Azərbaycan təsviri sənətinin özünəməxsusluğunu şərtləndirən üslub və koloritin zamanın axarında gərgin axtarışlar bahasına yaşadılmasının nəticəsidir ki, bu gün də milli ruhlu bu əsərlər istənilən bədii məkanda uğurla sərgilənməkdədir. Bu ənənəni yaşadan sənətkarlardan biri İntiqam Ağayevdir.
1966-cı ildə Sumqayıtda dünyaya göz açan İntiqam Ağayev, ötən əsrin səksəninci illərində özünün gözəllik duyumunu rənglərlə ifadə etmək üçün Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə üz tutmuşdur. Burada keçirdiyi dörd ili (1983-1987) və tanınmış fırça ustalarından aldığı sənət dərslərini də hiss və duyğularının ifadəsi üçün yetərli hesab edib, çoxları kimi SSRİ-nin iri şəhərlərinə oxumağa getməyib.
Zamanında “Gənclik şəhəri” kimi tanınan sənaye şəhərinin, eləcə də onu əhatələyən Corat və Saray kəndlərinin koloritli mənzərələrini özü üçün gözəllik qaynağı hesab edən gənc rəssamın molbert qarşısında dayanıb təxəyyülünü qanadlandırması o qədər də çox çəkməyib. Belə ki, onun gerçəklikdə heyrət qaynağı axtaran baxışları əmin-amanlığa bələnmiş məkanlar əvəzinə, Qarabağda – cəbhə bölgəsində gedən ölüm-dirim mübarizəsi, barıt qoxusunda “boğulan” təbiət motivləri olub. Bir-neçə illik cəbhə həyatında fırçanı avtomatla əvəzləyən İntiqam Ağayevin yaradıcı – vətəndaş borcunu yüksək dəyərləndirən silahdaşları onu Sumqayıta “Asiman” ayaması ilə yola salıblar. Ona zaman-zaman cəbhədə yaşananları xatırladacaq bu təxəllüs özünün də xoşuna gəldiyindən, vaxtaşırı təşkil olunan yaradıcılıq hesabatlarında onun adı ilə qoşa çəkilməkdədir. 2016-cı ildə V.Səmədova adına salonda açılan “Xatirələrim” adlı fərdi sərgisinin afişasında rəssam adı ilə bu ayama bir-birini sözün əsl mənasında yaxşı tamamlayırdı, desək, yanılmarıq. Belə ki, bu sərginin ekspozisiyasında onun geri baxmasını, uzaq-yaxın keçmişin yaşantılarını yada salan-xatırladan çox şey vardı…
Heç şübhəsiz onların arasında rəssamı bir-neçə il ölümün gözünə dik baxdığı günlərə qaytaracaq, müxtəlif ağır situasiyaları xatırladacaq tablolar xüsusi yer tuturdu. Bu əsərlərdə döyüş dostlarının Qarabağ müharibəsində göstərdikləri şücaətlərlə yanaşı, onların tuş gəldikləri çətin anları da özündə əks etdirən tabloların bədii-estetik əhəmiyyəti, eləcə də tarixi mahiyyət daşıması duyulurdu. Ayrı-ayrı tablolarda hadisələrin realist-gerçəkçi təqdimatı da, baş verənlərin obrazlı ifadəsi də kifayət qədər təsirli idi. Zamanında şəxsən yaşadıqlarına “bədii güzgü” tutmağı bacaran İntiqam Ağayev, əslində bununla Qarabağ savaşının bədii-sənədli salnaməsinə yaddaqalan töhfələr vermişdir. Bütün hallarda həmin əsərlər hadisələrin bilavasitə iştirakçısının göz yaddaşının və yaradıcı təxəyyülünün bədii təcəssümü kimi çox dəyərlidir. Bunu yaxşı başa düşən rəssam həmin əsərləri ictimaiyyətə, xüsusilə də yetişməkdə olan gənc nəslə təqdim etməkdən usanmır. Həmin lövhələrin Sumqayıt Tarix Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına salonunda, Naxçıvandakı ənənəvi Beynəlxalq simpoziumda və C.Naxçıvanski adına hərbi liseydə təşkil edilən sərgilərdə nümayişi də dediklərimizi təsdiqləyir.
Əgər müharibəli tablolarında yaşananları inandırıcı təsvir etmək üçün o, kifayət qədər realist-gerçəkçidirsə, mühribəsonrası yaradıcılığında duyulası dərəcədə miniatür ənənələrinin özünəməxsus davamçısı olduğunu hər yeni əsərində nümayiş etdirməyə nail olmuşdur. Bizi əhatə edən gerçəkliyin müxtəlif mövzuları həmin tablolarda əsas yer tutur. “Muğamın Alimi”, “Uşaqlıq xatirələri”, Tbilisi”, “Saray motivi”, “Quş qanadlarında”, “Karvan”, “Batabat”, “Məişət qayğıları”, “Yay natürmortu”, Damlar”, Sahildə” və s. əsərləri də dediklərimizi təsdiqləyir.
