Prezidentin mətbuat katibi ABŞ rəsmisini qeyri-peşəkarlıqda qınadı

img1700231
Azər Qasımov: “Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram”
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının sözçüləri, Avropa Şurası və AŞPA rəhbərlərinin Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibət bildirib. A.Qasımov APA-ya açıqlamasında deyib:
– Mən bir daha bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirirəm. İqtisadi böhran yaşayan Avropada insan haqlarının tapdalanması, irqi ayrı-seçkilik, faşizm meyllərinin artması, multikulturalizmə qarşı hücumların gücləndiyi bir dövrdə Avropa strukturlarının nümayəndələri beynəlxalq ictimaiyyətin əsas diqqətini öz problemlərindən yayındırmağa çalışırlar.
ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakinin çıxışına gəldikdə isə, onun Xədicə İsmayılova ilə bağlı verilən suallara cavablarına diqqəti yönəltmək istəyirəm. O, on gün ərzində verdiyi iki bəyanatda demək olar ki, bir söz belə dəyişilmədən, yenə də heç bir reallığa əsaslanmayan şablon ifadələr işlətməklə, bir daha öz qeyri-peşəkarlığını nümayiş etdirib. Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində insan haqları və azadlıqları, ümumiyyətlə demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram. İrqi zəmində qarşıdurma, Ferqyuson hadisələri ilə bağlı öz haqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxmış dinc nümayişçilərə qarşı sanki hərbi əməliyyatlar keçirilməsinin, günün günorta çağı heç bir müqavimət göstərməyən insanın polislər tərəfindən boğulub öldürülməsi, hətta uşaq və yeniyetmələrin polislər tərəfindən qətlə yetirilməsi kimi dəhşətli halların biz bu yaxınlarda şahidi olduq.
Ötən dəfə bu məsələlərlə bağlı sualınıza cavab verərkən Amerika Birləşmiş Ştatlarında söz və fikir azadlığı sahəsində vəziyyətin də acınacaqlı olduğunu bildirmişdim. Bu ölkədə kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı təqiblər geniş vüsət alır, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olduqları zaman həbs olunur, hüquq-mühafizə orqanları tərəfindən kütləvi informasiya vasitələri əməkdaşlarının telefon danışıqları və internet yazışmaları tam nəzarət altında saxlanılır.
Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatları Senatında təqdim olunmuş sənəddə dünyanı şoka salan dəhşətli faktlardan xəbərdar oldu. Məruzədən göründüyü kimi, ABŞ Xüsusi xidmət orqanları tərəfindən işgəncələrin tətbiq olunması uzun illər adi hala çevrilibmiş. ABŞ Dövlət Departamenti öz ölkəsində demokratiyanın və insan haqlarının tapdalanması faktlarını görməməzliyə vuraraq mütəmadi olaraq bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni süni şəkildə qabardaraq beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etməsindən keçən qısa bir dövrdə demokratiyanın və fundamental insan haqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib və Azərbaycan hökuməti bu istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
220 DƏFƏ OXUNUB

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR