Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Bərat Albayraqla TBMM sədri İsmət Yılmaz arasında qalmaqal baş verib.
Axar.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, İsmət Yılmaz Ankaradakı Əsənboğa hava limanından Prezident Ərdoğanı Çinə yola salıb. İstanbula səfər etməyi planlaşdıran Yılmaz təyyarəsini gözləmək üçün prezident, TBMM sədri və baş nazir üçün nəzərdə tutulmuş xüsusi otağa gedib.
Lakin prezidentin mühafizə alayının əməkdaşları İsmət Yılmazı içəri buraxmayıblar. Onlar parlament sədrini “Bərat Albayraqın xüsusi görüşü var”, sözləri ilə yola salıblar.
Bu sözlərdən sonra Yılmaz hava limanındakı başqa otaqlardan birinə gedib.
Ərdoğanın kürəkəninin yalnız prezident, baş nazir və TBMM sədri üçün nəzərdə tutulmuş otağa necə girməsi isə ölkədə səs-küyə səbəb olub.
Qeyd edək ki, Albayraq Ərdoğanın qızı Əsra Ərdoğanla evlidir.