İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagird zəhərlənib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı bildirilib.
Hadisə ilə bağlı açıqlama verən İranın səhiyyə naziri Bəhram Eynollahi bildirib ki, görünür, bəzi insanlar bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir:
“Zəhərlənmə hər kəsdə hər hansı fəsad törədə bilər. Qızlarda yalnız zəiflik əlamətləri görünüb. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr öldürücü deyil və panika yaratmamalıdır”.
Qız məktəblərində zəhərlənmələr ilk hal deyi. Belə ki, ötən il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O vaxtdan əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunur.