Körpünün 200 metrini tikdilər, 15 metrinə pul çatmadı… (FOTOLAR)

85576_srcSalyanda böyük bir layihənin icrası yarımçıq saxlanıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Kür çayı üzərindən salınan körpünün tikintisi dayandırılıb.

Hələ sovet dönəmindən bəri Salyan şəhər sakinlərinin ən böyük arzularından biri şəhəri Şirvan tayı ilə birləşdirəcək körpünün tikilməsi olub. Sakinlər su yolu ilə cəmi 250 metr olan məsafəni maşınla 15 km-dək getməklə mənzilbaşına çatıblar. Ya da kustar üsulla düzəldilmiş taxta qayıqlardan istifadə etməklə həyatlarını təhlükəyə atıblar.Hökumət bütün bunlara son qoymaq üçün 6 min nəfərdən artıq əhalinin yaşadığı Babazanan yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq körpünün tikintisinə qərar verib. 2013-cü il, sentyabrın 6-da Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə bu məqsədlə ilkin olaraq 1 milyon manat vəsait də ayrılıb. Və həmin il oktyabrın 1-də tikinti işləri başlayıb. Körpünün ölçüsü və görülən işlərin keyfiyyəti gözləniləndən də artıq olub. Belə ki, yerli sakinləri Kür çayını adlamaq üçün hətta kiçik bir körpü də qane edirdi, amma daha böyüyünü tikməyə başlamışdılar.

Kür çayı üzərində Babazananı Salyan şəhəri ilə birləşdirəcək körpünün tikintisi əvvəlcə sürətlə gedib. Smeta dəyəri 12 milyon manat olan tikintini “Körpü Bina Tikinti” MMC həyata keçirib. Uzunluğu 216 metr olacaq yeni körpünün eni avtomobillərin gediş-gəliş hissəsində 11,5 metrdir. Körpünin hər iki yanından piyadaların hərəkəti üçün məhəccərlə əhatələnmiş 1,5 metrlik səkilər nəzərdə tutulub. Burada 4 ədəd 33 metrlik aşırım inşa olunub. Eyni zamanda çayın əks sahilində 1-ci dayağın özülü qoyulub.

Amma 5 aşırımlı körpünün sonuncu aşırımının inşasına başlanarkən tikinti işləri qəfildən dayandırılıb. Tikintisinin 2014-cü ilin may ayında başa çatdırılması nəzərdə tutulan körpü elə o vaxtdan unudulub. Burada artıq bir ilə yaxındır heç bir iş aparılmır.

Əlaqədar qurumlar bunu vəsait çatışmazlığı ilə izah edir (hərçənd orada işlər neft ucuzlaşmazdan xeyli əvvəl dayandırılıb). Yerli sakinlərə isə belə bir müasir, böyük və rahat körpünün tikintisinin sahilə 10-12 metr qalmış dayandırılmasından yalnız təəssüflənmək və körpü probleminin nə vaxtsa həll ediləcəyinə ümid etmək qalır.

85581_src 85576_src 85577_src 85579_src 993354_aktual_az 85578_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR