“Yeni Həyat”la “İST Petrol” baş-başa gəldi

istBildiyiniz kimi Azərbaycanın inşaat sektorunun liderlərindən biri olan “Yeni Həyat” şirkəti Bakının bir çox yerlərində müasir yaşayış kompleksləri inşa edib.Hal-hazırda isə bu adlı-sanlı tikinti şirkəti Yasamal rayonunun ərazisində, Tbilisi prospektində ,Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən keçmiş 1 nömrəli taksi parkının 4 hektar ərazisində yeni yaşayış şəhərciyi salmaq istəyir.

Ancaq tikintiyə başlamaq üçün hər bir şey hazır olsa da, “İST Petrol” yanacaqdoldurma məntəqəsinin sahibləri tikintiyə imkan vermirlər.Buna səbəb yanacaqdoldurma məntəqəsinin tikiləcək şəhərciyin düz arxasında yerləşməsidir.Məhz buna görə də “İST Petrol” yanacaqdoldurma məntəqəsinin sahibləri “Yeni Həyat” şirkətinin rəhbərliyi ilə razılaşa bilmirlər.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə yaşayış yerinin çox yaxınlığında yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərə bilməz. Ancaq “İST Petrol”un rəhbərliyi bununla razılaşmır ,bu günəcən də yeni şəhərciyin salınmasına problemlər yaradırlar. Qafqaznews.az olaraq biz bu mübahisəli məsələyə hələ qayıdacağıq. Ancaq qeyd edək ki, “Yeni Həyat”kimi nəhəng şirkətlə baş-başa gələn “İST Petrol”un maraqlı tarixçəsi var . Bu şirkətin yaranması və böyüməsi tarixindən bəhs olunan məlumatlarda bir sıra ilginc detalların varlığını və onların oxucularda böyük maraq doğura biləcəyini nəzərə alaraq “İST Petrol” haqda bəzi qaranlıq məqamları oxucularımızla bölüşmək qərarına gəldik.

“Lotu” Bəxtiyardan Elman Qəmbərova qalan “imperiya”
“İST-Petrol” necə yarandı, necə böyüdü?
…1990-ci illərin əvvələrində “Azəravtonəqliyyat” Nazirliyinin ərazisində yanacaqdoldurma məntəqəsi yaradılıb. Yarandığı zaman həmin yanacaqdoldurma məntəqəsini mərhum kriminal avtoritet Lotu Bəxtiyarın adı ilə bağlasalar da, əslində oranın şəriklərindən biri keçmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov olub.

Lotu Bəxtiyar o zamanlar şirkətə ad seçərkən simvolik olaraq, “İST” – İlqar, Seymur, Teymur adlarının baş hərflərindən yararlanıb. Məqsəd isə o olub ki, Bəxtiyarın adı “İST Petrol”un üzərində olmasın. 1998- ci ildə Bəxtiyarın həbsxanada vəfatından sonra şirkətdə bir sıra maraqlı hadisələr yaşanıb.

“İST Petrol” un ortaqlarından olan Teymur daha “ağıllı” davranaraq, Bəxtiyarın ölümündən dərhal sonra özünə yeni “krışa” tapmağa qərar verib. Məmur dəstəyi olmadan işlərini davam etdirə bilməyəcəklərini anlayan Teymur bu yolla çıxış yolları tapmağa çalışıb.

Bu arada isə “İST Petrol”un ortaqları Ələt qəsəbəsində naxçıvanlı iş adamları ilə birlikdə şərikli yanacaqdoldurma məntəqəsi açıblar. Amma burada işləri istədikləri kimi alınmayıb. Naxçıvanlı biznesmenlər bu vəziyyətdən narazı qalıblar. Bundan ehtiyyat edən “İST Petrol”un ortaqları hətta gecələri belə yanacaqdoldurma məntəqəsində qalıblar, “Papanin”dəki dostlarından yardım alaraq, obyektlərini naxçıvanlı biznesmenlərdən qorumağa çalışıblar. Teymur isə məmur ortaq axtarışına davam etdirib və nəhayət, o zamanlar Elman Qəmbərovun idarəsində xidmət edən Seymur-Teymur qardaşlarının yeznələri, onları E.Qəmbərovla tanış edir. Bununla da, naxçıvanlı iş adamları tərəfindən” “İST Petrol” a olan təziq azalır. Naxçıvanlılar Teymurun yeni məmur ortağına hörmət etdiklərinə görə geri çəkiliblər.

Qeyd edək ki, həmin illərdə Elman Qəmbərovun qılıncının dalı da, qabağı da kəsib. O, vəzifədən olduğu müddət ərzində “İST Petrol” şirkətinə ciddi şəkildə himayədarlıq edib, şirkətə və onun işlərinə zərər gəlməsinə imkan verməyib.Daha bir maraqlı əhvalat nəql edən mənbənin sözlərinə görə, bir dəfə “Proqram” ləqəbli Namiq Orucov adlı şəxs içkili vəziyyətdə məntəqəyə gəlib və “Mercedes” markalı maşınına benzin almaq istəyib. Polis mayoru olan N.Orucov cavanlıqda incəsənət adamlarından biri olub. İçkili vəziyyətdə olan N.Orucov növbətçi rəisə xoş gəlməyib və ona deyib ki, özünü mayor kimi təqdim eləməsin, onun cavanlığı “manıs” olub.

Bu sözdən sonra isə “İST Petrol”da əbəyaxa dava baş verib. Obyektin xeyli şüşələri sındırılıb. N.Orucov isə “İST Petrol”un işçiləri tərəfindən əməlli- başlı döyülüb. Deyilənə görə, o zaman hadisədən sonra hətta idarə rəisi Elman Qəmbərov N.Orucova xəbərdarlıq edib.Qeyd edək ki, hazırda “İST Petrol”şirkətinin paytaxtda bir neçə yerdə məntəqələri var. Bu gün şirkətin Bakıda Zooparkın yanında, Xətai rayonunun Əhmədli qəsəbəsində və digər bir sıra yerlərdə məntəqələri fəaliyyət göstərir.Bildirilir ki, hazırda təqaüddə olan E.Qəmbərov “550” nömrəli maşınla “İST Petrol”un obyektlərini gəzir “İST” imperiyası ilə fərəhlənir. Məlumatlarda həmçinin qeyd edilir ki, şəhərdəki “550” nömrələrin demək olar ki, hamısı “İST Petrol”şirkətinin şəriklərinin, Seymur-Teymur qardaşlarınındır;“TT”, “LL”, “MM”, “BB” və hal hazırda “SS”“550” və s.

Nəzərinizə çatdıraq ki, E.Qəmbərovun biznesi təkcə yanacaqdoldurma məntəqələri ilə yekunlaşmır. Axırıncı iş yeri Müdafiə Nazirliyində məsləhətçi olan E.Qəmbərov MN-nin ət məhsullarının tenderlərini keçirmiş, şirkətlərə vasitəçilik edib. Ancaq Hindistandan gətirilən zebu ətlərinin MN-ə tenderlə verilməsinə şərait yaratdıqdan sonra onu cəzalandırıblar. Müdafiə Nazirliyi müqaviləni ləğv edib. Bununla da E.Qəmbərova külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, zebu camışın bir növüdür. Həmin heyvanlardan 1941-1945-ci illərdə Stalinin tapşırığı ilə Hindistandan gətirib, Rusiyanın müəyyən vilayətlərində saxlayırdılar və müharibədə ağır yaralanan xəstələrə yedirdirdilər ki, onların yaraları tez sağalsın.
Azərbaycanda da mərhum prezident Heydər Əliyevin əmri ilə cənub zonasında “Zebu” sortu camış saxlayırdılar ki, ermənilərlə döyüşdə yaralanan əsgərlərimizə o ətdən yedirtsinlər.

Lakin məsələ burdadır ki, E.Qəmbərov zebu camışlarının ətlərini dondurulmuş vəziyyətdə Hindistandan İran-Azərbaycan sərhəddinə gətirənə qədər, müdafiə naziri Səfər Əbiyev səlahiyyətli orqanlara gətirilən ətin zebu yox, zebra əti olduğunu bildirib. Beləliklə də, zebu ətləri Azərbaycana gəlib çıxıb. Bu prosesin ardından isə E.Qəmbərov istefa verib.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR