Zakir Həsənov əsgər çağırılan gənclərə müraciət etdi

zakirhesenov“Bu torpaqları düşmən əsarətindən xilas etməlisiniz”.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkə prezidenti İlham Əliyevin 2 mart 2015-ci il tarixli sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, nazir hərbi qulluqçulara, əsgər çağırılan gənclərə üz tutaraq, onların həyatlarında ən şərəfli günlərdən birini yaşadığını bildirib.

Nazirin sözlərinə görə, həyatını ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar
“Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərib. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar.

Xalq öz Ordusuna inanır və ona güvənir.

Orduya çağırılan gənclər isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri vardır. Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.

Torpaqlarımızın bir hissəsi düşmən işğalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz”, – deyə, Z.Həsənov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR