“Qərb İslama borcludur” – Kral III Çarlz müsəlmandırmı?

Kraliça Elizabetin ölümündən sonra taxta çıxan Kral III Çarlzın Avropa kralları arasında ən çox “İslamı sevən” monarx olduğuna dair şərhlərə tez-tez rast gəlirik.

Bəs bu iddiaların arxasında nə dayanır?

Kral III Çarlzın İslamı əhatəli şəkildə öyrəndiyi, hətta “Quran” oxumaq üçün ərəb dilini mənimsədiyi məlumdur. Yeni kralın Britaniya tarixində və bəlkə də bütün Avropa monarxları arasında ən mülayim və islam dininə tolerant yanaşan hökmdar olduğu düşünülür. Əgər bu iddialar doğrudursa, o zaman Kralın ölkənin indiki hökuməti ilə dərin ziddiyyət yaşadığına dair şübhələr də meydana çıxmış olur.

Avropada yaşayan bəzi müsəlmanlar onun qəti şəkildə müsəlman olduğuna, hətta məşhur Şeyx Nazim Kibrisin qarşısında şəhadət gətirdiyinə inanır. Bu söz-söhbətlər arasında Çarlzın İslam dinini qəbul etdiyi, lakin praqmatik səbəblərdən bunu gizli saxladığı da yer alır.

Çoxları bunu gülünc hesab etsə də, təbii ki, iddialar səbəbsiz deyil. Çarlzın son 50 ildə etdiyi çıxışlardan əksəriyyətində onun İslama dərin heyranlıq duyduğu və İslamın müxtəlif istiqamətlərini təriflədiyi aydın olur.

Kral III Çarlzın İslam haqqındakı düşüncələri

1993-cü ildən bəri Oksford İslam Araşdırmaları Mərkəzinin himayədarı olan yeni kralın, həmin il “İslam və Qərb” adlı əsas çıxışı hər hansı bir siyasətçinin və ya monarxın din haqqında söyləməsi gözlənilən nitqibdən çox fərqli idi. Çarlz həmin çıxışında deyirdi:

“Qərbdə İslamla bağlı bir çox dezinformasiyalar olduğu kimi, eyni zamanda öz mədəniyyətimizin və sivilizasiyamızın İslam dünyasına nə qədər borclu olduğuna dair məlumat çatışmazlığı da var. Fikrimcə, bu, tarixdən bizə miras qalan uğursuzluqdur. Orta Asiyadan Atlantik okeanı sahillərinə qədər orta əsr İslam dünyası, alimlərin və tələbələrin yetişdirildiyi bir dünya idi. Amma biz İslamı Qərbin düşməni, yad mədəniyyət, yad cəmiyyət və yad bir inanc sistemi kimi görməyə meylli olduğumuz üçün onun öz tariximizlə böyük əlaqəsini görməməzliyə vurmağa və ya görmək istəməməyə meyilliyik. Halbuki bu gün İslam bizə xristianlığın itirdiyi və bu səbəbdən də yoxullaşdığı məsələni – dünyanı dərk etməyin və onda yaşamağın yolunu öyrədə bilər. İslamın təməlində kainata vahid baxışın qorunması dayanır”.

Çarlz əlavə edib ki, İslam “insan və təbiəti, din və elmi, ruh və maddəni bir-birindən ayırmaqdan imtina edir, özümüzə və ətrafımıza metafizik və vahid baxışa malikdir”.

O, çıxışında İslamın və İslam alimlərinin elmə verdiyi önəmlə bağlı bunları söyləyib: “İslam elm öyrənməyi təşviq etdi və buna əhəmiyyət verdi. Ənənəvi “Alimin mürəkkəbi şəhidin qanından üstündür” deyimi də bunu təsdiq edir”.

“Qərb İslama borcludur”

O dövrdə taxtın ilk varisi olan Kral Çarlzın Qərb mediasında haqqında çox az müsbət danışılan İslamla, onun Avropa ilə əlaqələri ilə bağlı bir çox belə çıxışları olub. O, çıxışlarında tez-tez İslamın “insan varlığının hər bir aspektində keçmişimizin və bu günümüzün bir parçası” olduğunu vurğulayır, İslamın müasir Avropanın formalaşmasına kömək etdiyini bildirir və “bu, bizim irsimizin bir parçasıdır” deyirdi.

