Məşqdə ölən azyaşlının anası ilə məşqçinin yazışmaları aşkarlandı – Qapalı proses

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Mehman Xəlilovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. O bildirib ki, əvvəldən axıra kimi çəkiliş aparılmasını istəyirlər: “Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi bu hadisə baş verəndən sonra yayılan videolardır. Həmin videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Nəticədə təqsirləndirilən şəxsə ağır ittiham verildi.

İşdə daha fərqli hallar var. Bu, ağır hadisədir, təsirlənirəm, zərərçıkmişin acısına şərikəm. Amma işin aparılması, araşdırılması lazımdır. Biz prosesin açıq və ya qapalı keçirilməsində maraqlı deyilik. Əgər çəkiliş olacaqsa, əvvəldən axıra kimi aparılsın. Bizdə bu işin obyektiv araşdırılmasını, cəmiyyətin həqiqəti bilməsini istəyirik. Kiçik bir çəkiliş aparıb, sonra böyük səs-küy yaranmasını istəmirik”.

Təqsirləndirilən Mehman Xəlilov da vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı Samir Məmmədov isə məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib.

Zərərçəkmiş Fərid Bakarovun hüquqi varisi, anası Aynurə Məlikova zalda mətbuatın iştirak etməsinə etiraz edib. O deyib ki, mətbuatda bu işin yayılmasını istəmir: “Biz şou göstərmək istəmirik. Biz işin araşdırılmasını, qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda söhbətlər olubsa, öz aramızdadır, özümüz bilirik. Bunun yayılmasını istəmirik. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik. Mənim oğlum var, məktəbə gedir. Bunları internetdə görür, çox pis olur. Ötən məhkəmə iclasını çəkdilər, ananın fəryadı adı ilə şou yaratdılar”.

Daha sonra müşavirə keçirən hakim heyəti qərar açıqlayıb. Hakim deyib ki, işdə olan ailə sirrinin yayılması qanunla qadağandır. İşdə ailə sirri ilə bağlı sənədlər, yazışmalar var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR