“Olimpiakos” bu matça son şans kimi baxır” – Qurban Qurbanov

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis komandada son günlərdə yorğunluğun olduğunu bildirib: “Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik”.

Qurbanov rəqiblərin ilk hissədə daha ciddi müqavimət göstərdiyini söyləyib: “Bəlkə də ikinci hissədə oyun intizamını qoruya bilmirlər. “Qəbələ” ilə Premyer Liqadakı oyunda çox çətinlik çəkdik. Futbolda çox rast gəldiyimiz hallardır. Bəzən matçın gözəlliyi son dəqiqə qollarıdır. Əvvəllər elə olurdu ki, ilk hissədə qollar vururduq. İkinci hissədə qol daha çox olanda daha inamlı oluruq. Bu, hazırlığın yüksək səviyyədə olduğunu göstərir. 90 dəqiqə nizam-intizamı qorumağa çalışırıq”.

Təcrübəli baş məşqçi Afinada “Olimpiakos”u 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb: “Bu, sırf Ramilin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə isə çox sevinirəm”.

Mütəxəssis müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu deyib: “Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR