Yeni gətirilən 500 taksi Avropa Oyunları zamanı istifadəyə veriləcək

img1791855Namiq Həsənov: “İstəyirik ki, taksi bazarı sivil qaydada tənzimlənsin…”

Bakıya 500 ədəd yeni “London taksi”si gətirilib. Taksilər prezidentin fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planı”na uyğun olaraq gətirilib.

Nəqliyyat Nazirliyinin qərarına əsasən, İngiltərənin dünyaca məşhur “ London taxi” şirkəti ilə müqavilə imzalanıb. Sənədə görə, şirkət yaxın illərdə Azərbaycanda taksi parkının yeniləşməsində yaxından iştirak edəcək. Hazırda isə gətirilən yeni taksilər hələ ki istifadəyə verilməyəcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, gətirilən yeni taksilər ilk olaraq Avropa Oyunları zamanı rəsmi qonaqların və idmançıların istifadəsinə veriləcək: “Onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xətti ilə fəaliyyət göstərəcək. Bizdə ”Bakı taksi xidməti” deyilən bir qurum yaradılacaq. Bu barədə artıq qərar var.
Həmin taksilər “Bakı taksi xidməti” adlı qurumun tabeçiliyində fəaliyyət göstərəcək. Sürücülərin işə götürülmə şərtləri haqda danışmaq hələ ki tezdir. Şərtlər və sürücülərin müraciəti barədə həmin yeni yaradılacaq “Bakı taksi xidməti” adlı quruma müraciət etmək lazım gələcək”.
N.Həsənov məqsədlərinin qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizə aparmaq olduğunu bildirdi:
“Bizim məqsədimiz ölkədə bir taksi xidməti formalaşdırmaqdır. London taksilərinin gətirilməsi də, digər markalı avtonəqliyyatların taksi xidmətinə buraxılması da elə bu məqsədi daşıyır. Biz istəyirik ki, taksi bazarı sivil qaydada tənzimlənsin. Bizim qeyri-qanuni fəaliyyət göstərənlərə, parkinq edənlərə qarşı mübarizəmizin məqsədi vətəndaşlara sivil taksi xidmətinin göstərilməsini tənzimləməkdir. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Londondan gətirilən taksilərin sayı artdıqca qeyri-qanuni taksi fəaliyyəti göstərənlər bazardan sıxışdırılıb çıxarıldıqca yeni münasibətlər sisteminə qədəm qoyacağıq”.
Qeyd edək ki, bu vaxtadək gətirilən taksilər üçün Binəqədi rayonu ərazisində servis mərkəzi yaradılıb. Mərkəzdə çalışan ustalar Londondan dəvət olunub. Gələcəkdə azərbaycanlı ustaların Londonda təcrübə keçməsi də planlaşdırılır. Ümumilikdə əhaliyə keyfiyyətli taksi xidməti göstərilməsi üçün davamlı iş aparılır. Hazırda 500-dək taksi paytaxtda sərnişinlərə xidmət göstərir.
Avtobuslarda isə mart ayının 1-dək nağd ödəniş sisteminin ləğv edilib kart sisteminə keçidin olacağı deyilsə də, hələ ki bu hadisə baş verməyib. Məsələyə münasibət bildirən Həsənov bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin aparıldığını dedi: “Qarşıdakı həftələrdə bu barədə geniş məlumat verə biləcəyik”.
O da məlum oldu ki, “Bakı-2015: Avropa Oyunları” ərəfəsində Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq. Yarış obyektlərində və onları əhatə edən yollarda “Parkinq yoxdur” qaydası tətbiq olunacaq. Eyni zamanda yarış günü biletləri yoxlanılmaqla tamaşaçılar öz avtomobillərini “Park et və get” dayanacaqlarına həvalə edəcəklər. Həmçinin sərnişin avtobusları 20 saatlıq iş rejimində çalışacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR