“Qafqaz Region” İctimai Birliyinin sədri ölkə başçısına müraciət etdi

 prezidentgorus23“Qafqaz  Region”   İctimai Birliyinin sədri  Mahmud  Tağıyev  yenidən ölkə başçısı cənab İlham  Əliyevə müraciət edib. Müraciətdə deyilir:  

 Hörmətli İlham Əliyev cənabları!

Mən yenidən Sizə müraciət  etmək məcburiyyətindəyəm.

Sizə müraciət etməyimin səbəbi təsis etdiyimiz «Qafqaz Region» İctimai Birliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müxtəlif  əsassız bəhanələrlə bir ildən artıqdır  qeydiyyata alınmaması ilə əlaqədardır. Məlumat üçün Sizə bildirirəm ki, «Qafqaz Region» İctimai Birliyi 2012-ci il 17 sentyabr tarixində təsis olunmuşdur. İctimai Birliklər barədə Azərbaycan Respublikası qanununun tələblərinə uyğun sənədlər qeydiyyata alınması üçün 2012-ci il sentyabr ayının 19-u Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

2012-ci il oktyabr ayında İctimai Birliyin təsisçiləri Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə dəvət edilmiş və bizə bildirmişlər ki, sənədlər qanuna uyğun təqdim edilmişdir və qısa bir müddətdə təşkilatımız dövlət qeydiyyatına alınacaqdır.
Lakin gözlənilmədən 2 noyabr 2012-ci il tarixində 11/1753 saylı məktub ünvanımıza göndərilmiş və məktubda qeyd etmişlər ki, təşkilatın fəaliyyətini xarakterini göstərən adı olmalıdır, halbuki təşkilatın adı fəaliyyətini xarakterizə edir.

7 dekabr 2012-ci il tarixli məktubundakı iradlar nəzərə alınmaqla sənədlərə əlavələr olmuş və onlar yenidən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

İki aydan sonra 24 yanvar 2013-cü il tarixində 11/126 saylı məktubla bizə bildirmişlər ki, guya qeydiyyat üçün ərizəmiz notariat qaydada təsdiq olunmamışdır.Lakin təəccüblüdür ki, 2 noyabr tarixli məktubda bu barədə heç bir məlumat verilməmişdir. Faktiki olaraq bizə mənasız irad tutulmuş belə ki, oktyabr ayında biz Ədliyyə Nazirliyində olarkən bütün sənədlərin qaydasında olması barədə bizə məlumat verilmişdi.
Cavab olaraq 5 fevral 2013-cü il tarixdə mən Ədliyyə Nazirliyinə rəsmi müraciət etmiş və bildirmişəm ki, notariat qaydada ərizə məsələsi əsassızdır, növbəti bəhanədir. Bəhanələri aradan qaldırmaq məqsədi ilə ərizə yenidən notariat qaydada təsdiq edilmiş və bütün lazım olan bütün sənədlərlə Ədliyyə Nazirliyinə qeydiyyat alınması üçün təqdim edilmişdir.

Ancaq 2 aydan sonra növbəti əsassız bəhanələrlə 27 mart 2013-cü il II/432 saylı məktubla sənədlər bizə qaytarılmışdır. Bizə bildirilmişdir ki, guya Nizamnamənin 5.2.-ci bəndində təsisçilərin qarşılıqlı hüquq və vəzifələri müəyyən edilməmişdir. 01 aprel tarixində nizamnaməyə qeyd edilən iradlar əlavə olunmuş və sənədlər qeydiyyata alınması üçün yenidən nazirliyə təqdim edilmişdir.

Yenə 2 aydan sonra 27 may 2013-cü il tarixli II/884 saylı məktubla sənədlər bizə qaytarılmışdır. Bu dəfə çox araşdırıb bəhanə tapmayaraq bizə bildirmişlər ki, İctimai Birliyin yerləşdiyi yerin mülkiyyətçisinin iradə ifadəsini əks etdirən sənəd təqdim edilməmişdir. Bu sənədi də hazırlayıb iyun ayının əvvəllərində bütün sənədlərlə birlikdə Ədliyyə Nazirliyinə təqdim etmişik.

2 aydan sonra 26.07.2013-cü il tarixli məktubla sənədlər yenidən bizə qaytarıldı. Bu dəfə əsassız olaraq 24 yanvar 2013-cü il tarixli məktubdakı irad əsas gətirildi ki, guya mən qeydiyyata alınmaq üçün ərizə ilə müraciət etməmişəm. Lakin faktiki olaraq 05 fevral həmən sənədlər təkrarən Nazirliyə təqdim olunmuşdur.

Beləliklə, «Qafqaz Region» İctimai Birliyini əsassız olaraq qeydiyyata almamaq məqsədi ilə 24 yanvar tarixli məktubdakı bəhanələr yenidən dövriyyəyə buraxılır və cəmiyyətə qarşı misli görünməmiş haqsızlıq edilir.
Fəaliyyətimizdə qanunlara riayət etdiyimizdən əlacsız qalaraq ərizəni yenidən notariat qaydada təsdiq etdirib Ədliyyə Nazirliyinə sənədləri yenidən təqdim etdik.Ancaq iki aydan sonra 19.09.2013-cü il tarixdə 11/1619 saylı məktubla yenə sənədlərimiz geri qaytarılmışdır.Məktubda bildirilir ki,guya göstərilən iradlar yəni 2 noyabr 2012-ci il tarixli məktubdakı nöqsanlar aradan qaldırılmamışdır.

Yuxarıda qeyd edilən faktlar sübut edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin iş üsulu nöqsanlıdır, 2 noyabr 2012-ci il tarixli iradlar aradan qaldırılsa da yenidən sənədlərimizi 19.09.2013-cü il tarixli 11/1619 saylı məktubla geri qaytarmışlar. İdarənin səriştəsiz və qeyri- peşəkar əməkdaşları təqdim olunmuş sənədləri müxtəlif bəhanələrlə bizim misalda bir il ərzində hər iki aydan bir altı dəfə əsassız olaraq geri qaytarmışlar. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir il ərzində 6 dəfə qeydiyyat üçün təqdim etdiyimiz sənədlər hər dəfə ayrı-ayrı əməkdaşlara baxılması üçün təqdim olunduğundan bir əməkdaşın göstərdiyi irad aradan qaldırılsa da digər əməkdaş bunu nəzərə almadan yenidən həmin iradı bir il sonra əsassız olaraq qeyd edərək sənədləri geri qaytarır.

Beləliklə, Ədliyyə Nazirliyinin yuxarıda qeyd edilən idarəsinin əməkdaşları təsdiq üçün təqdim edilən sənədləri əsassız dəfələrlə təkrarən notariat qaydada təsdiqini tələb etməklə və müxtəlif bəhanələrlə bizim İctimai Birliyi qeydiyyata almamaqla mənə və «Qafqaz Region» İctimai Birliyinin üzvlərinə maddi və mənəvi ziyan vurmuşlar.Bu səbəblərdən məcbur olub bu məsələnin həll olunması ucun Sizə müraciət edirik.

Sizdən xahiş edirik ki, Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin nöqsanlara yol vermiş əməkdaşları barədə lazımi tədbirlərin görülməsi və «Qafqaz Region» İctimai Birliyinin qeydiyyata alınması barədə müvafiq tədbirlərin görulməsinə göstəris verəsiniz..
Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm”
Hörmətlə,
Mahmud  Rasimoğlu Tağıyev 

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR