələr uşaq pulunun bərpasını istəyir”.

F.Mustafa qeyd edib ki, bu gün ölkədə uşaq pulunun bərpasını istəyən insanlar iki kateqoriyaya bölünürlər. Bir hissə, uşaq pulu adı ilə alınan vəsaiti öz şəxsi istehlakı üçün xərcləmək istəyən, digərləri isə uşaqların sağlam böyüməsi üçün bu pulun zərurətini anlayan ailələr:

“Mən uşaqların sağlam böyüməsi üçün uşaq pulunun zərurətini anlayan valideynlərin tərəfindəyəm. Uşaq pulu uşağa ona görə verilmir ki, valideyn onu istədiyi yerə xərcləsin. Bu pul uşağa zəruri qida, dərman vasitələri, geyim alınması, idmanla məşğul olması və digər zəruri tələbatlarının ödənilməsi üçün verilir. Hesab edirəm ki, dövlət uşaqların bu xərclərini öz üzərinə götürməli və uşaq pulunu bərpa etməlidir. Uşaq pulunun məbləği büdcəyə görə müəyyən edilməlidir. Optimal qiyməti iqtisadçılar müəyyən etməlidir. Fikrimcə bu, minimum əməkhaqqından aşağı səviyyədə nəzərdə tutulmamalıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR