ABŞ-ın 200 milyard dollar aktivi olan bankı çökdü – Qlobal böhran başlayır?

Cümə günü ABŞ-ın federal hakimiyyət orqanları ölkənin əsas banklarından biri olan “Silikon Vadisi Bankı”nı bağlayıb.

“AzPolitika.info” ABŞ mətbuatına istinadla xəbər verir ki, bankın qeyri-müəyyən maliyyə vəziyyəti ilə bağlı məlumatların ortaya çıxmasından sonra əmantçilər təşvişə düşərək pullarını kütləvi şəkildə geri çəkməyə başlayıblar.

ABŞ-da aktivlərinin həcminə görə 16-cı bankın çökməsi Nyu-York birjasında səhmlərin kəskin aşağı düşməsinə səbəb olub.

Medianın yazdığına görə, əsasən Silikon Vadisində müştərilərə, o cümlədən startaplara xidmət göstərən “Silicon Valley Bank”ında yaranmış problemlər çərşənbə günü ortaya çıxıb.

Məlum olub ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasından sonra bank əmanətçilərin pullarını qorumaq üçün dövlət istiqrazlarında saxlayıb ki, bu da böyük itkilərə gətirib çıxarıb.

Bank rəhbərliyi əlavə səhm emissiyasını həyata keçirməyə çalışsa da, mətbuata sızan məlumat əmanətçilər arasında panika yaradıb. Nəitcədə rəhbərlik səhmlərin buraxılışından imtina edib və Federal Əmanətlərin Sığortalanması Korporasiyası da bankın öz nəzarətinə keçdiyini elan edib. Amma bundan sonra banka investor tapmaq cəhdi heç bir nəticə verməyib.

Yaxşı reputasiyaya malik nisbətən iri regional bankın iflası Uoll Stritdə ciddi təşvişə səbəb olub. Əsas sual budur ki, bu hadisə Amerika bank sektorunda daha dərin problemlərə işarədirmi?

“Silikon Vadisi Bankı”-nın fəaliyyəti əsasən Silikon Vadisi ilə məhdudlaşan, bir sıra müştərilərə xidmət göstərən bank kimi sektorda xüsusi yer tutur. Analitiklərin fikrincə, onun problemləri çox güman ki, bütün sektora xas deyil.

Cümə günü ABŞ-ın maliyyə naziri Canet Yellen Federal Ehtiyat Sisteminin və Əmanətlərin Sığortalanması Korporasiyasının nümayəndələri ilə vəziyyəti müzakirə edib. Yellen bank sisteminin etibarlılığı və onun sabitliyini qorumaq üçün maliyyə tənzimləyicilərinin bütün lazımi vasitələrə malik olduğunu vurğulyıb. Amerika depozitləri federal hökumət tərəfindən 250.000 dollara qədər sığortalanır.

“Silikon Vadisi Bankı” 2008-ci ildən bəri iflasa uğrayan ən böyük bankdır. Onun aktivləri 200 milyard dollardan çox olub.

Xatırladaq ki, 2008-ci ildə 300 milyard dollarlıq aktivi olan ”Washington Mutual Bank” maliyyə böhranının qurbanı olması dünya maliyyə böhranının başlanmasına səbəb olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR