Müştərilərin narazılığı isə günbəgün artır
Azərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hal alıb. Bununla bağlı uzun müddətdir ki, mediada məlumatlar yayılıb. Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır. Fikirləşirlər ki, bəlkə nə vaxtsa operatorlar insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəssüflər olsun ki, bu qədər şikayətin olmasına baxmayaraq operatorlar da olan nöqsanları aradan qaldırmır. Şikayətləri nəzərə alaraq vətəndaşlara daha yaxşı xidmət göstərib şikayəti azaltmaq əvəzinə əksinə şikayətlər günü- gündən artır. Biz də qafqaznews.az olaraq bu məsələ ilə bağlı dəfələrlə vətəndaşların şikayətini dərc eləmişik. Müştərilərin ən çox rastlaşdığı problem yalançı mesajlarla balansdan pulların silinməsidir. Bununla yanaşı qiymətlərin həddindən artıq baha olması, lazımsız yerlərə pulların silinməsi, balansa kontur yüklənən zaman balansda qalan son qəpiklərin silinməsi, internet sürətinin zəif olması, data kart istifadəçilərinin başına açılan oyunlar və s. Bir çox misallar çəkmək olar. İndi isə Bakcell şirkətinin korporativ müştərilərinə yaratdığı probemlərdən söhbət açacağıq. Yəni ki, mobil operatorlar təkcə fərdi müştərilərə yox korporativ müştərilər üçün də xeyli problemlər yaradırlar. Bildiyimiz kimi mobil operatorlar korporativ müştərilər üçün xüsusi “şişirdilmiş yalançı” xidmətlər təklif edərək şirkətləri əməkdaşlığa dəvət edirlər. Guya yaxşı xidmətləri var deyərək yalandan müştəriləri dəvət edirlər, ancaq xidmət çox bərbad olur. Müştərilər isə bunu yalnız əməkdaşlıq eləməyə başlayandan bir neçə müddət sonra hiss edir. Bu problemlə biz də Qafqaznews.az olaraq dəfələrlə rastlaşmışıq. İndi isə növbəti bir problem Bakcell şirkətinin yaratdığı yeni sistemdir.
Əvvəllər “Bakcell” şirkətinin “GoldService” adlı bir sistemlə fəaliyyət göstərərək bizə bu sistem vasitəsilə xidmət edirdilər. Yəni, şirkətə aid nömrələrlə bağlı hesab fakturaları bu sistem vasitəsilə göndərilirdi, biz də öz növbəmizdə bu sistem vasitəsilə sorğu suallarımızı bildirirdik . Ancaq bir neçə ay öncə Bakcell şirkəti yeni “TrackStudio” adlı bir sistem yaratdı və öz müştərilərini inandırmağa çalışdı ki bu sistem digər sistemdən daha effektli və daha asandır. Ancaq bu sistem fəaliyyətə başlayan gündən bizə problem yaratmaqda davam edirlər. Əvvəlki sistem vasitəsilə bizə lazım olan məlumatı almaq üçün ya da hansısa nömrəni aktiv, deaktiv və ya hesab fakturasını öyrənmək üçün bir mesaj yazmaqla kifayətlənirdik və cavab alırdıq.İndi isə, bu yeni sistem vasitəsilə bizə göndərdikləri sistemə login- parol vasitəsilə daxil olmalıyıq və bir neçə mərhələ keçdikdən sonra sorğu -sual haqda yazmalıyıq.
Yəni əvvəlki sistemdə lazım olan vaxtdan qat -qat daha çox vaxt sərf eləmək lazımdır ki, bu sistemlə məlumatı “Bakcell” şirkətinə çatdıra biləsən. Yeni sistem vasitəsilə göndərilən mesajlara isə bir gün sonra cavab yazılır ,onda da yazırlar ki, hansısa bir əməliyyatı düzgün aparmadığımızı, ya da sorğunu dəqiq şəkildə yazmadığımızı qeyd edərək sorğunu yenidən göndərməyimizi istəyirlər.
Sorğunu yenidən göndərdikdə isə yenə bir gün, ya da bir neçə gün cavab gözləməli oluruq. Bəzən isə nömrələrə limitdən artıq borc göndərildikdə bunun nə ilə əlaqədar olduğunu öyrənmək üçün sorğu göndərdikdə sabahsı günə ancaq cavab verirlər ki,onda da sorğuya aydınlıq əvəzinə başqa bir borc yazıb bizə göndərirlər. Yəni bir nömrə üçün bir gün bir məbləğ sabahsı gün isə başqa bir məbləğdə borcu olduğunu qeyd edirlər. Köhnə sistem hər ayın əvvəlində hesab fakturanı göndərirdi, biz də borcumuzu ödəyirdik, heç bir çətinlikdə çəkmirdik və bütün günümüzü ayırıb yazışmağa da ehtiyac olmurdu.
İndi isə əvvəlki sistem vasitəsilə bir neçə dəqiqə ərzində göstərilən xidməti bu sistemlə bir neçə gün yazışdıqdan sonra ancaq istəyə nail olmaq olur. Bəzən isə bir neçə gün gözləsək də göndərilən sorğulara cavab vermirlər. Hətta bu ayın əvvəlində bir neçə nömrənin borcunun niyə limitdən çox göndərilməsi ilə əlaqədar dəfələrlə sorğu göndərmişik.
Göndərilən sorğuya isə növbəti gün cavab olaraq “sizin sorğunuzu aidiyyatı şöbəyə yönləndirmişik” deyirlər. Artıq növbəti ay gəlir ,ancaq ötən ayın problemlərini aradan qaldırmayıblar ,sorğular cavabsızdır. Burdan belə aydın olur ki, Bakcell şirkəti müştərinin yox, öz rahatlığını güdür ancaq. Çünki, yeni yaratdığı sistem Bakcell şirkətinin işini asanlaşdırdı, müştəriyə isə problemdən başqa heçnə vermədi.
Sənan Məmmədli
Qafqaznews.az