Qərbliləri İslama dövrün təhrif olunmuş baxışını görməyə dəvət edərən Kral Çarlz, “İslam hüququnun rəhbər prinsipi və ruhu, birbaşa “Quran”da yazıldığı kimi, ədalət və mərhəmətdir”, – deyə vurğulayır.

Eləcə də İslamın 1400 il əvvəl qadınlara mülkiyyət və miras hüququ verdiyinə işarə edərək, orta əsr İslamının “fövqəladə dözümlülüyünə” heyran olduğunu ifadə edir, “Qərb mədəniyyəti və sivilizasiyası İslama nəyi borclu olduğunu bilmir” deyə şikayətlənirdi.

Çarlz Böyük Britaniyanın müsəlman icmalarını “Böyük Britaniya üçün dəyər”, “millətimizin mədəni sərvətinə töhfə verən” kimi xarakterizə edərək, müsəlmanların assimilyasiya üçün kimliyindən imtina etməsini istəyənlərin əksinə olaraq ikitərəfli inteqrasiya prosesinə çağırıb.

1996-cı ildə Çarlz “Müqəddəs hiss: İslam və Qərb arasında körpülərin qurulması” adlı məruzəsində İslamın “təbii nizama” hörmətini müdafiə etmişdi:

“İnanıram ki, İslam ənənəsinin təbii nizamın əbədi ənənələrinə dərin hörmətini tanımaq və qiymətləndirmək biz qərblilərə öz anlayışımızın bu köklərini yenidən kəşf etməyə kömək edə bilər. Düşünürəm ki, bu proses iki dini bir-birinə yaxınlaşdırmaq işində bizə kömək ola bilər”.

Çarlz 2006-cı ildə dünyanın ikinci ən qədim universiteti olan Əl-Əzhər Universitetində “İman Birliyi” mövzusunda çıxışı zamanı isə dinləyicilərə belə deyib:

“Biz qərblilər unutmamalıyıq ki, İslam alimləri qarşısında məsuliyyətimiz var. Çünki Avropa özünün ən qaranlıq orta əsrlərini yaşayarkən klassik əsərlərin sağ qalmasını onlara borcluyuq”.

2010-cu ildə “İslam və Ətraf Mühit” mövzusunda çıxış edən Çarlz bu çıxışında da dünyanı təəccübləndirib:

“İslam dünyası bəşəriyyətin malik olduğu ən böyük ümumi hikmət və mənəvi bilik xəzinələrindən birinin mühafizəçisidir. Bu, həm İslamın nəcib irsi, həm də bütün dünyaya əvəzsiz hədiyyədir. Lakin bu gün bu müdriklik tez-tez Qərb materializminə qarşı üstünlük təşkil edən impuls və həqiqətən “müasir” olmaq üçün Qərbi təqlid etməyin zəruriliyi hissi ilə pərdələnir”.

Çarlzın İslama və İslam dininə sevgisi şəxsi həyatında da özünü göstərir. Qlosterşirdəki evindəki İslam bağlarından ilhamlanaraq hazırlanan “Xalı bağçası” da bu sevgidən ərsəyə gəlib. Çarlz açıqlamasında “Quran”da adı çəkildiyi üçün bağda əncir, nar və zeytun ağacları əkdiyini deyib.

Çarlz müsəlmandır?

Bəzi nəzəriyyəçilərin iddia etdiyi kimi Çarlz həqiqətən də gizli müsəlmandırmı? Onun İslam haqqında tərifli çıxışları bu nəzəriyyələrin əsas sütununu təşkil edir. Həqiqətən də, anti-müsəlman şərhçilər Böyük Britaniyanın yeni kralını intellektual marağına görə ələ salırlar. Məsələn, amerikalı neo-mühafizəkar şərhçi Daniel Pips “Şahzadə Çarlz İslamı qəbul edibmi?” adlı bloq yazısında onunn müsəlman olduğuna dair kifayət qədər “sübut” təqdim edir, o cümlədən Ramazan iftar yeməyində iştirak edir və Salman Rüşdini müsəlmanların “ən dərin inanclarını” təhqir etdiyinə görə tənqid edir.

Çarlz 2015-ci ildə BBC Radio 2-yə verdiyi müsahibədə dedi:

“Mən bu ölkədə başqa insanların inanclarına və dini etiqad azadlığına qayğı göstərməyə önəm verirəm. Həmişə düşünmüşəm ki, insan imanın keşikçisi olmaqla yanaşı, həm də dinlərin keşikçisi ola bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR