Gecə kameraları kim söndürür?

83471Azərbaycanda quraşdırılmış kameralar gecə görüntüsü çəkmir

Azərbaycan ərazisində, eləcə də paytaxt Bakıda təhlükəsizliyə nəzarət üçün nəzərdə tutulan və quraşdırılan kameralar gecə işləmir. Bu barədə vətəndaşların şikayətlərində, eləcə də problemlərlə üzləşən paytaxt sakinlərinin birbaşa müraciətlərində qeyd olunur.Onların fikrincə, dövlət tərəfindən təhlükəsizliyə nəzarət üçün nəzərdə tutulan, gecə və gündüz görüntüsü çəkən kameraların alınmasına kifayət qədər vəsait ayrılır. Lakin gecə vaxtı bəzi cinayət hadisələri, oğurluq, avtomobil qəzaları və digər qanundankənar hadisələri kameralar vasitəsilə görmək çətin olur. İstintaq zamanı vətəndaşlara müvafiq orqanların nümayəndələri gecə görüntüsünün olmadığını, yaxud çox zəif çəkildiyini söyləyirlər. Belə olan halda vətəndaş sual qoyur: “Əgər bu kameralar gecə çəkmirsə, onu nə üçün alıb quraşdırırlar? Ümumiyyətlə, bu, nə dərədəcə doğrudur, ölkə ərazisində təhlükəsizlik kameralarının quraşdırılması vətəndaşların təhlükəsizlinə təminat verirmi?”

ANS PRESS bununla bağlı araşdırma aparıb, məsələnin nə qədər doğru olub-olmamasını aydınlıq gətirib.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikrincə, təhlükəsizliyə nəzarət üçün nəzərdə tutulan kameralar gecə də görüntüləri aydın şəkildə qeydə ala bilmək üçün ya onların qoyulduğu sahədə süni işıqlanma olmalıdır, ya da həmin kameralar qaranlıqda da çəkə bilən (məsələn, infraqırmızı şüalar vasitəsilə) olmalıdır. Bunu həmin kameraları əldə edərək ölkəmizin müxtəlif yerlərində quraşdıran məsul qurumlar nəzərə almalı idilər. Bundan başqa, həmin kameraların texniki göstəriciləri də (pikseli, tezliyi və s.) yüksək olmalıdır ki, dəqiq görüntülər çəkə bilsin. Görünür, bunu da nəzərə almayıblar. Ona görə də gecə görüntüsünün olmamasına dair deyilənlər doğru ola bilər. Buna isə yalnız təəssüflənmək qalır. Büdcə vəsaitlərini bu məqsədlərlə xərcləyərkən həmin məsələlər mütləq nəzərə alınmalı idi.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, yollarda quraşdırılmış bütün kameralar gecə saatlarında çəkilişlər aparır, lakin bəzi yerlədə həmin çəkilişlərin keyfiyyəti elə də ürək açan deyil. Məhz buna görə gecə saatlarında baş verən yol qəzaları ilə bağlı aparılan təhqiqatlarda bir çox suallar açıq qalır. Bu nöqteyi-nəzərindən yollarda gecə saatlarında keyfiyyətli çəkilişlərin aparılması imkanına malik olan kameraların quraşdırılması olduqca vacib məsələdir.

O deyib ki, bununla xüsusi diqqəti həm də küçələrin işıqlandırılması məsələsinə yönəltmək lazımdır. Ola bilsin ki, yüksək texnoloji imkanlara malik olan kameraların kütləvi şəkildə quraşdırılması iqtisadi cəhətdən kifayət qədər məsrəf tələb edən məsələdir. Məhz buna görə ilkin mərhələdə küçələrin işıqlandırılması sisteminin yüksək səviyyədə təşkil edilməsi göstərilən problemin qarşısını nisbətən almaq iqtidarında olan məsələdir. İşıqlandırılma yüksək səviyyədə təmin olunduğu halda bu həm müşahidə kameraları vasitəsilə çəkilişlərin aparılmasına, həm də yol qırağı ilə hərəkət edən piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək.

Nəqliyyatın İnrellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib ki, 2011-ci ildə paytaxtda 60 ədəd müşahidə kamerası quraşdırılıb. Bu kameralar əsasən şəhərin böyük küçə və prospektlərində, xüsusi əhəmiyyətli yol kəsişmələrində yerləşdirilib. Eyni zamanda layihə çərçivəsində 326 ədəd videoaşkarlayıcı kameralar quraşdırılıb. 48 ədəd elektron informasiya tablosu quraşdırılıb. Avtobuslarda quraşdırılması nəzərdə tutulan 2100 ədəd bort avadanlığından 1900- ü ədədi artıq quraşdırılıb. Dayanacaqlarda avtobusların gəlişi ilə bağlı məlumatı sərnişinlərə çatdırmaq üçün 664 ədəd avadanlıq təyinatı üzrə müvafiq yerlərdə quraşdırılıb. Qanunsuz parklamağa qarşı 44 kamera quraşdırılıb.

Onun sözlərinə görə, Avropa Oyunları başa çatdıqdan sonra layihəsinin ikinci mərhələsinə başlanılacaq. Belə ki, İntellektual Nəqliyyat Sisteminin genişləndirilməsi istiqamətində Bakının və ətraf kənd, qəsəbələrdə, paytaxtdan aralı yerlərdə kameraların quraşdırılması nəzərdə tutulub. NİİM kameralı 24 saat çalışır və hadisələri müşahidə etmək mümkündür. Bu kameralar ilə yaxınlaşdırma üsulu ilə hadisəni törədən şəxsin üzünə tam baxmaq mümkün olmasa da, amma avtomobillərlə bağlı baş verən hadisələr barədə lazım olan səviyyədə məlumatı əldə etmək mümükündür.

Təhlükəsizlik şəhər kamerasına gəlincə, bu da gecə gündüz çalışır. Əgər kamera quraşdırılan yer işıqlı olursa, tam, aydın çəkir, sifəti görmək mümkün olur. Kameralar qoyulan yerlərdə işıqlandırma sistemi yoxdursa, onda çəkilən görüntülər bəzi hallarda keyfiyyətli alınmır.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, rayonlarda yerli əhəmiyyətli yollarda da radarlar quraşdırılır. Hazırda ölkədə sürət həddinin aşılması hallarının daha çox müşahidə edildiyi yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı müvafiq işlər gedir.

Ümumiyyətlə, 2008-ci ildən bu günə qədər Azərbaycanda 2 minə yaxın yerdə 6 mindən çox, o cümlədən paytaxtda 1200-ə yaxın yerdə 3 mindən çox, Gəncədə təqribən 135 yerdə 400, Sumqayıtda 10 yerdə 250, Abşeron rayonunda 25 yerdə 65, habelə Bakı metropolitenində 75 yerdə 2 minə yaxın kamera quraşdırılıb. Bu ilin birinci rübündə Bakıda daha 200 yer üzrə 230 videomüşahidə vasitəsi istismara verilib. Ümid edək ki, bu kameralar gecə də işləyəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR