Nazirliyin işçiləri qəhrəman müəllimin yas mərasiminə gedib

93135_res_01Təhsil Nazirliyinin nümayəndələri şagirdini xilas edərkən Kürdə batmış müəllim Əhliman Hüseynovun ailəsinə başsağlığı vermək üçün bu gün Sabirabad rayonunda olub.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və nazirliyin digər vəzifəli şəxsləri Sabirabad rayonunun Cavad kəndinə gedərək Ə.Hüseynovun yas mərasimində iştirak edib, mərhumun yaxınlarına nazir Mikayıl Cabbarovun adından başsağlığı veriblər.

Mərhumun oğlu Xalid Hüseynov isə atasının cəsədinin tapılmadığı ötən 5 ay ərzində ailələrini bir an belə diqqətdən kənar qoymayan hər kəsə, o cümlədən Təhsil Nazirliyinə, virtualaz.org və haqqin.az saytlarının redaksiyasına minnətdarlığını bildirib.

Qeyd edək ki, 57 yaşlı Ə.Hüseynov ötən il dekabr ayının 7-də səhər şəxsi avtomobili ilə dərs dediyi məktəbə gedərkən Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb. Bu zaman maşının salonunda onun qonşusunun məktəbli qızı, 9 yaşlı Güldəstə Hüseynova da olub. Müəllim uşağı xilas etsə də özü boğulub. Ə.Hüseynovun cəsədi 5 ay sonra – bu il may 3-də hadisə yerindən 3 km aralıda – rayonun Məmişlər kəndi ərazisində yerli balıqçılar tərəfindən tapılıb.

Artıq yazdığımız kimi, kənd müəlliminin bu qəhrəmanlığından xəbər tutan təhsil naziri Mikayıl Cabbarov hadisəyə biganə qalmamışdı. O, hadisədən az sonra nazirliyin nümayəndələrini rayona –  Ə.Hüseynovun evinə göndərmiş, mərhum müəllimin cəsədinin axtarışları ilə mütəmadi maraqlanmışdı. Ailənin mənzil şəraitinin ağır olduğunu biləndən sonra isə nazirliyin xətti ilə Cavad kəndində onlara yeni ev tikməkdə yardım göstərilmişdi.

Bu gün isə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şagirdlər üçün inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən təhsil naziri Azərbaycan müəllimləri barədə danışarkən Əhliman Hüseynovun adını da xüsusi qeyd edib, onun fədakarlığını bir daha hamıya örnək göstərib.

93139_src 93136_src 93137_src 93138_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR