Bakı-Abşeron Karantin Məntəqəsində nələr baş verir?

heydar_asadov_ismasi_h2075Mehman Məmmədov yığdığı pulları indi kimə verir: Heydər Əsədova?

Uzun illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ( DFNX ) deyilən bir qurum fəaliyyət göstərir.

Qısaca olaraq bu qurumun funksiyaları haqda məlumat verək. DFNX bazarlarda, küçələrdə, yol qıraqlarında, səkilərdə, köşklərdə və digər ticarət şəbəkələrində satılan bitki və bitki mənşəli bütün məhsulların saxlanması, satışı ilə bağlı baş verə biləcək hər hansı bir neqativ halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Təsəvvür edirsiniz nə boyda bir qurumdur? Bütün ölkəni, bütün şəhərləri, qəsəbələri, rayonları, sərhəd keçid məntəqələrini əhatə edən bir rüşvət şəbəkəsi. Öz qapısında min bir əziyyətlə yetişdirdiyi kənd təsərrüfatı məhsullarını bazarlarda satışa çıxarmaq istəyən zavallı kəndlilərin, xırda sahibkarların qəniminə çevrilmiş bu qurum sözün əsl mənasında ölkədə at oynadır. Səhərin gözü açılmamış bazarlara daraşan bu xidmətin işçiləri pomidor, xiyar, mer-meyvə, tərəvəz, kartof, soğan, qarpız, qovun, hətta balqabaq və digər bostan məhsulları, şorabalar  və müxtəlif güllər satan vətəndaşların başının üstünü kəsdirib satdığı hər məhsula görə pul tələb edir və əvəzində vətəndaşlara geydirmə çek verir. Çeklərin heç biri nömrələnmiş olmur. Bilmək olmur bu pulların uçotu necə aparılır. Bundan başqa məhsulların zəhərli, radiasiyalı, nitratlı olub-olmadığını yoxlamaq əvəzinə bu xidmət sahəsinin əməkdaşları ancaq pul yığmaqla məşğuldurlar. Və əllərində də məhsulların yararlı-yararsız olub-olmadığını yoxlamaq üçün heç bir cihaz yoxdur. Bunların eksperitzası, toksikoligiya aparatları bir köhnə lupadan ibarətdir.

Dəfələrlə bu xidmətin əməkdaşları ilə söhbət əsnasında soruşmuşuq ki, yığılan pullar hara köçürülür? Hamısı bir ağızdan Ismət Abbasova  deyiblər. Sonra da deyirik ki, gündə bir vətəndaşımız  zəhərlənmədən öldü. Gündə bir şadlıq evində zəhərlənmənin şahidi oluruq. Bazarlarda satılan şorabalardan dəfələrlə bütöv ailələr ölüm təhlükəsi ilə üzbəüz qalıb, hətta ölənlər də olub.

Bu işlərdə DFNX-nin Bakı-Abşeron şöbəsinin rəisi Mehman Məmmədov da çox “fəal” rol oynayır.

Saxta qəbzlər yazan Mehman Məmmədov iş adamlarını aldatmaqla güclü sərvət toplamağa nail olub. Bu adamın əməlləri ilə bağlı əvvəlcə Nəsimi rayon Prokurorluğu, sonra Bakı şəhər Prokurorluğu məşğul olub. Sonra isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair  istintaq idarəsində uzun müddət istintaq aparılıb. İşə məhkəmədə baxılıb və Mehman Məmmədova  2 il maddi məsul vəzifə tutmamaq şərti ilə cəza verilib və məhkəmənin qərarı ilə cənab müfəttiş  dövlətə 2500 dollar pul ödəməli olur. Çox maraqlıdır ki, məhkəmənin qərarına baxmayaraq, onu tutduğu vəzifədən heç kim azad etməyib.

Az vaxtda Bakı Dəniz Limanını Bakı- Abşeron Karantin məntəqəsinə birləşdirən Mehman Məmmədov  “Tezliklə nazir özüm olacam” deyirdi.

İndi isə Mehman Məmmədovun əməlləri  “tariff”lərinə nəzər salaq.

1.İdxal Karantin İcazəsi (qısaca İKİ) sənədinin alınması üçün Mehman Məmmədov iş adamlarından 400 AZN tələb edir. İş adamları  artıq beziblər. Plastmas butulkalarda gələn bitki yağına “İdxal Karantin icazəsi” (İKİ) sənədi Mehman Məmmədov rəhbərliyi altında 350-400 AZN-ə çatdırılıb. Əslində emal olunmuş və plastmas qablarda yerləşən bitki yağına idxal karantin icazəsi sənədinin alınması  gülünc doğuran bir haldır. İdxal olunan soya yağına, qreçka (qarabaşaq) və s. qeyri-karantin məhsullarına İKİ  alınması bir məqsəd daşıyır. Mehman Məmmədovun cibinə ayda təkcə İKİ  sənədindən 40-50 min AZN pul daxil olur.

Görəsən, Mehman Məmmədov indi pulu kimə verir? Təzə nazir Heydər Əsədova..?

Qoy, bu barədə yeni nazir düşünsün…

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR