Rusiyanın Belqorod vilayətindən səfərbər olunanlar əmrlərə tabe olmaqdan boyun qaçırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar qondarma “DXR”in “həmlə briqadası”na daxil edildiklərindən və lazımi hazırlıq keçmədən cəbhə xəttinə göndərildklərindən şikayətləniblər.
Bununla bağlı sosial şəbəkələrdə səfərbər olan hərbçilərin yaxınları tərəfindən həmin əsgələrin müraciət yayımlanıb.
Hərbçilərin sözlərinə görə, onların bölməsi Belqorod vilayətinin sərhədyanı Şebekino şəhərində yerləşib və oradan martın əvvəlində “heç bir əmr və izahat olmadan qondarma“DXR”-ə (Ukraynanın Rusiya işğalı altındkı Donetsk vilyəti-red.) köçürülüblər.
Hərbilərin bildirdiklərinə əsasən, “DXR milisləri” heç bir əsas olmadan hərbi biletləri müsadirə ediblər və hər hansı hazırlıq, kəşfiyyat və rabitə dəstəyi olmadan hücuma göndəriliblər. Videodakı əsgərlərin sözlərinə görə, onların tağımı artıq ciddi itkilər verib.
Əsgərlər onlara verilən tapşırıqları yerinə yetirməkdən imtina etmədiklərini, yalnız Rusiya silahlı qüvvələrinin tərkibində ola biləcəklərini söyləyiblər.
Müdafiə Nazirliyi və Belqorod vilayətinin hakimiyyət orqanları hələlik bu müraciətə münasibət bildirməyiblər.
Qeyd edək ki, Rusiyada səfərbər edilən hərbçilər dəfələrlə pis xidmət şəraitindən, sursat çatışmazlığından və komandanlığın zorakılığından şikayətlənirlər. Onlardan bəziləri Ukraynada döyüşləri davam etdirməyəcəklərini bildirirlər.
Fevralın sonunda İrkutsk vilayətindən səfərbər olanlar Rusiya prezidenti Vladimir Putinə üçüncü müraciətini dərc edib, orada onları hücum bölmələrindən ərazi müdafiəsinə qaytarmağı xahiş ediblər. Bundan əvvəl də oxşar müraciət Tuvadan səfərbər olunanlar tərəfindən qeydə alınıb. Onlar qondarma “DXR”-ə bağlı əsgərlər tərəfindən döyülmələrindən və hədələndiklərindən şikayətləniblər.