“Rus qoşunları yaxın vaxtlarda son aylarda ən ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilsələr belə, bu, hərbi əməliyyatların gedişində dönüş nöqtəsi demək deyil”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Xatırladaq ki, son günlər Ukrayna ordusunun Rusiyanın keçən payızdan bəri şiddətli döyüşlər apardığı Baxmut şəhərini tərk etməsi ilə bağlı xəbərlər yayılıb.
Son həftələr işğalçıların taktiki irəliləyişə nazil olması şəhərin mühasirəyə alınmaq təhlükəsi ilə üzləşdirib. “PMC Vaqner” dəstələri şəhərin şərqində və şimalında bir sıra əraziləri nəzarətə götürüb.
Lakin Baxmutun böyük hissəsi hələ də Ukrayna qüvvələrinin nəzarətindədir. Şəhərə ciddi ziyan dəyib. Ukrayna Prezidenti Vladimir Zelenski və ölkənin digər liderləri dəfələrlə Baxmutu “məğlubedilməz qala” adlandırıblar ki, ruslar onu ələ keçirmək istəyərkən böyük itki verirlər.
ABŞ müdafiə nazirinin İordaniyaya səfəri zamanı bildirib ki, Baxmut strateji və ya əməliyyat baxımından deyil, simvolik əhəmiyyətə malikdir. O, əlavə edib ki, Ukrayna qüvvələrinin Baxmutu tutub-tutmayacağını bilmir, amma uğursuz olsa belə, bu, Rusiya üçün ciddi uğur olmayacaq.
Analitiklər vurğulayırlar ki, Baxmutun qərbində Ukrayna qoşunlarının istehkam şəbəkəsi mövcuddur və şəhərin mümkün ələ keçirilməsi Rusiya qoşunlarının Slavyansk və Kramatorska yol açacağı anlamına gəlmir. Ekspertlər Baxmutun tutulmasının Rusiya üçün yalnız taktiki uğur olacağına dair fikirlər səsləndirirlər.
“Wall Street Journal” isə yazıb ki, Ukrayna da Baxmut uğrunda gedən döyüşlərdə, o cümlədən yaz hücumunda istifadə edilməli olan birlikləri böyük itkilər verib. Ukrayna Baş Qərargahı bununla bağlı açıqlama verməyib.
Bazar ertəsi Ukrayna prezidentinin dəftərxanası bildirib ki, Ali Baş Komandanın qərargahının iclasında Baxmutun müdafiəsinin davam etdirilməsi barədə qərar qəbul edilib. Xəbərdə deyilir ki, bu təklif Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Valeri Zalujnıdan gəlib. Bundan əvvəl “Bild” qəzeti onunla Prezident Vladimir Zelenski arasında guya fikir ayrılıqlarının yarandığını və Zalujnının Baxmutdan qoşunları çıxarmaq istədiyini yazmışdı. Beləliklə, rəsmi məlumat təkzib rolunu oynayır.
“PMC Vaqner”in təsisçisi Yevgeni Priqojin iddia edib ki, məhz Rusiyada hələ də rəsmi statusu olmayan bu hərbi qurum Baxmuta hücum edir. O, dəfələrlə Rusiya Müdafiə Nazirliyini “Vaqner”in hücum dəstələrinə kifayət qədər dəstək verməməkdə günahlandırıb. Lloyd Ostin isə bildirib ki, “Vaqner” bölmələri Rusiya ordusundan bəlkə də bir qədər effektivdir.O, eyni zamanda bu fərqin az olduğunu və ordunun Ukraynada olduqca aşağı döyüş qabiliyyəti göstərdiyini qeyd edib.