Etibar Əliyev: “Tarif Şurasının qərarı olmalıdır, özbaşına bunu edə bilməzlər”

e98c8ed0954cdd1b53187cabda29f3c4Modern.az saytı ali təhsil müəssisələrindən 2015-2016-cı tədris ilində təhsil haqlarını artırıb-artmayacağını öyrənməyə çalışıb. Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov yeni tədris ilində təhsil haqlarında cüzi miqdarda artımın olacağını qeyd edib: “Simvolik artım var, haradasa 100-200 manat arası olacaq. O da müəyyən dövrü tənzimləmələr üçündür, yəni kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım əsasən bakalavr pilləsində olacaq”. Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova isə bildirib ki, onlarda 2015-2016-cı tədris illərində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq. Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova da yeni tədris ilindən təhsil haqlarının əvvəlki kimi qalacağını və artım olmayacağını deyib. Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru Qasım Məmmədov yeni tədris ilindən artımın olacağını vurğulayıb: “Bakıda digər texniki universitetlərdən fərqli olaraq bizdə təhsil haqları hər zaman aşağı olub. Təhsilin keyfiyyəti yüksək, təhsil haqqı isə aşağı. Ona görə biz yeni tədris ilindən təhsil haqlarını artıracağıq. Təhsil haqları təxminən 1600-1800 manat civarında olacaq”.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2015-2016-cı tədris ilində təhsil haqlarının artırılması nəzərdə tutulmur.:“Hazırda bütün fakültələrdə təhsil haqqı 1320 manat civarındadır və yeni tədris ilindən təhsil haqları elə bu məbləğdə də qalacaq”. Qafqaz Universitetinin prorektoru Natiq Paşa təhsil haqlarının keçən ilki kimi qalacağını deyib:“Təhsil haqlarında qiymətlər keçən ilki kimi qalacaq, artım olmayacaq”. Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, onlarda da təhsil haqlarında artım gözlənilmir: “Biz artıq universitetimizdə fakültələr üzrə yeni qəbulu çap etdirmişik, təhsil haqlarında artım olmayacaq”. Bakı Slavyan Universitetinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda yeni tədris ilindən artımla bağlı qərar yalnız Təhsil Nazirliyindən bu haqda məlumat gəldikdən sonra ola bilər: “Nazirlikdən təhsil haqlarının artması ilə bağlı qərar gələrsə, artım olacaq”. Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələ ilə bağlı suallarımıza cavab tapmaq üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bizə yazılı müraciət etməyimizi xahiş etdi.

Müxbirimizin “Bəzi universitetlərdən təhsil haqların qaldırılacağı ilə bağlı məlumat yayılıb. Bilmək istəyirdik ki, Təhsil nazirliyindən xəbərsiz universitetlər özləri təhsil haqlarının qaldırmağa ixtiyarları var? Əgər ixtiyarları yoxdursa, bu universitetlər hansı əsasla Təhsil nazirliyindən xəbərsiz təhsil haqlarını artırır və Təhsil nazirliyi bununla bağlı hər hansı tədbir görəcək?” yazılı müraciətinə təhsil nazirliyindən belə cavab gəldi: “Ayrı-ayrı ixtisaslar üzrə təhsil haqqının müəyyənləşdirilməsi ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Bu zaman onlar mütəxəssis hazırlığına çəkilən xərcləri və ixtisasa tələbatı əsas götürürlər”. Belə olan halda müxbirimiz digər sualla müraciət edib: “Bir sıra ali məktəblər qeyd ediblər ki,Təhsil nazirliyindən gələn qərarı gözləyirlər,yalnız ondan sonra təhsil haqlarında artım müşahidə oluna bilər. Bunlar niyə sizdən gələn qərarı gözləyir, yəni özləri artım eləmirlər və ya artım olan universitetlər niyə sizdən gələn qərarı gözləmir?” Bu suala cavab almaq üçün uzun müddət gözləsək də Təhsil nazirliyindən cavab gəlmədi. Yenidən mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə əlaqə saxladıqda isə zəngimizə cavab vermədi. Bu məsələ ilə əlaqədar XXI əsr təhsil mərkəzinin rəhbəri Etibar Əliyev ilə əlaqə saxladıq. “Onlar birbaşa qiyməti artıra bilməzlər. Tarif Şurasının qərarı olmalıdır. Özbaşına bunu edə bilməzlər. Ali məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində dəyişiklik yaranarsa, onlar müraciət edə bilərlər. Yalnız bütün dünyada bu halda təhsil haqqı yüksəldilə bilər”-deyə Etibar Əliyev cavab verdi.

 Araz Məmmədov

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR