Mayın 21-22-də Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək.
Fanat.Az-ın məlumatına görə, iki günü əhatə edəcək sonuncudan əvvəlki turda 5 futbolçu cəza səbəbindən oynamayacaq.
Bu mənada elitada qalmağa can atan autsayderlər “Səbail” və “Şamaxı”nın bəxtinin gətirdiyini demək olar. Belə ki, bu turda səfərə yollanacaq “dənizçilər”in rəqibi “Turan Tovuz”da 2 futbolçu sarı vərəqə cəzalısıdır. Sadiq Quliyev və Xəyal Nəcəfov ötən tur “Qəbələ” ilə görüşdə vərəqə alaraq cəzalı duruma düşüblər.
Həmin matçda “Qəbələ” də 2 futbolçusunu itirib. Ürfan Abbasov ikinci xəbərdarlıqdan sonra meydandan qovulduğu üçün “Şamaxı” ilə oyunda komandasına kömək edə bilməyəcək. Ardıcıl dördüncü dəfə xəbərdarlıqla üzləşən və cəzalı duruma düşən, bu mövsüm aldığı “sarı”ların sayı isə 7-yə çatan İlkin Qırtımov da matçı tribunadan izləyəcək.
“Qəbələ” və “Turan Tovuz”dan başqa, “Neftçi” də 35-ci turda optimal heyətlə meydana çıxa bilməyəcək. “Şamaxı” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Eddi İsrafilov “Kəpəz”lə səfər matçında iştirak etməyəcək.
Mirağa