Bu mövzuların ciddi axtarışlardan sonra aldıqları bədii görkəm vurğuladığımız kimi çox yeni və cəlbedicidir. Rəssamın həm də təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə inanırsan ki, əsl rəssamlıq doğrudan da başqalarının görə bilmədiklərini “kəşf” etməkdən və yaxud da adi gözlə yaxşı görünənlərə çox fərqli rakursdan göz qoyub, onları bədiiləşdirə bilməkdən başlayır.
Müstəqillik dövrü milli rəngkarlığımızda gerçəkliyə özünəməxsus baxış sərgiləyən İntiqam Ağayevin bütün yaradıcılığı boyu fərdiliyi ilə seçilən rəng duyumunun, əsərlərinin forma-biçimini səciyyələndirən ifadə vasitələrinin yeni məziyyətlərlə zənginləşdiyinin şahidi oluruq. Bu mənada onun dəstxəttinin və ifadə tərzinin tanınan olması birmənalıdır. Bu özünü ilk növbədə klassik miniatür üslubuna yaradıcı münasibətin nəticəsi olan şərti-dekorativ rəng həllində, bu qaynağın rənglər məcmusundan “şirələnən” nikbinlikdə və yaxı improvizələrində təzahür etdirir. Bənzərsizliyi danılmaz olan bu cür ifadə vasitəsinin köməyi ilə gerçəkləşən tablolarda təbiətin əsrarəngiz gözəlliyi, insanların gündəlik qayğıları cəlbedici və yaddaqalandır. Gördüklərini həm də geniş bədii ümumiləşdirmələrlə, romantik biçimdə təqdim edən rəssam həm də onların duyğulandırıcı tutum almasını şərtləndirmişdir.
Əsərlərinin ovqatyaradıcı tutum alması üçün parlaq və nikbin rənglərin harmoniyasına tapınan rəssam, həm də özünün klassik ənənələrə sadiqliyini və bu nəhayətsiz ilham çeşməsinə yaradıcı münasibətini əyaniləşdirə bilmişdir. İsti və soyuq rənglərin qovşağından cəlbedici təzad yaratmağa nail olan İntiqam Ağayev, bununla həm də kompozisiyaların arzulanan bütövlüyünü əldə etmişdir. Belə ki, tamaşaçının gözləri qarşısında sadəcə olaraq detaldan-detala keçid yox, rəng tutumunun, forma-biçim plastikasının zəngin ritminin yaratdığı gözəllik canlanır. İşıq-kölgə təzadlarının plastik formanı təsdiqləməkdən daha çox, xətlərin ahəngini, kompozisiyanın arxitektonikasını aşkarlaması ifadə – sənətkarlıq baxımından şaşırdıcıdır. Rəssamın əsərləri bizi inandırır ki, gözəlliklə dolu həyatımız ona diqqətlə baxışın sayəsində yeni libasda, fərqli görkəmdə bizi qarşılamaq gücündədir. Bu mənada sənətkar təfsirində bu gözəllik qaynaqları daha canlı və obrazlı tutum aldığından kifayət qədər yaddaqalandırlar. Yaradıcılığının “estetik xəritəsi”nin zənginliyi məhz ənənə və müasirliyin qovşağına kökləndiyindən əsərləri zamansızlığa qovuşmuş kimidirlər. Bu da çox az-az yaradıcıya müyəssər olan keyfiyyət sayıldığından, bütünlükdə rəssamın özünü təsdiqi kimi dəyərləndirilməlidir.
İntiqam Ağayevin əsərlərinin başlıca mahiyyəti onların ifadə olunduğu rənglərin insan duyğularına duyulası nüfuzetmə gücünə malik olmasındadır. Odur ki, onun bədii şərhi gerçəkçi-realist ənənələrdən qaynaqlanan, eyni zamanda miniatür üslubunun şərtiliyi və dekorativliyi əlavə olunan əsərləri reallıqla irrealığın romantik tutumlu qovşağı kimi diqqət çəkir. Görünənlərə “inamsızlığın” nəticəsi olan bu əsərlər bir çox hallarda haralarınsa-nələrinsə dəqiq əksi yox, onların rəssam təxəyyülündən qaynaqlanan obrazlı görüntüləridir. Başqa sözlə desək, bizim seyr etdiklərimiz həm də romantik ruhlu müəllifin görmək istədikləridir. Obrazlaşmaya köklənmiş belə özünəməxsus bədii şərh isə İntiqam Ağayevin yaradıcı “mən”i özündə yaşadan çox qiymətli mənəvi qazancdır, desək, yanılmarıq…
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
professor