“Pribaltikanı məhv edin”: Z-bloggerlər Rusiyaya PUA hücumuna cavab tələb edir

Müharibə tərəfdarı olan bloggerlər və təbliğatçılar Rusiyaya edilən ən böyük PUA hücumuna görə Ukraynaya cavab zərbələri, o cümlədən nüvə silahı ilə cavab verilməsini tələb edirlər. Vladimir Solovyov Baltikyanı ölkələrə hücum etməyə çağırıb. Eyni zamanda, müharibə tərəfdarları tərəfindən sakitləşdirici bəyanatlar da səslənir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Agentstvo” yazır

Hərbiyönlü teleqram kanallarında əsasən PUA hücumuna hərbi cavaba ehtiyac olduğu bildirilir. “Starşe Eddı” Teleqram kanalı Ukrayna infrastrukturunu məhv etməyə çağırıb: “Körpülərsiz, elektriksiz, kanalizasiya və yanacaq-sürtkü materialları olmadan mübarizə aparmaq daha çətindir”. Buna cavab olaraq “Dva Mayora” kanalı yazıb ki, “hərbi-siyasi rəhbərlik olmasa, düşmənin döyüşməsi daha çətin olacaq”. Aleksandr Duqin də hücuma cavab verməyə çağırıb.

Vladimir Solovyov “Polnıy kontakt” şousunda Pskova hücumun NATO-ya üzv olan Baltikyanı ölkələrin ərazisindən həyata keçirildiyini fikrini irəli sürüb və buna görə də bu ölkələrə qarşı “qisas zərbəsi”nə çağırıb. “Əgər belədirsə, lənətə gəlmiş Pribaltika məhv edilsin. Yer üzündən silinsin”, – o deyib. Təbliğatçı bildirib ki, zərbəni NATO ölkələri edibsə, bu, müharibə elanı sayıla bilər, “bu o deməkdir ki, nüvə silahından dərhal cavab olaraq istifadə edilməlidir”. Rusiyayönlü teleqram kanalı “On üçüncü” də nüvə silahından istifadəyə çağırıb: “Biri, Dmitri Anatolyeviçin əlinə Teleqram olan telefon yox, nüvə çamadanı versin”.

Eyni zamanda, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Aleksandr Sladkov tamaşaçıları sakitləşdirməyə çağıran səsli mesaj yazıb. “Əlbəttə, şəxsi, dövlətin təhlükəsizliyini tam olmadığını hiss etmək son dərəcədə xoşagəlməz haldır, lakin bu müharibədir. <…> Biz buna öyrəşməliyik, başa düşməliyik ki, belə hücumlar, daha ciddi hücumlar mümkündür”, – deyə o, Rusiya ərazisinə hücumların cəbhədəki vəziyyəti dəyişməyəcəyini qeyd edib.

Federal televiziya kanallarının hücuma reaksiyası tamamilə fərqli olub. Üç əsas kanaldan – “Birinci”, “Rossiya 1” və NTV heç biri səhər xəbər buraxılışlarında bu mövzunu tam şəkildə işıqlandırmayıb. NTV və “Rossiya 1” Pskov hava limanına edilən hücumla bağlı qısa danışıb, “Birinci” kanal isə hadisəyə ümumiyyətlə toxunmayıb. 

Qeyd edək ki, çərşənbə axşamından çərşənbəyə keçən gecə Rusiyaya edilən PUA hücumu müharibə başlayandan bəri ən böyük hücum olub. PUA-lar Pskov, Bryansk, Oryol, Moskva, Ryazan və Kaluqa vilayətlərinə, həmçinin ilhaq edilmiş Sevastopol ərazisinə hücum edib. TASS-ın məlumatına görə, Pskov hava limanında 4 təyyarə zədələnib. Bryansk vilayətində İstintaq Komitəsinin binasına ziyan dəyib. Həmçinin PUA-nın düşməsindən sonra Kremniy EL mikroelektronika zavodunun ərazisində yanğın başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR