Ukrayna hökuməti Polşanın Ukrayna taxılının idxalına qoyulan embarqonu ləğv etməyəcəyi təqdirdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edəcək.
Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “X” platformasında (“Twitter”) bildirib.
“Müharibə və limanlarımızın Rusiya tərəfindən blokadaya alınmasına baxmayaraq, Ukrayna həm Aİ ilə Assosiasiya Sazişi, həm də ÜTT qanunvericiliyi üzrə öhdəliklərini yerinə yetirir. Polşa fermerlərinə zərər vermək niyyətimiz yoxdur. Biz Polşa xalqının və Polşa ailələrinin dəstəyini çox yüksək qiymətləndiririk. Lakin seçkilərə qədər siyasi populizm maraqları naminə ticarət qanununun pozulması halında, Ukrayna Tariflər və Ticarət normaları üzrə Baş Sazişin pozulmasına görə kompensasiya almaq üçün ÜTT arbitrajına müraciət etmək məcburiyyətində qalacaq”, – Şmiqal bildirib.
Xatırladaq ki, Polşa Baş naziri Moravietski deyib ki, onun hökuməti Ukrayna taxılının idxalına qoyulan embarqonu ləğv etməyəcək, çünki bu, polşalı fermerlərə zərər verəcək.